Çinin Şanxay şəhərində istifadəyə verilən ilk “ağıllı” robot meqapolisin turistlər arasında ən populyar marşrut xəttində sərnişinlərə məlumat vərəqələri paylamağa başlayıb.
Lent.az yerli “Shine” agentliyinə istinadən xəbər verir ki, robot 49 nömrəli marşrut avtobusun dayanacaqlarından birində yerləşdirilib.
Hündürlüyü 1 metr olan robot avtobus konduktorunun uniforması rəngində rənglənib, robotun üz hissəsində isə qoruyucu tibbi maska var.
Robot səsli rejimdə sərnişinlərlə ünsiyyət saxlaya bilir, başa toxunuşa isə reaksiya olaraq sorğu üzrə məlumat vərəqələrinin verilməsi rejimini aktivləşdirir. Robot sınaq rejimində avtobusun hərəkət marşrutu və hava proqnozu barədə məlumat verir.
Robot bütün informasiyanı yalnız səsləndirmir, həm də mətn şəklində ekrana çıxarır. Sorğu üzrə əlavə məlumatların əldə edilməsi üçün robot yaxınlıqdakı “Wi-Fi” giriş nöqtələrinə qoşula bilir.