Nazirlər Kabineti əsgərlərin qida rasionunda nələri dəyişdi? - ARAYIŞ
11 yanvar 2013 16:29 (UTC +04:00)

Nazirlər Kabineti əsgərlərin qida rasionunda nələri dəyişdi? - ARAYIŞ

Nazirlər Kabineti Silahlı Qüvvələr və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarını təsdiq edib.

 

Lent.az-ın məlumatına görə, indiyədək Silahlı Qüvvələrdə hərbçilərin qidalanması 1992-ci ildə təsdiq olunmuş ümumqoşun ərzaq payı normaları əsasında həyata keçirilib. Yeni normalarda bir sıra dəyişikliklər yer alır. Siyahıda əsgərin gündəlik qidalanması üçün müəyyən edilmiş qida məhsullarının sayı 28-dən 24-ə endirilib. Bəzi qidalar üzrə normalar artırılıb.

Lent.az dəyişiklikləri təqdim edir.

 

Dəyişikliklə əsərin qidalarından kəpəksiz çovdar unu ilə 1-ci növ buğda unu qarışığından çörək, meyvə və giləmeyvə cövhərli kisel konsentratı, əridilmiş heyvani yağlar və marqarin çıxarılıb. Yeni normativə əsasən 1 nəfər üçün günlük ərzaq normasında 1-ci növ buğda unundan bişirilmiş ağ çörəyin çəkisi 200 qram artırılaraq 600 qram, ətin miqdarı isə 50 qram artırılaraq 250 qram, bitki yağı 20 qram artırılaraq 40 qram, təbii meyvə şirələrinin miqdarı isə iki dəfə artırılaraq 100 qram müəyyənləşdirilib. Bununla yanaşı əsgərin günlük qidasına daxil olan 2-ci növ buğda unundan bişirilmiş çörəyin çəkisi 10 qram olaraq saxlanılıb.

Əsgərin rasionunda yer alan kartof və digər tərəvəzin çəkisi isə 50 qram azaldılaraq 850 qrama endirilib. Burada azalma əsasən kartofun miqdarında olub – 50 qram. Həmçinin quru meyvələrin adambaşına düşən günlük miqdarı yarıbayarı azaldılaraq 10 qrama endirilib.

 

Siyahıya pendir və cem əlavə olunub. Bundan sonra hərbçilərə gün ərzində 20 qram pendir, 20 qram cem (povidlo) verilməlidir. Eyni zamanda əvvəllər hər bir əsgərə həftə ərzində 4 yumurta verildiyi halda indi bu rəqəm gündə bir ədəd olmaqla, həftədə 7 yumurtaya çatdırılıb.

Günlük rasiona daxil olan müxtəlif növ yarmalar (120 qram), makaron məmulatları (40 qram), balıq (120 qram), kərə yağı (30 qram), üzlü süd (100 qram), şəkər (70 qram), xörək duzu (20 qram), çay (2 qram), müxtəlif ədviyyat (istiot, sarıkök, zəfəran və s) (0,3 qram), xardal tozu (0,3 qram), dəfnə yarpağı və ya qurudulmuş göyərtinin miqdarı (0,3), sirkə və müxtəlif souslar (2 qram), tomat pastası (6 qram), “Heksavit” vitamin preparatının (1 ədəd) miqdarı dəyişməyib.

 

Qaydalara əsasən döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara əlavə olaraq 15 qr. kərə yağı, 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, 15 qr. kərə yağı və 1500 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, 15 qr. kərə yağı, 20 qr. qatılaşdırılmış şəkərli süd, daimi olaraq aerodromlarda, poliqonlarda, texniki və start mövqelərində uçuş aparatlarına bilavasitə xidmət edən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 50 qr. ət və 20 qr. Pendir, təmənnasız qan verən donorlara (qan verdikləri gün) 45 qr. şokolad, 200 qr. təbii meyvə və giləmeyvə şirəsi, 50 qr. Peçenye, ionlaşdırıcı şüalanmaların orqanizmə təsiri şəraitində və tərkibində zəhərli komponentlər olan yanacaqla işləyən hərbi qulluqçulara 50 qr. ət, 30 qr. kərə yağı, 100 qr. inək südü və 20 qr. pendir verilməlidir. Həmçinin iş günü hesab olunmayan bayram günlərində hərbi qulluqçulara normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı verilməsi nəzərdə tutulur.

 

Başqa bir maraqlı əlavə isə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailələrinə veriləcək birdəfəlik maddi yardımla bağlıdır. Belə Ki, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik yardım olaraq 45-50 kq. düyü, 45-50 kq. şəkər tozu, 3 kq. çay, 20-25 kq. kərə yağı və 45-50 kq. 1-ci növ un verilməlidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4149

Oxşar yazılar