İnsanlar onun toruna necə düşürlər? – PİRAMİDA DƏLƏDUZLUĞU
01 oktyabr 2024 14:08 (UTC +04:00)

İnsanlar onun toruna necə düşürlər? – PİRAMİDA DƏLƏDUZLUĞU

Uzun illərdir ki, asan qazanc növü kimi insanlara müxtəlif adlarla təqdim olunan “piramida” dələduzluq növü bütün dünyada milyonlarla insanın külli miqdarda vəsaitinin mənimsənilməsi ilə nəticələnir.

Son dövrlər sosial şəbəkələrdə maliyyə piramidası yaradaraq vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirən dəstələrin ifşa olunması barədə xəbərlərə rast gəlirik. Piramida oyunlarından zərərçəkən Azərbaycan vətəndaşlarının sayı isə həddən artıq çoxdur.

Elə bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən “Tost” və “farmaniya.com” piramida sistemi ifşa edildi.

Məlumatda qeyd olunurdu ki, yatırım saytı adı ilə fəaliyyət göstərən “farmaniya.com”un vətəndaşların pul vəsaitlərinin ələ keçirməsi barədə çoxsaylı şikayətlər daxil olub. Daxil olan şikayətlər əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini 18 yaşlı Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.

H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub.

Maraqlıdır, maliyyə piramidaları necə yaranır? İnsanlar bu “piramida toruna” necə düşürlər?

Lent.az araşdırmasında məlum olub ki, piramida dələduzluq sistemi, eyni zamanda "Ponzi sxemi" və ya "piramida sxemi" kimi də tanınır və maliyyə fırıldaqçılığıdır.

Charles Ponzi tərəfindən qurulan, ABŞ-da 1900-cı illərin erkən zamanlarında az vaxtda yüksək gəlir vəd edən dələduz piramida üsuludur. Bu sistemlərdə və piramidalarda ilk yatırımçıların pul qazanması mümkündür. Amma sonda təbii ki, bitməlidir. Heç bir biznes qoşulduğunuz pulun iki qatı qədər gəlir verə bilməz.

Azərbaycanda da məşhur olan maliyyə piramidaları “ponzi dələduzluq sisteminə” əsaslanır. Bu sistemin əsas məqsədi investorları cəlb etmək və onların pulunu əvvəlki iştirakçılara ödəməklə qazanc təmin etməkdir. Burada əsas gəlir mənbəyi real investisiyalar və ya məhsullar deyil, yeni üzvlərin cəlb etdiyi maliyyə vəsaitləridir.

Piramida sisteminin yaranması

İlk təşəbbüskar: Piramida dələduzluq sxemi adətən bir şəxs və ya qrup tərəfindən yaradılır. Onlar insanlara yüksək vədlərlə qısa zamanda böyük gəlir təmin edəcəklərini vəd edirlər. Əslində, heç bir real biznes və ya investisiya yoxdur.

İlk investorlar: Sistemə erkən qoşulan şəxslər yatırdıqları məbləği qismən və ya tam geri alır və hətta müəyyən qazanc əldə edirlər. Bu da sistemin etibarlı olduğuna dair yanlış təəssürat yaradır. Bu qazanc əslində sonradan qoşulan insanların verdiyi pullardan təmin edilir.

Yeni iştirakçıların cəlb edilməsi: Daha çox insan cəlb etmək üçün erkən investorlar təbliğat aparır. Sistemə daxil olan hər yeni üzvün qoyduğu pul əvvəlki iştirakçıların qazancına çevrilir. Sistem isə yeni üzvlərin davamlı olaraq cəlb olunmasına əsaslanır.

Böyümə mərhələsi: Piramida sistemi böyüdükcə daha çox insan cəlb olunur və yeni gələnlərdən toplanan pullar əvvəlkilərə ödənilir. Sistem hər dəfə daha çox yeni üzvlərə ehtiyac duyur, çünki qazanc ancaq yeni yatırılan pullarla təmin edilir.

Qəza nöqtəsi: Sistem özünə yeni üzvlər cəlb edə bilmədikdə və ya iştirakçıların çoxu pullarını geri çəkmək istədikdə çökməyə başlayır. Piramida daha da irəlilədikcə, yeni üzvlərin çatışmazlığı nəticəsində ödəmələr dayandırılır və insanlar pullarını itirir.

Ümumilikdə, sistemin işləmə mexanizmi bəsit formada bu cürdür:

İlk olaraq, şirkət sizə pul qoymağınız müqabilində müəyyən faizlə artıq gəlir təklif edir. Tək şərt özünüzlə bərabər başqalarını da gətirməkdir. Siz pulu qoyursunuz, sizə vəd edilən yüksək faiz isə gətirdiyiniz insanların qoyduğu pulla ödənilir. Onların faizləri isə gətirdikləri adamların... və beləcə davam edir. Əslində, model gəlirlidir və uzun müddətdə böyük pullar qazanmaq mümkündür.

Lakin piramida sisteminin bir problemi var:

İnsanların sayı limitlidir. Yəni bir müddət sonra, ölkədəki, hətta dünyadakı hər kəs sistemə daxil olsa belə, bir yerdə dayanacaq və gəlir kəsiləcək. Son gələnlərin vəd olunan faizi ödənilə bilməyəcək. Yəni, pul qoyan şəxs hər səfər məbləği yüksəldir. Nəticədə yüksək gəlir götürür. Amma, rəqəm ən pik həddə çatanda sistem çökür. Qoyulan yüksək məbləğ də geri qaytarılmır.

Bəs, TOST piramida sistemi nədir?

TOST piramida sistemi, əslində bir növ maliyyə dələduzluğudur və piramida sxemi adlanan bir fırıldaqçılıq modelinə bənzəyir. Piramida sxemi, bir sıra insanların digər iştirakçıları cəlb etməklə gəlir əldə etdiyi bir maliyyə sxemidir. Bu sistemlər dələduzluq məqsədi ilə qurulur və adətən qanunsuzdur.

TOST sistemi necə yaranıb?

TOST piramida sistemi, təxminən digər piramida sxemləri kimi işləyir. Əsas prinsip odur ki, sistemə yeni iştirakçılar cəlb edilir, onların ödənişləri isə əvvəlki iştirakçılara verilir. Birincilərdə gəlir yüksək olur, ancaq sonradan sistem çökür, çünki yeni iştirakçılar tapmaq getdikcə çətinləşir.

İlk mərhələ: Sxemin yaradıcısı, insanlara kiçik məbləğlər qoyaraq böyük gəlir əldə etməyi vəd edir.

Yeni iştirakçıların cəlb edilməsi: İnsanlar, başqalarını sistemə cəlb etmək şərtilə gəlir əldə edirlər.

Ödəniş axını: Yeni iştirakçıların gətirdiyi pul, əvvəlki iştirakçılara verilərək onları sistemdə qalmağa və daha çox insan cəlb etməyə təşviq edir.

Çökmə: Sistem təzə iştirakçılar tapmaqda çətinlik çəkir və nəhayət, sxem çökür, çünki ödənişlər dayandırılır və çox insan maliyyə itirir.

Burada da çökmə məsələsi yuxarıda qeyd etdiyimiz kimidir. İlk başda qoyduğunuz az məbləği yüksək gəlirlə əvəz edirsiniz. Daha çox qazanmaq üçün yüksək miqdarda pul qoymağa həvəslənirsiniz. Məbləğ pik həddə çatanda sxem pulu qaytara bilmir və çökür. Qoyulan pullar da orda itir.

Bu sistemdə insanları necə aldadır?

Yüksək gəlir vədləri: İnsanlar qısa müddətdə böyük məbləğdə pul qazanacaqlarını düşünürlər.

Çox qazanmaq üçün insan cəlb etmək şərti: İştirakçılardan dostlarını və ya ailə üzvlərini sistemə cəlb etmək tələb olunur.

Qanuni kimi təqdim edilmə: TOST piramida sistemləri bəzən qanuni bir biznes kimi göstərilir. Adətən süni investisiya, ticarət və ya təlim proqramları kimi təqdim olunur.

Gizli şərtlər: İnsanlar sistemin əsl mexanizmini başa düşmür, çünki piramida sistemi qarışıq maliyyə terminləri ilə gizlədilir.

Qeyd edək ki, Ponzi sistemlərində, maliyyə fırıldağı sistemləri subyektlərinə Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) 193-1-ci cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, 178-ci (dələduzluq) və vergidən yayınma cinayətlərinə görə məsuliyyətə cəlb edilə bilərlər.

Məsələ ilə bağlı Lent.az Daxili İşlər Nazirliyinə müraciət edib. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, son aylar bu barədə nazirliyə çoxlu sayda şikayətlər gəlir:

“Son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən bir çox maliyyə piramidalarında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə polis orqanlarına şikayətlər daxil olur.

Daxil olan hər bir müraciətə həssaslıqla yanaşılaraq polis əməkdaşları tərəfindən həmin şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirilir.

Vətəndaşlarımızı onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərini təşkil edən şəxslərə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən tətbiqlərə inanmamağa çağırırıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Fidan İlqar

Oxşar yazılar