Dubay hökmdarının gələcək kürəkəni, reper Frenç Montana səs-küylü məhkəmə qalmaqalının mərkəzinə düşüb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, isveçrəli biznesmen reperə qarşı 1 milyon ABŞ dolları məbləğində iddia qaldıraraq onu dələduzluqda və dəbdəbəli saatların oğurlanmasında ittiham edib.
İddia ərizəsinə əsasən, iddiaçılar Custo Obiang və Samir Gato Montananın onlardan Paris Moda həftəsi üçün bahalı saatlar götürdüyünü, lakin geri qaytarmadığını bildirirlər.
Məhkəmə materiallarına görə, hər şey 2024-cü ildə əsl adı Karim Harbush olan reper Misirdə biznesmenlərlə yenidən görüşəndə başlayıb. Guya saatların dəyişdirilməsindən imtina edildikdən sonra Montana həmin saatları 30 günlüyə borc istəyəndə əvəzində dəyəri 1 milyon dollar olan öz saatlarını girov kimi təklif edib. Lakin iddiaçılar bildirirlər ki, Montana onların orijinal saatlarını heç vaxt qaytarmayıb, girov qoyduğu saatlar isə saxta çıxıb.
İddiada reper “ədalətsiz şəkildə varlanma”da və “yad əmlakı mənimsəmə”də ittiham olunur və ən azı 1 milyon dollar zərərin ödənilməsi tələb edilir. Montananın vəkili Stiv Haddad ittihamları qəti şəkildə rədd edərək bildirib ki, onun müştərisi qarşı iddia qaldırmağa hazırlaşır. Haddadın sözlərinə görə, isveçrəlilərin saatları reper tərəfindən müvəqqəti borc kimi deyil, Misirdə keçirilən reklam tədbirləri üçün ödəniş kimi qəbul edilib.
Xatırladaq ki, bu ilin sentyabrında Dubay hökmdarının qızı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun 31 yaşlı qızı Şeyxa Mahra reperlə nişanlanıb.
TMZ-nin məlumatına görə, evlilik təklifi Paris Moda Həftəsi zamanı baş tutub həmin ərəfədə reper 3.Paradis kolleksiyasının nümayişində model kimi podiuma çıxıb.