ABŞ-da qadın qızı güllələyib və onu yalan ifadə verməyə məcbur edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Merilend ştatından olan Talekah Braun 13 yaşlı qızını öldürməyə cəhddə və silahdan istifadə etməkdə ittiham olunub. 32 yaşlı qadının əvvəlcə qızı güllələdiyi, sonra isə onu hadisə ilə bağlı yalan danışmağa məcbur etdiyi məlum olub.
Boynundan güllə yarası alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Zərərçəkənin yerli xəstəxanada vəziyyətinin ağır olduğu bildirilir. Polisin dediyinə görə, o, əvvəlcə küçədə yaşayan bir adamın məsuliyyət daşıdığını iddia edib.
Lakin qız daha sonra bildirib ki, məktəbdən evə qayıdarkən anası ilə mübahisə edib. Bu zaman valideyn qızını pilləkənlərlə enərkən güllələyib.
Braun hazırda həbsdədir. Qeyd olunur ki, qadın həbsxanadan zəng edərək yenidən qızına təsir göstərməyə çalışıb. İstintaq davam edir.