Vüqar Qurdqanlı adlı feysbuk istifadəçisi dünən axşam saat 22:00 radələrindən 1 saylı Şəhər Kliniki Xəstəxanasından (Semaşko) maşının ön kamerasının çəkdiyi video paylaşıb. Videoda görünür ki, sürünərək xəstəxananın binasına yaxınlaşan xəstəyə yardım edilmir. V. Qurdqanlı paylaşdığı videoya belə bir şərh verib: “Videoda Azərbaycan səhiyyə sisteminin iç üzü ortaya çıxıb. Kim olduğu bilinməyən şəxs yerdə sürünərək xəstəxanaya gəlir. Xəstəxanada isə onu adam yerinə qoymurlar. Mühafizəçi deyir ki, o bomjdur. Həkimlər isə ciblərinin boş olduğuna əmin olduqlarından yaxın durmurlar”.
Məsələ ilə bağlı 1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkimi Sabiq Hüseynzadə ilə əlaqə saxladıq. Hadisəni araşdıran baş həkim, həmin şəxsin içki aludəçisi olduğunu deyir: “Dəfələrlə xəstəxanada müalicə alıb. Yardım olunur, özünə gələn kimi çıxıb gedir. 3 saatdan sonra bir də gəlir. Kefi istəyəndə gedib-gəlir. Hər dəfə gələndə nə yardım lazımdırsa, olunur. İçkinin təsiri gedən kimi gedir.
Heç kim onu çölə atmayıb. Ən azından birinci mərtəbədə palata var. Qoyurlar ora. Yatır. Tam ayılanda çıxıb gedir”.