Vatikana gedən "Kürdəmir", Kremlin bəzəyi, xəzinə axtaranlar - YURD YERİNDƏ BİR GÜN
07 yanvar 2022 20:15 (UTC +04:00)

Vatikana gedən "Kürdəmir", Kremlin bəzəyi, xəzinə axtaranlar - YURD YERİNDƏ BİR GÜN

...Sovetin əfsanəvi “Görüş yerini dəyişmək olmaz” filmi yadınızdadırmı? Kapitan Jeqlov Şarapovla birgə müharibədən təzə çıxmış SSRİ-nin paytaxtı Moskvada cinayətkarlığa qarşı mübarizə aparırlar. Budur, növbəti cinayət baş verib. Hər ikisi, qətlə yetirilən Larisa Qruzdevanın evində bağlı araşdırma apararkən bir məqama rast gəlirlər. Evdəki stolun üstündəki əşyaları nəzərdən keçirərkən Jeqlov dillənir:

“Demək, 750 qramlıq şüşədə qırmızı Azərbaycan çaxırı, “Kürdəmir”. 

İndiki reallıqlardan çıxış etsək, bu, əməlli reklam sayılmalıdı. Çünki bu filmə on milyonlarla sovet insanı baxmışdı. Və ildə azı bir-iki dəfə mütləq ekranlarda görünürdü. Əslində, bu təsadüfi də deyildi. “Kürdəmir” şərabı nəinki adi insanların, Kremlin, Vatikanın rahiblərinin belə sevimli içkisi idi. Sovetlər dövründə bu şərab İtaliyaya ixrac edilirdi. Və ölkəyə böyük valyuta gətirirdi. Amma əsas mövzumuz “Kürdəmir” şərabı deyil. Yox, danışacağıq, amma bir azdan... 

Hələliksə, Kürdəmirdəyik. Dekabrın soyuğu bu Aran rayonunda da az qala sümüklərimizi sızladır.

Dostumuz Nizam deyir ki, Kürdəmirdən yazası olsan, nə qədər desən mövzu tapacaqsan. Haqlıdır. Kürdəmir, hə, ölkənin bu başından o başına gedəndə yolda bir hovur dincəlib çay içib, çörək yediyimiz bu YURD YERİ sizdə ilan mələyən çöllər, yayda istinin az qala adamı boğub sonuna çıxdığı bir yer təsiri bağışlamasın. 
Kürdəmir pambıq da demək deyil, heç  90-cı illərin brendinə çevrilmiş “Bığ” restoranı da. Kürdəmir Şeyx Şamilin müəllimi İsmayıl Siracəddin Şirvaninin, Osmanlı imperatorluğunun baş vəziri olmuş Rüşdi Paşa Şirvanzadənin vətənidir. 

ADR parlamentinin deputatı olmuş Mustafa Mahmudovun yurdudur. Aşıq Şakirin, Aşıq Əhmədin, dünya şöhrətli balabançı Həsrət Hüseynovun , Eynulla Cəbrayılovun ayaq açdığı yerdir. Kürdəmir Sovet İttifaqı qəhrəmanı Məmiş Abdullayevin doğulduğu torpaqdır. O Məmiş ki, 22 yaşındayəkən almanlarla döyüşlərin birində onlarla düşmən əsgər və zabitini şəxsən məhv etmişdi.

Kürdəmir bu cür və adını yazmadığımız neçə insanın vətən deyə çağırdığı məkandı. Bura həm də Azərbaycan tarixinin bir hissəsidir. Kürdəmir deyib keçməyin yəni. 
Yadımdadı ,Xalq Hərəkatı zamanı, yarı-zarafat belə bir söhbət də yayılmışdı. Kürdəmir adını dəyişib, Türkəmir qoymaq lazımdı.

Amma tarix, hə Kürdəmirin tarixin sübut edir ki, kürd sözünün bu rayona heç bir dəxli yoxdu...

Kürdəmir 1747-ci ildə Nadir şahın Azərbaycanda ölümündən sonra yaranan Şirvan xanlığının tərkibində olan Bölükət mahalının kəndlərindən biri olub. Şirvan xanlığı 1821-ci ildə 17 mahaldan ibarət idi. Bölükət isə ən böyük mahallardan biri olmaqla müasir Ağsu və Kürdəmir rayonlarının xeyli hissəsini əhatə edib. Kürdəmir 1821-ci ildə Bölükət mahalına daxil olan 10 kənddən biri olub. O zaman Kürdəmirdə 108 ailə yaşayıb.

Hə, onu da qeyd edək ki, Kürdəmir kəndi 1801-1825-ci illərdə Mustafa xanın həyat yoldaşı Fatma bəyimə məxsus olub. Toponomik baxımdan Kürdəmir sözünün Kürün dəymədiyi yer kimi formalaşması ehtimalı daha düzgündür və bu versiya yerli əhali tərəfindən daha çox qəbul ediləndir. 1930-cu ildə təşkil olunmuş rayon ərazisində iki arxeoloji abidə dövlət qeydiyyatına götürülüb. Hazırda həmin abidələrdən biri rayonun Ərəbqubalı kəndi ərazisində yerləşən “Şəhərgah”dır. İkinci abidə isə Sığırlı kəndinin şimal tərəfindəki qəbiristanlıq ərazisində yerləşir və “Qaratəpə" adlanır. 

Rus istilasından sonra çarizm bütün müstəmləkə yerlərində olduğu kimi bu ərazilərə də öz mədəniyyətini, adət-və ənənələrini gətirdilər. 1881-ci il fevralın 9-da Kürdəmirdə Şirvanda ilk dünyəvi ibtidai məktəb açılır. 1883-cü ildə Bakı-Tiflis dəmir yolu istifadəyə veriləndən sonra stansiyalardan biri Kürdəmir adlanır. Həmin vaxt Kürdəmir stansiyası belə görünürdü.

O dövrdə stansiyanın yaxınlığında ərazini suyla təmin etmək üçün böyük su qülləsi də tikilmişdi. Fotoda gördüyünüz bu tikilinin yaşı 130 ili keçir.

Bir maraqlı fakt. Kürdəmirin Karrar kəndində Bakı-Batumi neft kəmərinin 20-ci əsrin əvvəlində tikilmiş nasosxana binası da var.

Bu bina özəlləşdirilib. Amma nə məqsədlə istifadə olunduğu bəlli deyil. 

Yuxarıda qeyd etdik axı, çar istilasından sonra rəsmi Peterburq əyalətlərə öz mədəniyyətlərini də gətirib çıxarmışdı. Bunlardan biri də şərabçılıq idi. 
Həmsöhbətimiz Valeh Əliyev Lent.az-a deyir ki, Kürdəmir ərazisində ilk şərab zavodu lap sonralar, sovetlərin ilk dönəmində, daha dəqiqi 1927-ci ildə tikilib. Kərrar kəndində tikilmiş spirt zavodunun yaşı isə 120-dən çoxdur. Ondan əvvəl isə rus çarı Fransada “Beni Karlo” adlı üzüm sortunun bölgədə tapılmasına və ondan şərab hazırlanmasına dair göstəriş vermişdi”. 

Tanınmış şərab mütəxəssisi Dolqanov və Dubinin Rusiyanın cənubunda və Qafqazda dünyanın ən tanınmış üzüm sortlarından olan “Beni Karlo” və San Rafael keyfiyyətində və dadında üzüm sortu axtarır. Azərbaycanın da bölgələrini gəzir, ancaq həmin sortu tapmır. Deyilənə görə, geri qayıdarkən Kürdəmirdə dəmiryolu stansiyasında bir qadından üzüm alıb vaqona əyləşir. Bir giləsini ağzına atan kimi “tapdım, tapdım” qışqıraraq vaqondan düşüb qadının arxasınca qaçır. Qadın bunu görüb qorxur və o da qaçmağa başlayır. Nəhayət, Dolqanov qadına çatır və üzümü hardan aldığını soruşur. Sən demə, üzümün “Şirvanşah” sortu imiş.  Beləcə, ”Kürdəmir” şərabı ərsəyə gəlir.  Bu üzüm sortu isə Kurdəmirin bəzi yerlərində yetişir. Bu şərabdan əsasən dəymiş gavalı qoxusu və böyürtkən dadı gəlir. 
Valeh deyir ki, Çar süfrəsinin bəzəyi olan həmin şərabın hazırlandığı “Şirvanşah” sortundan indi qalıb-qalmadığı bilinmir. “Düzdür, bu şərabdən hazırda Rusiyada “Mosazervinzavod” zavodunda istehsal olunur. Amma mütəxəssislər etiraf edirlər ki, necə deyərlər, dad o dad deyil”. 

Bir maraqlı tarixi fakt; böyük alim M.A.Gerasimovun 27 yaşında vərəm xəstəliyindən əziyyət çəkirmiş. Onu müalicə üçün şimali Qafqaza ezam edirlər. O, həkimlərin tövsiyəsi ilə müəyyən olunan müalicəni qəbul etməklə yanaşı, eyni zamanda hər gün bir stəkan “Kürdəmir” şərabı qəbul edib və xəstəlikdən xilas olub, 90 yaşa qədər ömür sürüb. 

1918-ci il iyun ayında Göyçay qəzasına daxil olan Kürdəmir də insanlığa sığmayan ağlagəlməz vəhşiliklərə məruz qalıb. Nəticədə 56 ev, 127 mülk, 2 məscid binası tamamilə yandırılıb. Yüzlərlə ev talan və qarət edilib. 

 Yuxarıda Şəhərgah adlı yerdən danışırdıq axı həm də. Sən demə illərdir yerli fermerlər Şəhərgah ərazisində bostan əkirlər. Təsəvvür edin, ərazi növbəti dəfə şumlanarkən və becərilərkən orada çoxlu maddi mədəniyyət nümunələri üzə çıxır. Qoyunçuluqla məşğul olan sakinlər də, demək olar ki, ilboyu həmin ərazidə nələrsə tapırlar. Deyilənə görə, Ərəbqubalı sakinlərinin əksəriyyətinin Şəhərgahdan tapdıqları təsadüfi tapıntılardan ibarət şəxsi kolleksiyası var. Bu yerlərdə hələ də xəzinə axtaranlar var...

***
Yolumuz isə Şıxımlı kəndinədir. Şeyxin ata yurduna. O Şeyx ki şəxsən Şamil onu özünün mürşidi adlandırırdı. Şeyxin oğlu isə Osmanlı hökumətində baş vəzir rütbəsinə qədər yüksəlmişdi. Kürdəmirdə nələri qalmışdı, bax, elə ondan və onlardan danışacağıq. 
 

Lent.az-da qalın... 

Bakı-Kürdəmir

# 6813
avatar

Səbuhi Sədəf

Oxşar yazılar