Repetitorlar nə qədər vergi ödəyəcək?- Ekspert QAYDALARI AÇIQLADI
23 sentyabr 2021 15:35 (UTC +04:00)

Repetitorlar nə qədər vergi ödəyəcək?- Ekspert QAYDALARI AÇIQLADI

“Repetitorların vergi ödəməsi qanunidir və gəlir əldə edən hər bir şəxs buna görə vergi ödəməlidir”.

Bunu Lent.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Azərbaycanda repititorluq fəaliyyəti, hazırlıq kursları 1990-cı illərdə test üsulunun tətbiqindən sonra geniş yayılmağa başlayıb.

“Əslində prosesə 2020-ci ilin aprel ayında başlanılıb. Belə ki, pandemiya dövründə azad hərəkət etmək üçün portaldan icazə almaq lazım idi və buna görə də repetitorlar müvafiq qurumdan qeydiyyatdan keçməli idilər. Artıq cəmiyyətdə ali məktəblərə hazırlığın repetitor vasitəsilə aparılması ənənəsi möhkəmlənib. İndi valideynlər təkcə yuxarı sinif şagirdlərini deyil, ibtidai siniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanına hazırlığa göndərirlər”.

Ekspert hazırlıq qiymətləri barədə də danışıb:

“Hazırda Bakı şəhərində repetitorluqla məşğul olan müəllimlər bir şagirdi 50-150 manata, hazırlıq kursları isə 150-250 manata hazırlaşdırırlar. Hazırlıq kursları hüquqi şəxs kimi qeydiyyata alınır və vergiyə cəlb olunurlar. Ancaq orada işləyən müəllimlərin müqaviləsinin olması, əmək haqlarının vergiyə cəlb edilməsi barədə problemlər mövcuddur. Əsas məsələ məhz qeydiyyatsız formada öz evində və ya başqa məkanlarda fəaliyyət göstərən repetitor müəllimlərin vergiyə və sertifkasiyaya cəlb olunmasıdır. Müşahidələrim onu göstərir ki, onlar indiki vəziyyətdə vergi ödənişindən kənardadırlar. Bu sahəyə demək olar ki, nəzarət yoxdur. Kim istəsə bir otaq götürüb 3-5 parta qoyur və başlayır dərs deməyə, nə təhlükəsizliyə zəmanət var, nə də keyfiyyətə”.

Təhsil eksperti Kamran Əsədov

Kamran Əsədov deyir ki, bu sahəyə lisenziya sistemi tətbiq olunmalıdır:

“Hesab edirəm ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi , Vergilər Nazirliyi və Sosial Müdafiyə Nazirliyinin mövcud olacağı bir komissiya yaradıb orda təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir. Bu gün taksi fəaliyyəti göstərmək üçün uyğunluq sertifkatı verilir. Yalnız sənədləri qaydasında olanlara bu icazə var. Düşünürəm ki, bunu repetitorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazımdır.

Təhsil eksperti onu da bildirib ki, rüb ərzində gəlir əldə etdiyin məbləğin 2 və ya 4 faiz vergisini ödəyirsiniz:

“Repetitor fəaliyyətindən gəlir əldə edən şəxs kimi hesabat rübü ərzində (3 ay) təqdim etdiyi işlərə, xidmətlərə görə əldə edilmiş ümumi  gəlirlərin Bakı şəhərində 4 faizi, digər regionlarda isə 2 faizini vergi kimi ödəyir. Vergi ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Repetitorlar vergi bəyannaməsinin onlayn rejimdə göndərilməsi üçün İnternet Vergi İdarəsindən (e-taxes.gov.az) istifadə edirlər. Çoxları deyir ki, müəllim bütün ili repititor kimi məşğul olmur, aylar üzrə müxtəlif xidmət haqqı alır, bir çox şagirdi pulsuz hazırlaşdırır. Rüb ərzində gəlir əldə etdiyin məbləğin 2 və ya 4 faiz vergisini ödəyirsiniz. Misal üçün bir ay 500, o biri ay 400, 3-cü ay 800 manat repititorluqdan gəlir əldə etmisiniz. 3 aylıq gəliriniz toplanır (500+400+800 =1700) onun 2 – 4 faizini vergi kimi ödəyirsiniz. Əgər gəlir əldə etmirsinizsə, vergi bəyənnamənizi 0-la verə bilərsiniz”.

Bəs kim müəyyən edəcək ki, müəllim nə qədər şagird hazırlayır, nə qədər pul alır?

“Bunu müəyyən etmə mexanizmi var, kassa və ya ödəmə qəbzi. Amma bu repetitorluğa tətbiq edilmir. Bəli, heç kim dəqiq gəlirinin vergisini ödəmir. Qalıb bu insanların insafına.  Sadələşdirilmiş vergi ödəyicisi kimi nə qədər qazandığınızı qeyd etsəz, onun 2 – 4 faizini ödəyəcəksiz. Bunun sizin üçün faydası çoxdur. Bankdan kredit götürəndə, təqaüdə çıxanda ödədiyiniz vəsaitlər sizə qayıdacaq. Müəllimlər yanlış olaraq narahatdırlar. Bu gün taksi sürücüləri, gözəllik salonları, evini, obyektini kirayə verənlər və ümumilikdə gəlir əldə edən hər bir şəxs vergi ödəyir və ödəməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5820
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar