Tək sevgi kifayət deyil:   Xoşbəxt bir evlilik üçün ən vacib  iki qayda
03 oktyabr 2025 15:20 (UTC +04:00)

Tək sevgi kifayət deyil: Xoşbəxt bir evlilik üçün ən vacib iki qayda

0

Amerikalı psixoloq Mark Trevers evlilikdən əvvəl tərəfdaşların öyrənməli olduqları iki ən vacib dərsi açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloqun sözlərinə görə  çox vaxt yalnız sevgi ailə həyatındakı bütün eniş-yoxuşlarda bir-birini dəstəkləmək üçün kifayət etmir.

“Əksər hallarda evliliklər dağılarkən tərəflər səbəb kimi artıq bir-birimizi sevmirik və ya uyğun deyilik sözlərini deyirlər. Amma 10 haldan 9-da problem təkcə yanlış seçim və ya uğursuz bir gecə ilə bağlı olmur. Çox vaxt tərəfdaşlar sadəcə evli olmağın nə demək olduğunu bilmirlər”, – o bildirib.

Onun sözlərinə görə, hər bir cütlük həyatlarını birləşdirməzdən əvvəl müəyyən “evlilik dərslərini” öyrənməlidir.

İki əsas dərs

1. Problemlər “Bəli” sözündən sonra yoxa çıxmır.

Evlilikdəki problemlərin təxminən 69 faizi “davamlı” problemlərdir. Başqa sözlə, onların böyük hissəsi tam həll olunmur, onları təkrar-təkrar müzakirə etmək və yenidən nəzərdən keçirmək lazım gəlir. Bu qorxulu görünsə də, əslində pis deyil.

Çünki evlilik çox fərqli vərdişlərə, zövqlərə və temperamentlərə malik iki insanı birləşdirir. Münaqişələr qaçılmazdır, daha təhlükəlisi isə tərəflərin hər mövzuda daim razılaşması olardı.

Cütlüklərin ən böyük səhvi budur ki, guya sevgi bütün problemləri avtomatik aradan qaldıracaq. Əslində isə belə düşüncə yalnız məyusluğa gətirib çıxarır. Hətta ən xoşbəxt və sağlam ailələrdə belə mübahisələr olur.

2. Evlilik bir dəfəlik seçim deyil.

Ən geniş yayılmış yanlış təsəvvürlərdən biri odur ki, evliliyin ən çətin hissəsi toy günüdür. Guya nikah bağlandıqdan, andlar deyildikdən və sənədlər imzalandıqdan sonra hər şey özü-özünə yoluna düşəcək. Amma bu, həqiqətdən çox uzaqdır.

Müasir evlilik çox vaxt şəxsi məmnuniyyət vasitəsi kimi qəbul edilir, nəinki qarşılıqlı bağlılıq və ya hətta sevgi ittifaqı kimi. Müasir həyat yoldaşlarından gözləntilər çoxdur: onlar həm övladların böyüdülməsində köməkçi, həm gəlir mənbəyi, həm ən yaxın dost, sirdaş, həm də ilham mənbəyi olmalıdırlar.

Bütün bunlar isə səylər və diqqət tələb edir, öz-özünə baş vermir. Yaxşı evlilik insanın özünün yaxşı tərəfdaş olmasından asılıdır. Nikah sadəcə hüquqi və ya status anlayışı deyil, gündəlik qəbul olunan qərarlar toplusudur. Məhz bu qərarlar müəyyən edir ki, sevgi uzunömürlü olacaq, ya yox.

Nəticə

Psixoloq vurğulayıb ki, evliliyi bir dəfəlik müqavilə kimi deyil, gündəlik dəstək və səylər tələb edən bir sistem kimi qəbul etmək faydalıdır. Bu səylər bəzən asan, bəzən isə çox çətin olacaq. Amma məhz belə yanaşma evliliyi daha davamlı edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar