Qarabağ minalardan belə təmizlənir - HADİSƏ YERİNDƏN  - FOTO  - VİDEO
08 may 2021 16:01 (UTC +04:00)

Qarabağ minalardan belə təmizlənir - HADİSƏ YERİNDƏN - FOTO - VİDEO

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən Füzuli rayonunun kəndlərini minalardan təmizlənməsi işlərini davam etdirir. 

Bu gün əraziyə jurnalistlərin səfəri təşkil olunub.

Lent.az-ın Füzuliyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 1 saylı təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov bildirib ki, hazırda təmizlənmə işləri Alxanlı, Qaraxanbəyli, Mirzəcamallı kəndlərində aparılır. Təmizlənən sahələrdən müxtəlif növ minalar aşkarlanıb.

“Burada tank əleyhinə mina, piyada əleyhinə mina, hətta müxtəlif yerlərdə xüsusi asılmış minalar olub. Elə hallarla rastlaşırıq ki, tank əleyhinə minanın üstündə piyada əleyhinə mina basdırılıb. Hətta bir minanın yanında üç mina basdırılıb”.

Mədət Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, hazırda yolun 13 kilometrlik hissəsi ən təhlükəli ərazidir:

“Artıq həmin hissənin 8 kilometrini təmizləmişik, 5 kilometrdə də təmizləmə işləri davam etdirilir. Hazırda ərazidə itlərlə, mexaniki vasitələr və əllə təmizləmə əməliyyatları həyata keçirilir. Yolda minaların sayı çoxdur. Ən çox mina təmas xəttindədir. Siz təsəvvür edin ki, 1.5 km məsafədə 9 mina xətti aşkarlanıb və yolun keçdiyi hissələrdə təmizləmə prosesi artıq başa çatıb. Ən təhlükəli sahə hesab olunan ərazi isə 13 km-dir ki artıq bu hissənin 8 km-də keçid açılıb.

ANAMA-nın meneceri Mədət Məmmədov onu da qeyd edib ki, hazırda Füzulidə asfalt yolun bərpası həyata keçirilir.

“Bu səbəbdən əsasən təmas xəttindən keçən yoldakı minaları təmizləyirik. Yalnız bundan sonra asfalt xətti genişləndirilərək orada yenidən təmir işləri aparılır. Bunlardan biri əllə təmizləmədir ki, bu zaman əməkdaşlar detektor və digər cihazlardan istifadə edirlər. İkinci üsul xüsusi təlim görmüş itlərin vasitəsilə ərazidəki partlamamış hərbi sursatlar axtarılır. Üçüncü üsul isə mexanika vasitəsilə minaların təmizlənməsidir. Hazırda təmizləmə əməliyyatları davam edir. Ərazidə aşkar olunan partlamamış hərbi sursatlar aşkar edilərək gün sonunda partladılır”.

ANAMA-nın menecerinin sözlərinə görə, Ermənistanın xəritələri verməməsi işlərin gecikməsinə səbəb olur. 

Foto: İlkin Nəbiyev

Qarabağ minalardan belə təmizlənir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6237
avatar

Səbuhi Sədəf

Oxşar yazılar