Nöqtə ilə oxuyanlar:   “Yuxu görürəm, amma orda da koram” -  REPORTAJ
01 aprel 2022 16:31 (UTC +04:00)

Nöqtə ilə oxuyanlar: “Yuxu görürəm, amma orda da koram” - REPORTAJ

”Gözlərimin görməməyi mənə əngəl deyil. Kompüteri, telefonu istənilən texnikanı istifadə edə bilirəm”.
 
Dünyanı gözləri ilə yox, ürəkləri ilə görənlərin kitabxanasındayıq. Qaranlıqla işığın bir-birilə qovuşduğu məkanda. 

“Gənclik” metrostansiyasının yaxınlığı. Respublika Gözdən Əlillər Kitabxanası. 

Gözdən əlillərin necə kitab oxuduğunu düşünmək insana çox çətin gəlir. Amma müsahibimiz danışdıqca, gözdən əlil olsan belə insanın nələrə qadir olduğunu anlayırıq. Sən demə, insanın nə isə bacarmayacağına heç nə əngəl deyil. Yetər ki, inan…

- Tofiq bəy, maraqlıdır, bir dəfə görmə şansınız olsa idi, kimi, nəyi görmək istəyərdiniz?

- Hazırda o şans verilsə, elə sizi görərdim.(gülür). Mənə bizim kimi gözdən əlil olanların həyatı ilə maraqlanan insanlar fərqli təsir bağışlayır. 

Bu sözləri Lent.az-a Gözdən Əlillər üçün Respublika Kitabxanasının direktor müavini Tofiq Balayev deyir. 

Kitabxanaya gedərkən yolda düşüncələrimiz bizi rahat buraxmırdı. Nə ilə qarşılacağımızı, onlara necə davranacağımızı bilmirdik. Məkana daxil olmadan, elə qapının önündə kitabxananın direktoru Şəhla Vəliyeva bizi qarşılayır. Öncə Şəhla xanımın otağına keçib, kitabxana və kitabların yazılması haqqında məlumatlar alırıq. 

- Kitabxanada həm səsli, həm də Brayl şrifti ilə yazılmış kitablar var. Əsasən yerli ədəbiyyata önəm verdiyimiz üçün kitabların əksəriyyəti də onlardan ibarətdir. Amma xarici ədəbiyyatlardan da var. 

Gözdən əlillərin brayl şriftlərinin öyrənməsi üçün aparat (bribor) var. Həmin aparatın üzərindəki hər kvadratın içərisində 6 nöqtə. O nöqtələr də Brayl əlifbasında bir hərfdir. Bu aparata qoyulan vərəq digərlərindən qalın olur.

Doğulandan gözləri görməyən insanların hissiyatı güclü olur. Və onlar bu əlifbanı tez öyrənirlər. Amma görmə qabiliyyətini sonradan itirən şəxslərə də bu əlifbanı öyrədirik. Elə mənim müavinim Tofiq Balayev öyrədir.

"Brayl" şrifti ilə yazmağı öyrədən aparat

Elə bu vaxtda gözdən əlil, kitabxananın işçisi Adilə Novruzova otağa daxil olur. O, bizə bu aparatdan necə istifadə etməyin qaydasını öyrədəcək.

Şəhla xanım qeyd edir ki, kitabxananın işçilərinin əksəriyyəti eyni sinifdə oxuyub. 

Eyni zamanda, Şəhla xanım qeyd edir ki, Brayl əlifbası ilə yazılmış mətni gözü görən adamın oxuması məsləhət deyil. Çünki gözü görən adam bu əlifba ilə oxusa görmə qabiliyyətini itirə bilərmiş. 

Elə söhbətimizin astanasında görmə qabiliyyəti məhdud olan Adilə Novruzova otağa daxil oldu. 

Adilə Novruzova

O, görmə qabiliyyəti olmasa da həyata necə sevinc dolu baxdığından danışır:

“Bir oğlum var, rus dilində təhsil alır. Onun dərsləri ilə özüm məşğul oluram. Toya, qonaq gedəndə oğlumu anamın yanına qoyuram. Başqa hər yerə mənlə gedir. Mənlə birgə oxuyan sinif yoldaşlarım vardı. Onlar düyü, qarabaşaq ilə əllərində hissiyyat yaradırdılar. Amma məndə elə problem olmadı. Həyata eşq ilə baxıram. Özümə hər şeyi asanlaşdırmağa çalışıram”. 

Tofiq Bədəlov

Həmsöhbətimiz Tofiq bəy deyir ki, Brayl əlifbasında elə şriftlər var ki, iki mənanı ifadə edir:

“Mən artıq 11 ildir ki, burada işləyirəm. Kitabxana 1994-cü ildən Mədəniyyət Nazirliyinin tabeliyinə keçib. Ümumilikdə 19 işçisi var. Kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana-informasiya xidməti göstərməkdir. Buranın fondunu Brayl kitabları (xüsusi şriftlə yazılmış kitablar), audiokasetlər, CD-lər və dövri mətbuat, 20 min nüsxə ədəbiyyat təşkil edir. Fonddakı kitablar Azərbaycan, rus və türk dillərindədir.

Pandemiyadan öncə, oxucularımız daha aktiv idi. Amma indi o qədər də çox olmur. Günlük 10-12 nəfər oxuyucumuz var. 

Onu da qeyd edim ki, bu kitabxanadan təkcə Bakıda deyil. Eyni zamanda, bölgələrimizdəki gözdən əlilləri də unutmamışıq. Onlar üçün də audiokitab nüsxələrinin sayı artırılaraq bölgələrdəki Gözdən Əlillər Cəmiyyətinin kitabxanalarına, ya da rayon mərkəzi kitabxanalarına göndərilir. Çalışırıq ki, əsasən elektron kitabların sayını artıraq”.

Kitabxananın ilk oxucularından olan, uzun müddətdir ki, burada çalışan 40 yaşlı Sevinc Şamilova da anadangəlmə görmə qüsurludur. Söhbətimiz zamanı öyrəndik ki, onun da valideynləri qohum evliliyi qurub. Özü kimi görmə problemi olan bir qardaşı da var.

Sevinc xanımın dilindən:

“Mənim anam qorxurdu ki, bizi ondan alıb internata qoysunlar. Ona görə də, məktəbə getməyimizə icazə vermirdi. Sonra 16 yaşımda Gözdən Əlil Uşaqlar üçün Respublika İnternat orta məktəbində təhsil almaq üçün müraciət etdim. Müraciətim zamanı mənə “Sənin yaşındakılar məktəbi bitirir, sən indi başlayırsan” dedilər. Buna baxmayaraq, qiyabi təhsil almağa başladım. Mənim biliyimi yoxlayıb, birdən-birə 6-cı sinfə götürdülər. Brayl əlifbasını cəmi 1 ayın içində öyrəndim. 9-cu sinifdən kollecə sənəd verdim. Həmçinin təhsil ala-ala burada işləməyə başladım”.


Gözlərinin görməməsinin çətinliyindən danışan Sevincin bir oğlu var:

“Əvvəllər görmə problemli olduğuma görə çox stress çəkirdim. Həyat məndən buna öyrəşməyimi tələb edir. Uzun müddət müalicə və əməliyyatdan sonra bir balaca işıltı var. 

İşlərimin çoxunu özüm görürəm. Həmişə gəlib-getdiyim yer olduğu üçün yolun istiqamətini tanıyıram, ona görə də tək gedib-gəlirəm. İşə gələndə uşağa anam baxır. Evdə olanda anamın, həyat yoldaşımın köməyi ilə uşağın nəyinəsə kömək edirəm”.

Uşağa yemək verəndə qaşığı fərqli yönə aparıram…

“Övladımın görməsində problem yoxdur. O, dünyaya gələndə ilk öyrənmək istədiyim onun görüb-görməməsi olub. Buna görə çox stress keçirirdim. Gözümdə çəplik də var. Uşağa yemək verəndə qaşığı fərqli yönə aparıram. Uşaq özü ağzını gətirib qaşığı tutur. Özlüyümdə pis oluram ki, mən niyə balama baxa bilmirəm, bəlkə mən də görə bilsəydim... (kövrəlir.) Gözümdəki o bir damcı işıltı sayəsində təxmin edirəm ki, sarışındır, atasına bənzəyir. Amma tam görmürəm. Çox istərdim balamı aydın görüm”.

“Bəzən elə olur ki, bizə aqressiv yanaşırlar. Amma həmin şəxsi araşdırsan, onda o qədər qüsur aşkarlanar ki…. Allah hər kəsi eyni yaratmır”. 

Söhbətimizi direktor müavini Tofiq Balayevlə davam etdiririk.

Söhbətimiz zamanı öyrəndik ki, Tofiq bəyin 42 yaşı var, həm də 4 oğlu:

“Kitabxana mənim həyatımda dönüş nöqtəsi oldu. Ailəliyəm, 4 oğlum var. Hər biri, şükür Allaha, sağlamdır. Elə xanımım da…

Belə olmağıma baxmayın beş görən oğlana dəyərəm. Heç kimdən fərqim yoxdur. Telefonu, kompüteri asanlıqla işlədirəm. Valideynlərim dayıoğlu-bibiqızıdır. Mənim bu problemimi də qohumla evlənməyim ilə əlaqələndirirlər. Üç bacım var. İki bacımın görməsi yaxşıdır. Məndən balaca bacım da bu problemi yaşayır. Uşaq vaxtımdan öz ayaqlarım üzərində durmağa çalışmışam. Çox inadkar olmuşam”. 

Sosial şəbəkələrdə statuslar da paylaşdığını deyən Tofiq bildirir ki, görmə şansı verilsə, indi sahib olduqlarımı qurban vermərəm:

“Siz bilirsiniz, mən həm də “vatsapda” status paylaşıram, mesaj da yazıram. Eh, hələ bacardığım çox şey var…

Hərdən düşünürəm, desələr ki, görəcəksən, amma sahib olduqlarını qurban verməlisən, onda razı olmaram. Çünki bunları çox çətinliklərlə əldə etmişəm. Həyatımdan çox razıyam.

Bir dəfə balaca oğlum gəlib mənə “Ata, məktəbdə sənin görmədiyini deyirlər. Amma mən inanmadım” dedi. Düzdü, pis oldum, amma, həyatdır...
Demək olar ki, Azərbaycan xəritəsini əzbər bilirəm. İstənilən bir məntəqəni soruşun sizə deyim”.

- Tofiq bəy, məni hər zaman maraqlandıran bir sual var. Yuxu görürsünüzmü?

- Bəli, görürəm. Amma yuxuda da koram. Hiss edirəm ki, avtomobil idarə edirəm, amma hər yer qaranlıqdır. 


Tofiq müəllimin sözlərinə görə, 100-200 səhifəlik kitabın Brayl əlifbası ilə yazılması təxminən 2-3 saat vaxt alır.

Bəzən elə olur ki, gözdən əlillər istədikləri kitabı gətirib bizə verirlər, mən də kompüterdəki proqram vasitəsilə həmin kitabı Brayl əlifbası köçürürəm. Gəlib istəyənlərə brayl hərfləri ilə yazmaq, oxumaq qaydasını öyrədirəm”.  

Oxu zalında söhbətimizə qoşulan Nazilə xanım deyir ki, gözü görən savadlı insanların danışığında elə səhvlər tuturam ki, özümə şükür edirəm:

“Mənim və ya bizlərin gözü görməsə də, kitab oxuyub, özümüzü maarifləndiririk. Əksərimizin də ali təhsili var. Amma gözü görənlər elə gülməli səhv edirlər ki, özümüzə şükür edirik”.

Bu da belə... Bəli, onların gözləri qaranlıq olsa da, öz dünyaları daha aydın, daha işıqlıdır...

 

# 5187
avatar

Fidan İlqar

Oxşar yazılar