Nazirlikdən məktəbdaxili qiymətləndirmə ilə bağlı AÇIQLAMA
21 may 2021 12:34 (UTC +04:00)

Nazirlikdən məktəbdaxili qiymətləndirmə ilə bağlı AÇIQLAMA

Məlum olduğu kimi, ümumi təhsil müəssisələrinin II-XI siniflərində bütün fənlər üzrə summativ qiymətləndirmə keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Lent.az-a açıqlamasında bildirib ki, ümumi təhsil müəssisələrinin II-XI siniflərində bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən əyani formada yarımilin sonunda bir dəfə olmaqla aparılacaq.

Qeyd edək ki, summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur.

Cari tədris ilinin I yarımili üzrə məktəbdaxili qiymətləndirmə distant formada təşkil olunduğu səbəbindən summativ qiymətləndirmənin şifahi formada da aparılması məqbul sayılmışdı. II yarımil üzrə əyani formada təşkil olunacaq məktəbdaxili qiymətləndirmədə isə şifahi forma nəzərdə tutulmayıb.

Əlavə olaraq bildiririk ki, məktəbdaxili summativ qiymətləndirmə milli qiymətləndirmə tədqiqatı ilə qarışdırılmamalıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi səhifəsində dərc edilmiş milli qiymətləndirmənin keçirilməsinə dair xəbərlər məktəbdaxili qiymətləndirmə ilə bağlı deyil.

Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün ümumi təhsil müəssisələrində aparılan tədqiqatdır. Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir.

# 2292
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar