Şair Aydın Kərimov
20 may 2021 17:05 (UTC +04:00)

Şair Aydın Kərimov

Milyonların mahnısı, 111 yaşlı hədiyyə, məşhurların davası- 86 yaşlı "ensiklopediya" Lent.az-a DANIŞIR

Sevgilimə könül açdım,

Əritdi bir ildə məni.

Dərd əlindən bəmə qaçdım,

O axtardı zildə məni.

Bu məşhur mahnını xatırladınız? Zeynəb Xanlarova, İslam Rzayev və daha kimlərin ifa etdiyi mahnı. Üstündə nə qədər mübahisələrin düşdüyü mahnı. Bəs, bu mahnının sözləri kimə məxsusdur, bilirsinizmi?

Əslində, biz də bilmirdik o şəxsin kimliyini. Ta ki, sosial şəbəkədə gedən və ona aid olmayan bir müzakirədə adı çəkilənə qədər. Hə, həmin müzakirə zamanı öyrəndik ki, sən demə, bu məşhur mahnının sözlərini qələmə alan Aydın Kərimovdur. Milyonların dinlədiyi bir mahnı ilə şöhrət qazanan bu insan indi Azərbaycanın əyalətində yaşayır. Yolumuz elə oradı, Göyçaya. Aydın Kərimovun evinə...

Şair Aydın Kərimov və tarzən Rövşən Zamanov

...1934-cü ildə burada doğulub Aydın müəllim, ilk təhsilini alıb. Daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1967-ci ildə Azərbaycan Yazarlar Birliyinin göndərişi ilə SSRİ Yazıçılar İttifaqının nəzdində fəaliyyət göstərən Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qiyabi olaraq daxil olub. Elə həmin il “Neft daşları” qəzetinə redaktor vəzifəsinə təyin edilib. Azərbaycan Yazıçılar İttifaqının təsis etdiyi “Qızıl qələm” mükafatına layiq görülüb. Moskvada təhsil aldığı illərdə “Moskovskaya komsomolets”, “Veçernaya Odessa”, Tacikistanda çıxan “Molodyoj Tacikistana” qəzetlərində şeirləri çap olunub. Bir çox qəzəl və şeirlər müəllifidir.

Şair Aydın Kərimov 

Hazırda 86 yaşı var, Aydın müəllimin. Həyatında elə insanlar görüb ki, elə insanlarla bağlı xatirələri var ki, günlərlə danışar, doymazsan. Bu yaşında belə mütaliəsindən qalmır. Biz ona deyəndə ki, milyonların sevdiyi bir mahnının müəllifini görməyə gələcəyik, necə sevindi ilahi! Sən demə illərdi bu adamı, necə deyərlər “canlı ensiklopediya”nı çoxdan unudublarmış...

Budur, həyətə girən kimi qarşılayır bizi canlı tarix. Nə qədər qocalsa da, gülər üzü, səliqəli geyimi, hətta qalstuku belə öz yerində.

- Mənim ilk yazdığım nəğmə elə “Sevgilimə könül açdım” olub. 1958-ci ildə yazmışdım onu. 24 yaşım var idi. Bu mahnının çox gözəl bir tarixçəsi var. Zeynəb Xanlarova bunu muğamın içində “Qonşu qızı”  kimi oxuyurdu. İslam Rzayev də alıb bu sözləri gətirib verib Şahid Əbdülkərimova. Mən də onda Şahidi tanımırdım. Həmin vaxtlar Göyçayda musiqi məktəbində işləyirdim. Muğam dərsləri keçirdim. Amma Bakıya ədəbiyyat dərnəyinə də gedirdim. Dərnəyin də rəhbəri Bəxtiyar Vahabzadə idi. Dərnəyin üzvləri arasında Əlibala Hacızadə, Aqşin Babayev, Vasif Əfəndiyev, Firudin Ağayev kimi gələcəyin məşhurları vardı. Bir gün Aqşin dedi ki, Bəxtiyar müəllim, Aydın belə bir şeir yazıb. Bəlkə bir baxaq, müzakirə edək. O da dedi ki, axı bu gün Aydının növbəsi deyil. Sonra razılaşdı. Mən də oxudum. Bəxtiyar müəllim də qulaq asdı və dedi ki, “Kişi şairdi də, daha nə deyəsən?!”. Elə həmin vaxtda da Şahid bu sözlərə mahnı bəstələyirmiş, sən demə. Göyçaydaydım, mənə tanışlar hamı deyir ki, bəs sənin yazdığın sözlərə mahnı bəstələnib. Deyirəm vallah eşitməmişəm. Elxan Vəzirov var idi. Pianodan dərs keçirdi. Hə, sən demə Elxan bu Şahidi tanıyırmış. Dedi ki, Aydın müəllim, Şahid mənimlə oxuyub. Kitabxanaçılığı bitirib. İndi də İncəsənət universitetinin tələbəsidir.

Şair Aydın Kərimov və qonaqları

Aydın müəllim etmir tənbəllik. Durub gedir Bakıya:

Elə universitetin qarşısında tələbələr dayanmışdı. Yaxınlaşdım dedim ki,

-Ay dostlar, siz burda oxuyursuz?

-Hə.

-Şahid Əbdülkərimovu tanıyırsız?

Bir nəfər qabağa çıxıb dedi:

- Neyləyirsən, Şahidi?

- Lazımdır. 

-Hardan gəlmisən?

-Göyçaydan.

-Aydın sənsən?

-Bəli.

-Hə, mən də Şahidəm.

Elə orda tanış olduq. Ondan sonra da bu mahnı məşhurlaşdı.

Şair Aydın Kərimov və qonaqları

Şahid Əbdlükərimovdan söz düşmüşkən, bu fitri istedad onlarla mahnının müəllifi olub. Aydın müəllim deyir ki, çox küskün idi. Çox incitmişdilər. Mahnıları oxunurdu, adı çəkilmirdi.

- Bir dəfə yoxa çıxdı harasa. Sonra qayıtdı. Eh, nə qədər mahnıya ömür verdiyi tarını sındırdı, basdırdı. Hə, qızım, qazdı torpaqda basdırdı. Sonra da məscidə üz tutdu. Dedi ki, ya Allah, sənə qurban olum, mən indiyə qədər şeytan əməliylə məşğul olmuşam ki. İndi hamının dillər əzbəri olduğu mahnıların müəllifi deyir e. Bir vaxt Bəhram Nəsibov, Şahid Əbdülkərimov kimi istedadlı adamların mahnılarını oxudub, adlarını çəkmədilər ki,  konservatoriya qurtarmayıblar. Nəticəsi nə oldu?  Onların yazdıqları mahnılar xalq mahnısı adı ilə hər yerdə oxundu, məşhurlaşdı. Rəhmətlik Bəhram isə bir başqa aləm idi. Adam böyük sənətkar idi. Mən ona “Üzeyir” deyirdim.

“Sevgilimə könül açdım” ilk dəfə mahnı kimi İslam Rzayev oxuyur televiziyada. Bu da Zeynəb Xanlarova ilə onun arasına dava salır.

Şair Aydın Kərimov və Səbuhi Məmmədli

- Zeynəb deyir mahnını mən oxuyuram, İslam deyir xeyir, mən oxuyuram. Arif Məmmədov var idi. İndi rayondakı musiqi məktəbi onun adınadır. Mənim də müəllimim olub. Bir gün onunla söhbət edəndə mənə dedi ki, sənin bu mahnını Zeynəb oxuyurdu muğam üstə. İcazə ver, elə o oxusun. Müəllimim idi. Nəsə etiraz etməyim yaxşı olmazdı. Amma dedim ki, o sözlər muğam şöbəsində itib-batsa yaxşıdır, yoxsa bir mahnı kimi populyarlaşsa? Arif müəllim dedi ki, mən səni başa düşdüm.

O mahnıya görə mən hər ay qonorar da alırdım. Çox da yaxşı məbləğ idi. Bir insanın əməkhaqqısından da artıq məbləğ. Hətta hansısa proqramda, restoranda bu mahnı ifa olunardısa, mənə faiz gəlirdi.

Hə, bir dəfə Hüseyn Arifə pul lazım imiş. Yazıçılar Birliyinin yanında təsadüfən görüşürlər. Hüseyn pulsuzluqdan gileylənir, özü də yaxşı məclis arzulayır. Aydın müəllim də deyir ki, “Mənim qonorarım yığılıb, gedək götürüm”.

- Xeyli pul idi e. Neçə aydır mənə gələn faizlər yığılıb qalmışdı. (Gülür)

 “Sevgilimə könül açdım”dan sonra yüzlərlə mahnı sözləri yazır. Bir çoxunu hələ də əzbər deyir. Yeri gəlmişkən, onu da deyək ki, Aydın Kərimovun bir şeiri də Türkiyənin məşhur qəzetlərində dərc olunur. Bu şeir Ərdoğana həsr olunmuşdu.

Hə, onu da deyək ki, o, həm də Yazıçılar Birliyinin üzvüdür. Amma maraqlısı da odur ki, bundan heç özünün də xəbəri olmayıb. Daha doğrusu, sonradan xəbər tutub.

Şair Aydın Kərimov 

- Mən Yazıçılar Birliyinə üzv olmaq üçün heç ərizə də verməmişəm. Elə özləri qeydiyyata alıblar. Axı sənədim, şəklim də olmayıb. Bilmirəm daha necə üzv ediblər. Ona görə də, heç dəqiq ilini də bilmirəm ki, neçənci ildə üzv olmuşam. Bundan xəbərim o vaxt oldu ki, bir romanım çıxmışdı “Qətl yerində qətl” adlı. Alıb apardım yazıçılar birliyinə. Özüm yuxarı çıxa bilmədim. Qocalıq pis şeydi. Belimin ağrısı heç aman vermir... Yanımda da bir tanış vardı. Dedim apar bu kitabları ver yuxarıda Anar müəllimə, Fikrət Qocaya. İkisi də dostumdu da. Yuxarıdan Arifə xanım soruşur ki, Aydın müəllim özü hardadır? Şəkili lazımdır. Neçə vaxtdır burda üzvdür, biletini alsın. Onda bildim ki, buranın üzvüyəm. Hardasa 20 il olar bəlkə də...

Anardan söz düşmüşkən atasından, Rəsul Rzadan danışır.

- Deyirlər Səməd Vurğunla arası yox imiş Rəsul Rzanın.

Qəti razılaşmır.

- Onlarla çox görüşmüşəm. Onların münasibətinin pis olmasını çox adam uydurur. Guya onlar düşməndir, yola getmirlər. Əslində isə onlar çox yaxın olublar. Vaqiflə Anar bir-birlərinə əmioğlu deyə çağırıblar. Mənim yaxşı yadımdadır. Səməd Vurğun vəfat edəndə filarmoniyada onun vida mərasimi keçirilirdi. O qədər insan var idi ki, ucu-bucağı görünmürdü. Ənvər Məmmədxanlı ilə Rəsul Rza da fəxri qarovulda dayanmışdılar. Rəsulun gözlərindən bir yaş axırdı ki...

Şair Aydın Kərimov 

Amma biləsiniz, yazıçılar arasında həmişə intriqa olub. Amma səbəb də bəlli deyildi. Paxıllıqmı deyək, qibtəmi...Məsələn, Hüseyn Arifin Rəsul Rzanı görməyə gözü yox idi. Amma Hüseyn Rəsulun “Leylin” poemasından böyük bir hissəni əzbər deyirdi. Mən hətta təəccüb edib soruşmuşdum bununla bağlı ondan. Demişdi ki, o böyük şairdi. Bu ayrı məsələdir. Şəxsi münasibət isə ayrı məsələ.

Şair Aydın Kərimov və qonaqları

Aydın müəllim həm də tarda ifa etməyi yaxşı bacarıb. Onun özündən qoca tarı da var. 111 yaşlı tar. Hə, sizə zarafat gəlməsin. Axı hər adamın belə qocaman tarı olmaz. Bəs bu tar hardandır?

- Mənim bir dayım Rəsul Rza ilə yaşıd olub. Həm də qohum olublar. Dayım 1910-cu ildə anadan olanda böyük qardaşı onun şərəfinə bir tar bağladıb. O tar sonradan mənim qardaşıma qalıb.  Qardaşım da müharibəyə gedib qayıtmayıb. Ondan sonra da tar mənə qalıb. İndi illərdi çalmıram tarı. Təzədən köklənməyə, sinəyə sıxılıb çalınmağa ehtiyac duyur yəqin...

Aydın müəllimlə bir az da müasir mahnılardan danışırıq.

- Mən həmişə mahnının sözlərinə tələbkar olmuşam. Bilirsiz niyə? Çünki şeirin oxucusu min, iki min, ən çoxu bir milyon insan ola bilər. Amma mahnının dinləyicisi milyonlarla insandı. Ona görə, sözlər çox güclü olmalıdır.

İndiki mahnılara gətirirəm sözümü. Çox pis. Onlar mahnı deyil. Mahnı sözləri elə olmur. Günah o mahnıları hazırlayanda, oxuyanda deyil. Günah onu dinləyəndədir. Əgər dinləyici belə mahnılara maraq göstərirsə, elə belə də davam edəcək.

Mahnını bəzəyən xanəndədir, müğənnidir. Şövkət Ələkbərova oxuyanda mən uyuyuram. Deyirəm ki, daha bundan o tərəfi yoxdur. Amma onu da deyim ki, Şövkət əvvəllər kamança çalan olub. Onu Aqşin Babayevin atası kamançadan ayırıb. O vaxtı teatrda rəssam olub. Deyib ki, qızım sənin yaxşı səsin var. Sən oxumaqla məşğul ol. Elə onunla da Şövkət oxumağa başlayıb. İndi Şövkəti əvəz edəcək, onun yolu ilə gedəcək bir kimsə yoxdur təəssüf ki...

Şair Aydın Kərimov və qonaqları

Elə Aydın müəllimin də yaxşı bəstəkara ehtiyacı olan bir xeyli yeni mahnı sözləri var.

- İndi əlimdə hazır yazılmış bir neçə nəğmə sözləri var. Amma bəstəkar yoxdur ki, verim mahnı etsin. Məsələn, çox istərdim ki, Aygün Səmədzadə bu sözlərə mahnı bəstələsin. Onunla danışacam. Baxar, xoşuna gəlsə, edər. Gəlməsə, canı sağ olsun. Hə, qızım, onun atası Ziya müəllimlə (Ziyad Səmədzadə) çox yaxın dost olmuşuq. Tarda gözəl ifa edir.

Bəs, bu qədər gözəl sevgi nəğmələrini ona yazdıran nə olub? Yoxsa, o da böyük eşq yaşayıb? Bəlkə nakam sevgi keçib ömründən?

Aydın müəllim susur. Və birdən, heç gözləmədiyimiz anda dillənir.

Getdin!

İlk eşqimi yetim qoyub getdin.

Eşitmədimmi onun hicran səsini, fəryad səsini

Ürəyin daşa döndü

Özün qıldın namazını

Özün oxudun duasını

Özün verdin fatihəsini

O vaxtdan qəlbimdə gəzdirirəm

Axirət dünyasına qovuşmuş

İlk məhəbbətimin cənazəsini!

Ruhu şad olmuşun behiştdir yeri

Əgər peşman olubsa, qayıtsan geri

Ona sığal çəkib oyatma daha

Səni and verirəm o bir Allaha!

Qoy yatsın özünün cənazəsini

Elə düşünmə ki, bu mənə yükdür

Mənim qəlbim dünya qədər böyükdür

Gəzdirəcəm onu bir küçədə belimdə

Əyilsə də qamətim.

Allah sənə rəhmət eləsin

Ay ilk eşqim, ay ilk məhəbbətim

Amin, Amin, Amin.

 

Gözləri dolur. Başını aşağı dikir. Göz yaşları ikicə cığır açır qırışmış üzündə. Susur...

Susuruq...

Şair Aydın Kərimovun qonaqları ilə xatirə fotosu
 

Göyçay

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9552
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar