Yəqin ki, bilməyən yoxdur, market arabaları orada satılan qida və qeyri-qida məhsullarını qoymağımız üçün nəzərdə tutulub. Arabaların gigiyenik cəhətdən təmiz olması birbaşa bizim, bizim sağlamlığımız və ərzaqlarımızın təmizliyi üçün vacibdir. Amma təəssüf ki, hələ də bunu dərk etməyən insanlarla eyni mühiti bölüşürük. Heç kim istəməz, ərzaqlarını qoyduğu arabanın səthinə kiminsə ayağı, ya da bədəninin hansısa bir üzvü dəysin. Doğrudur, marketlərdə məişət texnikalarından, çörəyə qədər hər şey satılır, amma onların heç biri istifadə olunmadığı üçün təmiz hesab olunur.
Son zamanlarda şəbəkələrdə bir paylaşım diqqətimizi çəkdi. Arabanın içərisinə oturaraq, kreativlik adı altında video çəkilib. Baxanda asanlıqla görmək olur ki, ayaqlar arabanın səthinə toxunur. Sonra isə hansısa birimiz o arabaya aldığımız ərzaqları qoyacağıq, həm də heç nədən xəbərimiz olmadan. Bilməyəcəyik ki, bura kiminsə ayağı toxunub, kimsə oturub, video çəkib.
Maraqlısı budur ki, həmin video çəkiləndə market rəhbərliyi hara baxıb? Hər yer kamera olduğu halda niyə bir nəfər çıxıb bir söz deməyib?
Məsələ təkcə bununla da yekunlaşmır. Bəzi valideynlərin də hərəkəti “trend” yaradan “tiktok” fenomenlərindən fərqlənmir. 3-4 yaşlı uşaqlarıyla başa çıxa bilməyənlər onları ayaqqabısı olduğu halda həmin arabalara oturdurlar. Kənardan baxanda məsumcasına görünən bu hərəkət isə bir çox istehlakçıları narahat edir. Bir qisim isə əksinə: Bildirirlər ki, “onsuz da, aldıqlarını evə gedəndə yuyursunuz. Ayaqqabı toxunsa nə olacaq ki?”.
Bəzi böyük marketlərdə məhz azyaşlıların oturması üçün arabalar var. Lakin onlar dura-dura digər arabalara çirkli ayaqqabı və geyimlərlə minilməsi heç bir halda yolverilməz kimi görünür. Bu tip görüntülər insanların haqlı narazılığına səbəb olur. Sosial şəbəkələrdə çoxları bunu “antisanitariyanın bariz nümunəsi” adlandıraraq market rəhbərliyini məsuliyyətli olmağa çağırır. Vətəndaşlar hesab edir ki, mağazalarda “arabada oturmaq qadağandır” tipli xəbərdarlıqlar asılmalı, işçilər də belə hallara qarşı xəbərdarlıq etməlidirlər.
“Qida təhlükəsizliyi haqqında” qanuna görə ərzaq məhsullarının satışı və daşınması zamanı sanitariya-gigiyena tələblərinə əməl olunmalıdır. Market rəhbərliyi ərzaqla təmasda olan vasitələrin təmizliyinə görə məsuliyyət daşıyır.
Görünən odur ki, ticarət və ictimai iaşə obyektlərində bu cür mənfi hallar ictimai qınağa məruz qalmayınca, hələ hər kəs ürəyi istəyəni, ağlına gələni edəcək.