Xəbər verdiyimiz kimi, ötən gün İmişlinin Muradxanlı kəndində toy məclisində kütləvi zəhərlənmə olub. Son məlumatlara görə 59 nəfər xəstəxanaya yerləşdirilib və zəruri tədbirlər görülüb. Ehtimal olunur ki, onlar hansısa qidadan zəhərləniblər.
Bəs görəsən, toylarda verilən hansı qidalar daha çox risk daşıyır? Bu cür məclislərdə nələrə diqqət etmək lazımdır?
Qida eksperti Ağa Salamaov Lent.az-a mövzu ilə bağlı açıqlama verib. Ekspert toy məclislərindəki riskli qidaları və əsas təhlükələri açıqlayıb:
Riskli qidalar və əsas təhlükələr
“Toyxanalarda, ictimai iaşə müəssisələrində, yaxud çadır məclislərində riskli qida məhsularının istifadəsinə xüsusi diqqət yetirilməlidir. Bu qidaların emal olunduğu yer mütləq soyuducularla təchiz olunmalıdır.
Paytaxt salatı və digər riskli yeməklər
Ən çox risk daşıyan salatlardan biri “paytaxt salatı”dır. Onun hazırlandığı mühitdə temperatur 14-15 dərəcədən çox olmamalıdır. Mayonezli salatlar, kabablar (xüsusən toyuq kababı riskli qidalara aiddir), balıq və qırmızı ət məhsullarının hazırlanmasında temperatur dərəcəsi nəzərə alınmalıdır.
Salatların hazırlanması 2 saatdan çox çəkməməlidir. Çox salat hazırlanacaqsa, ən yaxşı halda mərhələli şəkildə 3-5 kiloqram düzəlib, soyuducuya yerləşdirib, yenidən davam edilməlidir.
Kənd məclislərində daha yüksək risk faktoru
Təəssüf ki, ən çox rayon və kənd yerlərində toy məclislərində riskli məhsullar hazırlandıqdan sonra 20 dərəcədən yüksək olan mühitlərdə saxlanılır. Bu istilik qidalarda mikroorqanizmlərin, bakteriyaların çoxalmasına səbəb olur. Riskli qidalarla məsuliyyətsiz davranışın sonu ölümlə nəticələnə bilər”.
Ekspert qida təhlükəsizliyi üçün praktik tövsiyələr verib
“Toy edən şəxslərə tövsiyə edirəm ki, mütləq ərazini soyuducularla təchiz etsinlər. Bundan sonra, hazırlanan ətlərin, mayonezli salatların, toyuq kabablarının emal prosesi maksimum tez zamanda olmalı və yekunda soyuducuya yerləşdirilməlidir.
Aşpazların qida təhlükəsizliyi məsuliyyəti
Qril toyuqlar, paytaxt salatı, mimoza, ətli salatlar toyun başlamasına 4-5 saat qalmış süfrəyə düzülür. Mikroorqanizmlər 5 dərəcədən yüksək temperaturda 2 saatdan çox qalanda bakteriya yükü çoxalır və qida zəhərlənməsi qaçınılmaz olur. Ona görə də qida zəncirinin bütün mərhələlərinə, istər aşpazlar, istərsə də yemək hazırlayan digər şəxslər diqqət etməlidirlər. Toya çağırılan aşpazların da qida təhlükəsizliyi biliklərinə bələd olmalıdırlar ki, zəhərlənmələr baş verməsin”.
TƏBİB-dən Lent.az sorğusuna bildirildi ki, xəstəxanaya yerləşdirilən şəxslərə qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub.
Bəs görəsən, bu diaqnozun qoyulmasına səbəb olan amillər nələrdir?
Kliniki Tibbi Mərkəzin həkim-toksikoloqu Aynur Məmmədova Lent.az-a bu barədə açıqlama verib.
Toylarda ən çox risk daşıyan qidalar
“Risk amili daşıyan bəzi qidaların – salatlar, mayonezli yeməklər, kolbasa və sosislərin xüsusi saxlanma yeri və zamanı olur. Toylarda, məclislərdə isə adətən 1-2 gün öncədən hazırlanıb, kənara qoyulur, yaxud salatlar bir-birinə qarışdırılır. 5-6 saat ərzində yeyilməsi tələb olunan məhsulların gecədən toyun vaxtına qədər hazırlanıb, saxlanılması yolverilməzdir. Lakin toylara gedəndə də görürük ki, qonaqlar gəlməmişdən əvvəl masalarda, turşular, salatlar, kolbasalar düzülür.
59 nəfərin zəhərlənməsi ciddi siqnaldır
59 nəfərin zəhələnməsi ciddi siqnaldır. Görünür ki, orada qidaya yanaşma prosesi pozulub. Düşünürəm ki, zəhərlənmə kolbasa və mayonezli salatlardan qaynaqlanıb. Toy sahibləri bu məsələlərdə diqqətli olmalıdırlar”
Zəhərlənmə simptomları: Nələrə diqqət etməli?
“Bu diaqnoz 1 gündən sonra ürək bulanma, qusma, süstlük, halsızlıq kimi simptomlarla özünü göstərir. Bu əlamətlər olduğu zaman dərhal xəstəxanaya müraciət edilməli, mədələri yuyulmalı və sistemlər qoşulmalıdır. Əgər o an həkimə getməyə imkan yoxdursa, böyük şəxslər su içərək, qusmalı və mütləq imalə olunmalıdırlar. Daha sonra 10 kg çəkiyə 1 tablet aktivləşmiş kömürü əzib, su ilə içmək lazımdır.
Uşaqlarda vəziyyət daha təhlükəlidir
Ağırlaşmalar ən çox yaşlı adamlarda, hamilələrdə və uşaqlarda olur. Azyaşlılara evdə müdaxilə olunmasını tövsiyə etmirəm, çünki onlarda zəhərlənmə daha sürətlə olur. Onların 1 dəfə qusması 40 dəfə qarınlarının ağrımasına bərabərdir. Uşaq 2-3 dəfə qusduqdan sonra qıcola, şoka düşə və kəskin ürək-damar çatışmazlığı yaşaya bilər. Bunun səbəbi isə qusma zamanı bədəndəki mineralların atılımasıdır. Böyüklər su içib, özünü toparlaya bilsə də, uşaqlarda bu vəziyyət ağırlaşmağa, yuxuya meyilliliyə, su mübadiləsinin pozulmasına səbəb olur. Buna görə də uşaq 1 dəfə qusursa, temperatur yüksəkdirsə, ishal olursa, mütləq xəstəxanaya çatdırılmalıdır”.