İtkin düşən 73 nəfərin  kimliyi və basdırıldığı yerlər BİLİNİB
30 aprel 2024 12:25 (UTC +04:00)

İtkin düşən 73 nəfərin kimliyi və basdırıldığı yerlər BİLİNİB

11 mindən artıq itkin ailəsindən bioloji nümunə götürülüb.

Lent.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, Vətən müharibəsində əldə edilmiş Böyük Zəfərdən sonra itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması işlərinə başlanıb: “Azad olunmuş ərazilərdə qazıntı işləri aparılır və bununla bağlı ictimaiyyətə məlumat verilir. Azərbaycanda ən böyük itkin ailəsi Dövlət Komissiyasıdır. Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin aydınlaşdırılması üçün səylərini davam etdirəcək. Bu sahədə BQXK Dövlət Komissiyasına yaxından dəstək verir. 73 nəfər itkinimiz barədə bu gün ictimaiyyətə məlumat veriləcək. 73 nəfər iki istiqamət üzrə müəyyən olunub. Biri respublikanın ayrı-ayrı şəhər və rayonlarında tanınmadan dəfn edilən naməlum məzarlardan çıxan meyit qalıqlarıdır. Bakıda Şəhidlər xiyabanında 13 nəfər tanınmadan dəfn edilib. Ağdam rayonu Sarıcalı kəndi üzrə 3 nəfərin şəxsiyyəti eyniləşdirilib. Gəncə şəhəri Şəhidlər Xiyabanında olan naməlum məzarlarda basdırılmış 22 nəfərin şəxsiyyəti müəyyənləşib. Tərtər rayon Şəhidlər xiyabanında 13 nəfərin şəxsiyyəti eyniləşdirilib. Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqdan çıxan meyit qalıqlarından 4 nəfərin, Şuşa rayonu Daşaltı kəndi üzrə 2 nəfərin şəxsiyyəti müəyyənləşidirilib”.

Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev isə bildirib ki, insan qalıqlarının kimlərə məxsus olmasının fərdiləşdirilməsində istifadə olunan əsas üsullardan biri kimi məhkəmə-genetik ekspertizası aparılır.


Onun sözlərinə görə, aşkar edilmiş meyit qalıqlarının genetik profili çıxarıldıqdan sonra bankda olan məlumatlarla eyniləşdirilməsi nəticəsində qalıqların kimə məxsus olması tam dəqiqlikdə müəyyən edilir:

“Bunun üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində məlumat bankı yaradılıb, itkin düşmüş şəxslərin yaxın qohumlarından genetik nümunələr götürülməklə həmin banka daxil edilib. 

Bundan əlavə, itkin düşmüş şəxslərin fərdi əlamətləri, itkin düşdükləri yer barədə məlumatlar istintaq orqanı tərəfindən toplanmaqla təhlil edilir və vahid məlumat bazasında toplanılır. Bu da bizə bir sıra hallarda aşkar edilmiş kütləvi məzarlıqda olan meyit qalıqlarının kimə məxsus olmasını ehtimal etməyə və məhkəməyə genetik ekspertizası zamanı lazım olan nümunələri əgər banka daxil edilməyibsə, daha sürətlə əldə etməyə, işimizi sürətləndirməyə imkan verir. Bu məsələdə bütün dövlət qurumların koordinasiyalı və səmərəli fəaliyyətinin son dərəcə önəmli olmasını vurğulamaq istərdim”.

# 1833
avatar

Fidan İlqar

Oxşar yazılar