Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli
05 may 2021 14:22 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli

Hacı Şahin: “Bu gecə bütün dualar qəbul olunur”

“Qədr gecəsi məhz Ramazan ayına təsadüf edir. Amma Qədr gecəsi Ramazan ayının hansı gecəsidi? Bu haqda dəqiq məlumat yoxdur. Yəni müxtəlif hədislər nəql olunur bu mövzu ilə bağlı, amma dəqiq bir tarix göstərilmir”.

Bunu Lent.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli deyib. O, Qədr gecəsi ilə bağlı məsələlərə aydınlıq gətirib:

“Qurani-Kərimdə  buyurulduğuna əsasən Quran Ramazan ayında nazil olunub. Ehtimallara əsasən Qədr gecəsi Ramazan ayının 19-cu, 21-ci,b23-cü və 27-ci gecələridir. Amma bu gecə, Ramazan ayının 23-cü gecəsi ən çox Qədr gecəsinə ehtimal olunan gecədir. Yəni bütün ehtimalların içində bu gecə Qədr gecəsinə daha çox ehtimal olunur. Mübarək Ramazan ayının ən fəzilətli gecəsidir. Və bu gecəni də inanclı insanlar, oruc tutanlar səhərə qədər oyaq qalır, əhya saxlayır”.

Amma burada söhbət bioloji baxımdan oyaq qalmaqdan getmir…

“”Əhya” sözü ərəb dilindən dirilim mənasını verir. Yəni diri qalmaq, dirilmək. Ona görə də əhya gecəsi sırf bioloji baxımdan oyaq qalmaq, yuxusuz qalmaq deyil məqsəd. Məqsəd qəlbin oyanmasıdır. Qəlbin dirçəlməsidir. Və bizim gələcəyimiz keçmişimizdən asılıdır. Bizim gələcəyimiz keçmişimizin girovudur. Qədr gecəsində biz gələcəyimizi keçmişimizin əsirliyindən azad edirik. Tövbənin mənası budur. Yəni bizim başımıza gələcək hadisələr etdiyimiz əməllərdən asılıdır. Gələcəkdən bizi gözləyən hadisələr bizim keçmişdə etdiyimiz günahlarla əlaqəlidir. Və biz sanki Qədr gecəsində keçmişimizi  müsbət mənada sıfırlayırıq. Keçmişdə etdiyimiz günahlarla tövbə edirik və bu yükdən azad oluruq. Qədr gecəsi günahkar insanlar bağışlanacaq. Qədr gecəsi kim Allahın dərgahına üz tutdusa, Allah onu bağışlayacaq”.

Hacı Şahin deyir ki, bu gecə həm də Quran nazil olunduğuna görə xüsusi dualar oxunur.

“Quran baş üzərinə qaldırılır və Allahı and veririk Qurani-Kərimə, Allahın özünə, peyğəmbərə, imamlara. Çox mübarək bir gecədir, bu gecə bütün dualar qəbul olunur , günahkar insanlar bağışlanır, Allahın dərgahına yönələn əllər naümid qaytarılmır. Və bütün Allahın dərgahına yönələn insanlar böyük bir payla ayrılırlar bu gecədən. Quranın buyurduğuna əsasən  qədr gecəsi min aydan daha xeyirlidir. O qədər sirli bir gecədir ki, Allah peyğəmbərinə buyurur ki, "Sən nə bilirsən nədir Qədr gecəsi?"  Yəni Qədr gecəsinin tam sirrindən heç peyğəmbər də agah deyil. Ona görə də bu fürsəti dəyərləndirmək lazımdır. Bu növbəti dəyişmək, bağışlanmaq fürsətidir. Və arzu edərdim ki, hər birimiz bu fürsətdən bacardığımız qədər yararlana bilək”.

Bu il ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər planı çərçivəsində məscid və ziyarətgahlarda kütləvi tədbirlərin, fərdi ibadətlərin və camaat namazlarının qılınması müvəqqəti olaraq təxirə salınıb. Mübarək Ramazan ayı mərasimləri digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da virtual olaraq yayımlanır.

“Hazırda məsciddə bu ayinləri kütləvi şəkildə icra etmək mümkün deyil. Buna görə, sosial şəbəkələrdə canlı yayım vasitəsilə din xadimləri insanların qarşısında çıxış edir və bu duaları oxuyurlar. Və insanlar da evlərindən bu dualara qoşulurlar. Bizim məsciddə də kütləvi tədbirlərin keçirilməsi mümkün olmadığından bu axşam 22:30 da Qədr gecəsi ilə bağlı canlı mərasim yayımlanacaq. İnsanların iştirakı olmadan o dualar, xütbə oxunacaq. Və bütün sosial şəbəkələrdən rəsmi səhifəmiz vasitəsilə yayımlanacaq, qoşulmaq istəyən insanlar evlərindən qoşulub bu duaları birgə oxuya, bu ayələri bizimlə birgə icra edə bilərlər”.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb. Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir. Üçüncü Qədr gecəsi Ramazanın 22-ci gününə, mayın 5-dən 6-na keçən gecəyə təsadüf edir. Ramazan ayının sonuncu Qədr gecəsi mayın 9-da olacaq. Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4476
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar