32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Birinci Qarabağ müharibəsi iştirakçısı Müşfiq Quliyevin nəşi Cəbrayıl rayonu, Horovlu kəndində torpağa tapşırılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidin nəşi yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Quliyev Müşfiq İbrahim oğlu 1971-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində dünyaya göz açıb. Hərbi komissarlığa müraciət edərək döyüşlərə yollanıb. Onun son döyüş yeri 1993-ci il oktyabrın 16-da Cəbrayıl rayonu Mahmudlu kəndi istiqamətində olub. Müşfiq Quliyev naməlum şəhid olaraq İmişli rayonu Şəmmədli kənd məzarlığında dəfn olunan şəhidlərimizdən biri olub.
***
14 :52
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Tərlan Məmmədovun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib.
Mərasimdə şəhidin doğmaları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Şəhid hərbçi Tərlan Məmmədovun nəşinin qalıqları Yevlax şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Hərbi orkestr Dövlət himnini səsləndirib, yaylım atəşi açılıb.
Qeyd edək ki, Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax rayon Aran qəsəbəsində doğulub. O, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunub.