Binənin 1 xəstəxanası var, orada da növbədən yer yox - Rentgen otağına 5 nəfər daxil olur
09 sentyabr 2025 14:18 (UTC +04:00)

Binənin 1 xəstəxanası var, orada da növbədən yer yox - Rentgen otağına 5 nəfər daxil olur

0

Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi olan Binədə cəmi bircə dənə - 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanası yerləşir. Nə aləmdirsə, xəstəxananın adı kimi dəhlizlərində də insanlar də bir-birinə "birləşib" gözləyirlər. 80 mindən çox sakinin yaşadığı qəsəbədə tək xəstəxananın olması az problem deyilmiş kimi, üstəlik müayinə otaqlarına da  4-5 nəfər birdən daxil olur.

Lent.az-ın məlumatına görə poliklinikada, hətta şüa saçan rentgen otaqlarına belə, ən az 5 nəfər daxil olur.

Müayinə otağının qapısına “qırmızı işıqda otağa giriş qadağandır” yazılsa da, nə o lampa yanır, nə də sözə məhəl qoyan olur. İnsanları da qınamalı deyil. Növbə üçün verilən çekin 1-nin üzərində sıra yazılırsa, 5-də heç o da, olmur. Belə olanda sıranı da karandaşla yazırlar. Hərdən sistemin də sıxlığa dözməyib, "ürəyi gedir". İş qaldı insanların bir-birinə olan vicdanına. Xəstəxana da elə yerdir ki, insan işini tez yekunlaşdırmaq üçün onu da qurban verir. Beləcə, müayinəyə gələn şəxsin nə məxfilik hüququ qorunur, nə də digərlərinin artıq şüa almasının qarşısı alınır.

Necə deyərlər, dərdimiz bununla yekunlaşsa, şükür edərikdik. Səhər 08;30-dan analiz üçün gözləyən xəstələrə isə “60-dan çox növbə yazmışıq, daha qəbul etmirik, nahardan sonra çatdırsaq, sizdən də analiz götürərik” deyirlər. Yaxşı, bəs insanlar saat neçədən gedib, növbə götürsünlər? Sübhdən? 5-də ya 6-da?

Ümumiyyətlə, növbə problemi, sistemin işləməməsi, həkimlərin sayının xəstələrə mütənasib olmaması, insanlara qarşı laqeyd münasibət çoxlarını həkimdən soyudur. Həkimə getmək, orada gözləmək, müayinəyə düşmək, çoxsaylı analizlər vermək, yenidən qayıtmaq insanın xəstəliyini daha da ağırlaşdırır.

Bəs bu problemlər nə vaxt həllini tapacaq? Binə sakinlərinin xəstəxana probleminə nə vaxt baxılacaq?

Sözügedən problemlərlə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya bildirildi ki, rentgen otağına kənar şəxslərin daxil olması qadağandır.

“Bu, həm tibbi təhlükəsizlik, həm də şüa təhlükəsizliyi baxımından vacibdir. Rentgen müayinəsi zamanı yayılan ionlaşdırıcı şüalar insan sağlamlığı üçün təhlükəli ola bilər. Bu səbəbdən yalnız xüsusi təlim keçmiş tibb işçiləri və müayinədən keçəcək pasiyentlər (zəruri hallarda isə müşayiətçi) qoruyucu vasitələrlə otağa daxil ola bilərlər. 

Radiasiya təhlükəsizliyi qaydalarının pozulmaması üçün bu tələblərə ciddi şəkildə əməl olunmalıdır”.

TƏBİB-in cavabından da aydın olur ki, rentgen otağına kənar şəxslərin daxil olması qanunsuzdur. Bəs bu halda Binənin tək xəstəxanasının aqibəti necə olacaq? Axı orada rentgen otağı hər gün eyni vəziyyətdə olur...

Qurum bu sorğuya da bildirdi ki, məsələnin araşdırılması üçün yönləndirmişik.

Araşdırmanın nəticəsi ilə bağlı məlumat əldə etdikdə, yazıya əlavə edəcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1016

Oxşar yazılar