Azərbaycanda avtomobillər üçün  YENİ QADAĞALAR:  fara, təkər, qəza işığı...
07 may 2021 16:21 (UTC +04:00)

Azərbaycanda avtomobillər üçün YENİ QADAĞALAR: fara, təkər, qəza işığı...

Azərbaycanda sürücülər bəzi əlavə cihazlar quraşdırılmasına, avtomobilin atmosferi həddindən çox zəhərləməsinə və digər məsələlərə görə inzibati qaydada məsuliyyətə cəlb olunur. Bundan əlavə, maşına qara plyonka vurulması, cihazların düzgün hissədə yerləşdirilməməsi, zavod istehsalı olan bəzi detalların sökülməsi ilə əlaqədar cərimələr tətbiq olunur. Həmin cərimələr isə sırf hərəkət təhlükəsizliyinin pozulduğu üçün həyata keçirilir. Görəsən, Azərbaycanda faraların düzgün işləməməsi və ya zədəli olması, təkərlərin doğru ölçüdə olmaması, idarəetmə panelində nasazlıq işarəsinin göstərilməsi də qanun pozuntusu sayıla bilərmi?

Lent.az-ın sualına avtomobil eksperti Elməddin Muradlı aydınlıq gətirib. O bildirib ki, həmin pozuntulara görə, cərimə tətbiq olunması hərəkət təhlükəsizliyi baxımından önəmlidir:

Avtomobil eksperti Elməddin Muradlı

“Bu layihə Rusiyada müzakirə olunur. Həmin layihəyə çox ciddi etirazlar var. Düşünürəm ki, Rusiyada bu layihə qəbul olunsa, digər ölkələrdə də anoloji addımlar atıla bilər. Bu, ümumi yol hərəkətinin təhlükəsizliyi baxımdan maraq doğurur. Bamperlərin nasaz vəziyyətdə olması, avtomobilin idarəetmə panelində hansısa qəza işarəsinin göstərilməsi ümumi yanaşma zamanı maraqlı görünə bilər. Təsəvvür edin ki, avtomobil saz vəziyyətdə yola çıxır, amma qəflətən problem yaranır. İndi buna görə sürücünü saxlayıb cərimələmək nə dərəcədə doğrudur? Amma maşının ön şüşəsinə bəzi sürücülər telefon dayağı, videoqeydiyyat cihazı qoyurlar. Bu da görmə şəraitini az da olsa məhdudlaşdırır.

Belə xırdalıqlar baxımından həmin layihə məntiqli görünür. Azərbaycan qanunvericiliyində təkər və disklərin ölçüsünə görə cərimə var, məsuliyyət yaradır. Gözləyək görək, Rusiyada bu layihə necə qəbul olunur. Bütün qadağalarına baxanda layihəyə müsbət yanaşıram. Hər bir halda qadağalar detallı müzakirə olunmalıdır. Azərbaycanda bu qadağalar qəbul oluna bilər. Amma avtomobilin idarəetmə panelindəki nasazlıqlara görə güzəşt olunmalıdır. Qadağalar qoyulacaqsa, onda salondakı bəzi əlavə cihazların harada dəqiq yerləşdirməli olduğu da sürücülərə çatdırılmalıdır”.

Qeyd edək ki, hazırda Rusiyada faraların zədələnməsi və ya düzgün işləməməsi, təkərlərin normal ölçüdə olmaması, idarəetmə panelində nasazlıq işarəsinin görünməsi və s. hallara görə cərimə layihəsi müzakirə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3216
avatar

Mehman Nəbiyev

Oxşar yazılar