Moskvada saxlanılan azərbaycanlılar Elmira Süleymanovanın xahişi ilə vətənə göndəriləcək
03 iyul 2009 17:30 (UTC +04:00)

Moskvada saxlanılan azərbaycanlılar Elmira Süleymanovanın xahişi ilə vətənə göndəriləcək

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Ombudsmanının köməyi ilə RF DİN-in Moskva şəhəri üzrə Baş İdarəsinin Əcnəbi Vətəndaşlar üçün Saxlama Mərkəzində olub. Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Mərkəzin rəisi O.A.Barışev hazırda mərkəzdə 11 Azərbaycan vətəndaşının saxlandığını, 2 nəfərin isə həmin gün azad olunaraq vətənə yola salındığını bildirib. O, mərkəzdə RF İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsinin (RF ərazisində olma qaydalarını pozma) pozulması ilə əlaqədar məhkəmənin qərarı əsasında iki min rubldan beş min rubladək cərimə olunmaqla və ya olunmamaqla Rusiya ərazisindən məcburi çıxarılmaya məhkum edilmiş şəxslərin saxlandığını və onların vəziyyəti ağırlaşdıran hallar müşahidə olunmadıqda 1 ay müddətində federal büdcə hesabına daimi qeydiyyatda olduqları ölkəyə göndərildiyini söyləyib.
Azərbaycan Ombudsmanı həmin şəxslərin saxlanılmasının hüquqi əsasları ilə maraqlandıqda müəssisə rəhbəri hər bir saxlanılan şəxs barəsində müvafiq məhkəmə qərarının olduğunu bildirib. Sonra Müvəkkil məhkəmənin qərarı əsasında mərkəzdə saxlanılan Azərbaycan vətəndaşları ilə görüşüb, onların hər biri ilə söhbət edib və müvafiq sənədlərlə tanış olub.

Saxlanılanlardan Rüstəm Dilavər oğlu Məmmədov sənədlərinin 51-ci milis bölməsində qaldığını və ona qaytarılmadığını bildirib, bu məsələdə kömək göstərilməsini xahiş edib. Müəssisə rəhbəri onun vətənə qayıtması üçün səfirlikdən arayış alındığını, Müvəkkilin müraciətini nəzərə alaraq, R.Məmmədovun sənədlərinin qaytarılması üçün 51-ci milis bölməsinə müraciət edəcəyini bildirib.

Orxan Əyyub oğlu İsmayıllı isə qeydiyyatı olmadığı üçün saxlanılarkən ad, soyad və atasının adını olduğu kimi deməməsi səbəbindən onun vətənə dönməsində və sənədləşməsində problemlər yarandığını, prokurorluq tərəfindən istintaq aparıldığını, hazırda isə işin Moskva Şəhər Məhkəməsində olduğunu, baş verən hadisə ilə bağlı ailəsinə xəbər vermədiyini bildirib, məsələnin həllində yardımçı olmağı Müvəkkildən xahiş edib. Bununla bağlı Müvəkkil müəssisə rəhbərinə müraciət edib, o isə öz növbəsində Müvəkkilin müraciətini nəzərə alaraq, istisna hal kimi, O.İsmayıllı barəsində Butır Rayon Məhkəməsinin 20 aprel 2009-cu il tarixli qərarının dəyişdirilməsi ilə bağlı Moskva Şəhər Məhkəməsinə müraciət edəcəyini bildirib.
Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikasının RF-dəki səfirliyi tərəfindən pasportu və digər sənədləri olmayan saxlanılan şəxslər üçün onların şəxsiyyətini təsdiq edən sənədlər operativ şəkildə, hər hansı bir gecikdirmə halına yol vermədən hazırlanaraq Mərkəzə təqdim olunur.

Müvəkkil həmçinin saxlanma şəraiti, tibbi yardım və başqa xidmətlərin göstərilməsi, saxlanılanlara qarşı rəftar, qidalanma vəziyyəti ilə maraqlanıb, saxlanıan şəxslərə hüquqlarını izah edib.
Azərbaycan Ombudsmanına burada saxlanılan şəxslərə qarşı müəssisə əməkdaşları tərəfindən qeyri-insani, insan ləyaqətini alçaldan rəftara yol verilmədiyi bildiriblər.
Saxlanılan şəxslər bununla bağlı şikayətlərinin olmadığını söyləyib, tez bir zamanda vətənə qayıtmaqda yardımçı olmağı Müvəkkildən xahiş ediblər. E.Süleymanova bunu nəzərə alaraq, öz növbəsində müəssisə rəhbəri O.Barışevə müraciət edərək, onların mümkün olan ən qısa müddət ərzində Azərbaycana qayıtmasında kömək göstərilməsini xahiş edib. O.Barışev ən geci iki həftə ərzində saxlanılan bütün azərbaycanlı vətəndaşların problemlərini qanun çərçivəsində həll etdikdən sonra onların öz ölkələrinə qayıtmalarını təmin edəcəyinə söz verib. Müvəkkil Azərbaycan vətəndaşları ilə görüşməsi üçün yaratdığı şəraitə və xoş münasibətə görə mərkəzin rəhbərliyinə təşəkkür edib.

Bakıya döndükdən sonra Müvəkkil O.İsmayıllının anası N.Hüseynova ilə telefon əlaqəsi saxlayaraq, ona oğlu ilə olan görüşü barədə məlumat verib, onun mümkün qədər tez vətənə qaytarılmasında kömək göstərilməsi üçün saxlandığı müəssisənin rəhbərliyinə müraciət etdiyini söyləyib. N.Hüseynova oğlunun taleyi ilə maraqlandığına, ona yardımçı olduğuna görə Ombudsmana təşəkkür edib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar