Bakıda gizli fədailərin dolandırdığı əsrarəngiz məbəd
“Burda ət yeməyən, ibadət eləyən insanları başqa yerdə araq içən yerdə görürük...”
Krişna təlimi bəlkə də yeganə etiqaddır ki, konkret millətlə assosiasiya olunur. Krişna deyən kimi, adamın ağlına alnı rəngli zolaqlı kişilər, qaşlarının arasına bindi vurulmuş, rəngarəng sarilərə bürünmüş, göbəyi açıq, qaraşirin qadınların, qızların, nəhəng fillərin, şən rəqslərin, gül girlyandlarının vətəni olan ekzotik Hindistan gəlir. Elə buna görə də Bakıda artıq 10 ildən çoxdur ki, fəaliyyət göstərən Krişna məbədinə yaxınlaşanda özümü insanların ibadətə gəldiyi məkana deyil, hind filmlərində görməyə adət elədiyimiz Maharacca imarətinə düşəcəyimi güman edirdim.
Maharacca imarəti əvəzinə sadə çay bağçası
Amma sadə darvazadan içəri girəndə Maharacca imarəti əvəzinə bakının ortabab və bir az da səliqəli çay bağçası kimi bir yerə düşdüm. Darvazanın üzərinə vurulmuş lövhə olmasa, həyət bura təsadüfən düşən adamlara bu yerin mahiyyəti barədə heç bir məlumat vermir. O qədər də iri olmayan həyətdə balaca-balaca tikililər, əsas məbədin ikinci mərtəbəsinə aparan dar pilləkənlər, daranıb-təmizlənmiş kollar, ağaclar, sulanıb-süpürülmüş həyət...
Balaca otaqlardan birinin pəncərəsindən gözümə əyni sarili, çox gözəl və gülümsər cavan bir qız görünür. Qız yerdən bardaş qurub əyləşərək, ilahi bir musiqi sədaları altında altı-yeddi balaca uşağı ətrafına yığaraq, onlara nəsə öyrədirdi. Əvvəlcə bütün “Krişna dəm-dəsgahı”nın elə bu kiçik dərsdən ibarət olduğunu düşündüm. Uşaqların soyunub, qapıya düzdüyü ayaqqabıların arasından birtəhər sivişərək otağa keçib, sarili qəşəng qızdan bir şey soruşmaq istəyirdim ki, qız başının işarəsi ilə mənə ikinci mərtəbəni göstərib, “dərdimi” oradakılara deməyimi məsləhət bildi.
Krişnanın bir addımlığında
İkinci mərtəbə isə tamam ayrı aləm idi. Dar, amma təmiz dəhliz sahibsiz, daha doğrusu, boş ayaqqabılarla dolu idi. Məlum olurdu ki, böyük ehtimalla döşəməsi bahalı hind xalçaları ilə döşənmiş ibadət otağına ayaqqabılı daxil olmaq qadağandır. Dəhlizin divarlarında Bhaqavat Gitadan, mövzusu qədim Şərq tamaşaları olan miniatürlərdən bizə tanış olan təsvirlər, təsvirlərin üzərindən asılmış gül-çiçək girlyandları, dəhlizdə satış məqsədilə balaca piştaxtanın üzərinə sərilmiş xırım-xırda hind bəzəkləri – sırğalar, muncuq boyunbağılar, bazubəndlər (sonradan öyrəndim ki, satılan bərbəzəklərdən gələn gəlir mərkəzin xeyriyyə işlərinə sərf olunur)...
İçəridə Krişnanın adını oxuyaraq ibadət edən insanların yanına keçməmiş, divarlara diqqətlə göz gəzdirdim. Burada məşhur şəxslərlə, vəzifəli adamlarla çəkilmiş fotolar, mərkəzin fəaliyyətini işıqlandıran şəkillər-filan gözə dəymirdi. Yalnız və yalnız müqəddəslərin şəkilləri, bir də mərkəzə ianə bağışlayan adamların adları, soyadları və bağışladıqları pulun məbləği qeyd olunmuş siyahılar.
Qəribə qadağa
Diqqətimi çəkən daha bir məqam isə divardakı elan, daha doğrusu, bildiriş oldu. Bildirişdəki maddələrdə məbədin içərisində və həyətində qadağan edilmiş hərəkətlərin siyahısı vardı. Bəzi qadağalar o qədər də qeyri-adi deyildi – məbədə göbəyi açıq, mini ətəklərdə, yaxası açıq köynəklərdə daxil olmaq, ibadət vaxtı hündürdən danışmaq və kənar hərəkətlərə yol vermək və s.
Amma maddələrdən biri öz orijinallığı və qəribəliyi ilə məni bir azca hirsləndirdi. Həm də gülməyim gəldi. Maddədə deyilirdi ki, subay oğlanla subay qızların məbəd daxilində və ya məbədin həyətində ikilikdə dayanıb söhbət etməsi qadağandır!
Məsələ burasındadır ki, əgər bu qadağanı başqa dinlər təyin etsəydi, o qədər də təəccüblü görünməzdi. Amma öz sehrli fleytası ilə yeniyetmə çoban qızcığazları başına yığıb, eyş-işrətlə məşğul olan tanrı Krişnaya etiqad edənlərin subay din qardaş-bacılarına belə qadağa qoyması mənə çatmadı.
Axır ki, arxasından sehrli musiqi səsləri eşidilən qapını aralayıb, içəri keçdim. Hələ ki, cəmi beş-on ziyarətçinin yığışdığı ibadət otağı ifrat bərbəzəyi ilə olmasa da, təmizliyi, içəridəki əşyaların qəşəngliyi və rəngarəngliyi, minimum sayda olsa da şərq naxışları ilə bəzənmiş, gözəl, zərxara parçalarla örtülü mebelləri ilə, döşəməyə salınmış parlaq rəngli, gözəl naxışlı xalçalarla çox xoş təəssürat bağışlayırdı. Krişnanın çalın-çarpaz çiçək girlyandları keçirilmiş iri rəsmi, ətrafa gözəl qoxu saçan buxurdanlar və nəhayət, yerdən bardaş qurub oturaraq, uzun əbalı çalğıçı oğlanın döyəclədiyi mridanqın (bir növ “Hindistan nağarası”) ritminə uyğun şəkildə “Hare Krişna, Hare Krişna, Krişna... Krişna, Hare, Krişna Hare...” oxuyan qadınlar, kişilər...
Krişnaçıların özəlliyi
Əgər mən iman yoluna gəlmək istəyən, amma hansı dini seçəcəyini bilməyən, müxtəlif iman təklif edən qurbanolduqlarımın arasında çaşıb qalan naşı mömin olsaydım, müsəlmanların əsəbi və qaramat, xristianların qaraqabaq və hüzn-kədərli ibadətinin şahidi olandan sonra, Krişnaya etiqad edənlərin ibadət və etiqad bacı-qardaşları ilə davranışlarını, ibadət ayinlərini görəndən sonra mütləq Krişna təlimini seçərdim. Buradakı adamlar ibadət vaxtı hündürdən danışmasalar da, öz aralarında pıçıldaşır və bununla yanaşı, ibadətlərini davam etdirirdilər. İçəri təzə daxil olanların üzlərinə gülümsəyir, əllərini sifətlərinin qarşısında cütləyərək, xoş üzlə “Hare Krişna” deyə salamlaşırlar. Krişnaya etiqad edənlərin ibadət vaxtı eyni libaslarda olması vacib olmadığından, idman üslubunda geyinib ibadət otağına girən qıza, yəni mənə də təəccüblə baxan olmadı. Hətta bir neçə qəşəng, əyni sarili, alnı bindili qız-qadın “Hare Krişna” deyə mənimlə salamlaşdı da. Əllərimi onlar kimi tuta bilməsəm də, birtəhər “Hare Krişna” deyə cavab verdim.
Krişnaçıların ibadəti o qədər mürəkkəb olmasa da, uzun çəkir. İçəri daxil olan ziyarətçilər əvvəl Krişnanın elə dərgahındaca diz çökür, alınlarını yerə döyür, hətta uzanır, sonra Krişnanın iri rəsminə yaxınlaşaraq, onu öpür, Krişnanın ayaq izləri olan lövhəni öpür, sonra lövhənin altında hazır qoyulmuş nəm əski parçası ilə həmin lövhəni silib-təmizləyib, yerinə qoyurlar. Və sonra bütün ibadətçilərə qoşulub, “Hare Krişna” deyə dualarını təkrarlayırlar. Monoton, eyni ahənglə keçən dua isə qurtarmaq bilmir. Dua zamanı ibadətçilər bir-birinin üzlərinə gülümsəməkdə, pıçıltı ilə xoş sözlər deməkdə davam edir...
“Biz bir növ monax həyatı yaşayırıq...”
Gülümsər ibadətçi qadınlardan birindən soruşanda ki, məbədlə bağlı suallarıma burada kim cavab verə bilər, mənə məbədin daimi sakinlərindən olan Babək müəllimi (krişnaçılar ona öz aralarında necə deyirlər, unutdum) məsləhət bildi. Ucaboy, enlikürək, üzü narın tüklü, bədən quruluşundan və sifətindən Tibetdəki sağlam və yaraşıqlı monaxlara oxşayan Babək müəllim dar məbəddə mənə müsahibə verməyə balaca bir hücrə tapdı. Babək müəllimdən müsahibə almaq üçün həmin balaca hücrəyə daxil olanda bir kənarda yığışdırılmış yorğan-döşək, bir neçə vacib məişət əşyası görəndə başa düşdüm ki, məbədin bəzi daimi sakinləri gecələr bu hücrədə yatır. Təvazökar Babək müəllim utancaq bir şəkildə məndən hücrədəki səliqəsizliyə görə üzr istədi. Amma utancaqlığına rəğmən məndən içəri keçərkən, ayaqqabılarımı soyunmağımı xahiş elədi. Və biz bu Krişna məbədində monax həyatı yaşayan adamlardan biri ilə çox rahat və gülərüz keçən söhbətimizə başladıq.
Məbədi dolandıran “Fədailər”...
Babək müəllimin sözlərindən məlum oldu ki, məbəd hələ ötən onilliyin ortalarından paytaxta fəaliyyət göstərir. Amma krişnaçılar Bakıda lap əvvəllər də olub. Məbəd müxtəlif işlərdə çalışan və əməkhaqlarının bir qismini məbədə bağışlayan “fədailərin” hesabına özünü dolandırır. Bu “fədailərin” sayı isə 300-ə yaxındır. Məbəd səhər-axşam buraya sığınacaq, ibadət və ya sadəcə ruhunu təmizləmək üçün gələnlərin üzünə açıqdır. Hətta gündə bir dəfə məbəd öz hesabına ziyarətçilərə yemək də verir. Təbii ki, həmin yeməklərin tərkibində ət və canlı orqanizmdən gələn heç bir qida olmur. Məbədə təşrif buyuranların hamısının Krişnaya etiqad etməsi vacib deyil. Ruhunu təmizləmək, rahat, xoş ovqatla ibadət edənlərin arasında olmaq istəyən hər kəsin üzünə məbədin qapıları açıqdır.
Yeri gəlmişkən, buraya təkcə hindlilər deyil, xeyli sayda azərbaycanlılar, hətta ruslar da gəlir, ibadət edirlər...
Məbəddə toy və Krişna ocağını gözdən salan adamlar...
Bu hələ harasıdır? Məbəd Krişnaya etiqad edən cütlüklərin toyunu da öz üzərinə götürür. Toy mərasiminin necə keçməsini bilmək üçünsə hər hansı bir hind filminə baxmaq kifayətdir.
Amma bura Azərbaycandır. Məbədin xeyir əməllərindən istifadə edib, sonra kənar yerlərdəki hərəkətləri ilə onu gözdən salanlar da az deyil. Babək müəllim təəssüflə bildirdi ki, burada Krişna süfrəsindəki ətsiz, içkisiz təamlardan yeyən, özünü məbədin ziyarətçisi kimi qələmə verən adamlar bəzən müxtəlif restoranlarda ət yeyən, spirtli içki qəbul edən vaxtda görünürlər və bununla da məbədin səmimiyyətinə şübhə yaradırlar.
Babək müəllimin sonrakı söhbətlərindən məlum oldu ki, bayaqkı şübhəmdə yanılmamışam. Məbədin kişi xidmətçilərindən çoxu elə məbəddəcə yaşayır. Babək müəllim də həmçinin. “Biz burada əsl monax həyatı yaşayırıq” dedi Babək müəllim. Həyətin səliqə-sahmanı, abadlığı da elə onların sayəsində qorunub-saxlanır. Məbədin sakinləri onlarla qurtarmır. Bəzən gecələməyə yeri olmayan, evsiz-eşiksiz adamlara da məbəd sığınacaq verir. Babək müəllim təəssüflə qeyd etdi ki, bu sığınacağın ömrü uzun olmur. Onlar Krişna dərgahına gələnləri yalnız bir neçə gün saxlayıb, yedirib-içirə bilirlər. Məbədin maddi imkanları bundan artığına imkan vermir.
“Məbəd heç kimə pul paylamır!”
Söhbətimizin sonunda hamını maraqlandıran sualı da Babək müəllimə verdim: “Deyilənə görə, siz ziyarətçiləri məbədə pulla və ya hansısa maddi nemətlərlə şirnikdirib, gətirirsiniz...” Doğrudur, bayaqdan çox səmimi, rahat keçən söhbətin sonunda belə bir sual vermək məni yüngülvari utandırdı, amma ta soruşdum da!
Babək müəllim isə halını da pozmadı: “Xanım, bu gün Krişna etiqadına görə, bayramlardan biridir. Görün, bura nə qədər az adam yığışıb. Əgər biz bura gələnlərin hərəsinə həftədə heç olmasa iki manat versəydik, onlar buradan əl çəkməzdilər”.
Nə deyim? Ağlabatandır.
Babək müəllimin balaca hücrəsindən çıxıb, həyətdə ibadət otağına keçmək üçün sıralanan sarili, parlaq bərbəzəkli qadınların arasından keçib, Krişna məbədindən çıxdım.
Darvazanın düz qapısında məbədə keçmək istəyən iki sarı sarili qızdan biri o qədər gözəl idi ki, ondan şəklini çəkməyə icazə verməsini xahiş etdim. Qazdın razılıq alıb, ömrümdə gördüyüm ən gözəl qızı fotolentə alıb, “ziyarət”imi bitirdim...
Günel Mövlud

2061