Qurgenin Bakıda yaşayan oğlu danışdı - EKSKLÜZİV
06 aprel 2009 13:00 (UTC +04:00)

Qurgenin Bakıda yaşayan oğlu danışdı - EKSKLÜZİV

“Rəhmətlik sağ olan vaxtı biz utanırdıq”

Azərbaycan Ali Məhkəməsində Bayramov Ədalət Qurgen oğlunun kassasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, o, məhkəmə iddiasını Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinə qarşı qaldırıb. Belə ki, bu şəxs Bakının Nərimanov rayonu, Aşıq Molla Cuma küçəsi-3q ünvanında ev tikərək yaşamağa başlayıb. Sonradan isə həmin evə qeydiyyata düşmək istəyib. Qeydiyyata düşmək üçün o, Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edərək həmin şəxsi qeyd olunan ünvana qeydiyyata götürülməsi barədə qərar qəbul edib. Lakin sonradan Nərimanov rayon İcra Hakimiyyəti Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək qeydiyyatla bağlı onlarda məlumat olmadığını əsas göstərərək qeydiyyatın ləğv olunmasını istəyib. İcra Hakimiyyəti məhkəməyə birinci instansiya məhkəməsində qərar qüvvəyə minəndən sonra müraciət etdiyindən müddətin ləğv olunmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi iddianı təmin edib. Qarşı tərəf Azərbaycan Ali Məhkəməsinə müraciət edib. Ali Məhkəmənin hakimi İslam Əliyev əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ə.Bayramovun atasının adı (Qurgen) erməni millətinə məxsus ad olduğundan Lent.az onun milliyyətilə maraqlanıb. Lakin o, vəfat etmiş atasının pasportunu təqdim edərək, Qurgen Bayramovun əslində azərbaycanlı olduğunu bildirib. Məlum olub ki, Sovet pasportu olan sənəddə həqiqətən də “azərbaycanlı” yazılıb.

“Atam br dəfə Ermənistanda, bir dəfə isə Şuşa türməsində həbsdə də olub. Rəhmətlik sağ olan vaxtı biz utanırdıq. Məktəbdə valideynlərin adları soruşularkən atamın adı məlum olurdu. Mən də gəlib evdə ağlayırdım, deyirdim ki, ay ata, hamı deyir bu nədi. “Atası ermənidi”, deyib gülürdülər. Neçə dəfə sənəd-zad düzəltdi ki, gedib adını dəyişsin. Ancaq alınmayıb. Bunu əvvəlcədən düşünmək lazım idi ki, gələcəkdə övladları problemlə üzləşməsin”.

Bununla yanaşı Ə.Bayramov vurğulayıb ki, atasının erməni adı daşımasına baxmayaraq, heç bir rəsmi qurum, o cümlədən məhkəmələr tərəfindən ayrı-seçkiliklə üzləşməyib. Ə.Bayramov özünə qarşı haqsızlıq törədilməsi iddiası ilə çıxış etməsinə baxmayaraq, bunu da atasının adının Qurgen olması ilə əlaqəsinin olmadığını bildirib.

O, mülki işi ilə bağlı Ali Məhkəmənin Plenumuna müraciət etmək fikrindədir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692

Oxşar yazılar