Gəncədə kəsilən nəhəng paxlava MDB-nin Rekordlar Kitabına düşüb
16 mart 2009 16:00 (UTC +04:00)

Gəncədə kəsilən nəhəng paxlava MDB-nin Rekordlar Kitabına düşüb

Paxlavanın Ginnesin Rekordlar Kitabına salınması üçün rəsmi müraciət olunub

Bu gün Rusiyanın və MDB-nin Rekordlar Kitabının baş redaktoru, Ginnesin rəsmi nümayəndəsi Aleksey Svistunov, İqor Ximtsov və Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda Aleksey Svistunov Gəncədə Novruz bayramı münasibəti ilə hazırlanmış, uzunluğu 12 metr, eni 4 metr, çəkisi 3 ton olan bayram paxlavasının MDB Rekordlar Kitabına salınmasını təsdiqləyən diplomu Eldar Əzizova təqdim edib. Ginnesin rəsmi nümayəndəsi KİV nümayəndələrinə müsahibəsində bildirilib ki, nəhəng paxlavanın Ginnesin Rekordlar Kitabına salınması üçün Londondan gətirilmiş sənədlər doldurulub və rəsmi olaraq müraciət olunub. Hazırda cavab gözlənilir. “Gəncəyə ilk dəfədir, gəlirəm. Bu şəhər çox xoşuma gəldi. Paxlava da ləzzətli idi. Mənə verilən məlumata görə, Gəncədə ötən il hazırlanan paxlavanın uzunluğu bu dəfəki şirniyyatdan 1 metr az olub. Şirniyyatın enində və çəkisində də fərq var. Paxlavanın həm dadına, həm də böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına düşəcəyinə ümid edirəm. Şirniyyat artıq MDB-nin Rekordlar Kitabına düşüb. Bu isə Azərbaycan müstəqilliyini qazanandan sonra ölkə üzrə kitaba düşən birinci rekorddur. Daha öncə isə Azərbaycandan SSRİ rekordlar kitabına maqnetik sirrə malik Gəncə yolu, 104 il birgə evlilik həyatı yaşayan, 200-dək övlad, nəvə, nəticə payı olan Xatın və İlyas Cəfərovlar ailəsi, eləcə də 167 yaşlı Şirəli Müslimov düşüb” - deyə Aleksey Svistunov qeyd edib.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov isə nəhəng tort və paxlavanın hazırlanmasının artıq Gəncədə ənənə halını aldığını, gələn illərdə şirniyyatların uzunluğunun və çəkisinin artırılacağını bildirib.

Vüsalə Cənnətova
# 1333

Oxşar yazılar