“Benzinin qiyməti aşağı salına bilər”
13 mart 2009 13:30 (UTC +04:00)

“Benzinin qiyməti aşağı salına bilər”

Əli Əlirzayev: “Belə olsa, əhali digər zəruri tələbatlarını ödəmək üçün əlavə imkanlar qazanar”

Bu dəqiqələrdə hökumətin 2008-ci ildəki fəaliyyəti ilə bağlı parlamentdə hesabatı müzakirə olunur. Hesabatda sosial-iqtisadi, mili təhlükəsizlik, mülki müdafiə və digər sahələrlə bağlı aparılan təhlillərin əks olunub. Həmçinin 2009-cu il ərzində böhranın ölkə iqtisadiyyatına təsirinin azaldılması məsələləri də müzakirə edilib. Hələlik isə hökumətin il ərzində hansı sahələrə xüsusi diqqət yetirəcəyi tam müəyyənləşməyib.

Sabiq millət vəkili, iki çağırış müddətində parlamentin iqtisadi siyasət daimi komissiyasının üzvü olmuş YAP Siyasi Şurasının üzvü Əli Əlirzayev Lent.az-a müsahibəsində qlobal iqtisadi böhranın təsirlərindən və hökumətin bu il ərzində həyata keçirməli olduğu tədbirlərdən danışıb:

- Qlobal iqtisadi böhranın Azərbaycana təsirini heç kəs istisna edə bilməz. Çünki Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya etmiş ölkədir. Bunun nəticəsində dünyada baş verən iqtisadi proseslər Azərbaycana da təsir edir. İndi bu təsiri azaltmaq üçün hökumət çox ciddi tədbirlər görməlidir. Böhranın ölkə iqtisadiyyatına təsirinin davamlı, yoxsa ötəri olması hökumətin antiböhran siyasətindən çox asılıdır. Hələlik isə böhranın təsirini azaltmaq, ölkənin bu problemlərdən az itkilərlə çıxması üçün kifayət qədər potensial var. Bu potensial valyuta ehtiyatları, işçi qüvvəsi, neft ehtiyatları, xarici bazara çıxmaq imkanlarının genişliyi ilə ölçülür. Üstəlik həm dövlətin özünün, həm də əhalinin müəyyən təbəqəsinin iş görmək üçün lazımi qədər pulu var. Bütün bunlar böhranın Azərbaycana kəskin təsirinin qarşısını almağa imkan verir. Bununla yanaşı Azərbaycanda yalnız bazarla birbaşa əlaqəsi olan sahibkarlar da var ki, onlar məhsulu sata bilmədikdə müəssisəni bağlamağa məcbur olur. Hökumət çalışmalıdır ki, hansısa müəssisədə məhsuldarlıq aşağı düşsə də, istehsal prosesi tamamilə dayanmasın. Bunun üçün belə müəssisələrə dövlət təcili yardım etməli, çevik və konkret proqramlar işləyib ortaya qoymalıdır.

- Bu proqramlar necə hazırlanmalıdır, orada hansı sahələrin inkişafına daha çox diqqət yetirilməlidir?

- Hər şeydən əvvəl ölkədə kompleks antiböhran proqramı hazırlanmalıdır. Bu böhran mütləq bir neçə il əvvəl hazırlanmış antiinflyasiya proqramına əsaslanmalıdır. Qeyri-neft sektorunda, xüsusən də aqrar sahədə inkişafın yüksəlməsi üçün dəqiq hədəflər müəyyən edilməlidir. Hökumət biznes strukturlarına istehsal etdikləri məhsulu xarici bazara çıxarmasına şərait yaratmalı, inhisarçılığı aradan qaldırmalıdır. Mən təklif edirəm ki, kənd təsərrüfatı məhsulları xammal şəklində deyil, konservləşdirilmiş, yaxud da emal edilmiş şəkildə xarici bazara çıxarılmalıdır. Məsələn, neft məhsullarını xammal şəklində xarici bazara çıxarmaqdansa, onu emal edib bir neçə məhsul formasında satmaq daha sərfəlidir. Bununla həm də yeni iş yerləri yaratmış olarıq. Belə olsa, sürtgü yağları və digər neft məhsullarının istehsalından daha çox gəlir əldə edə bilərik. Bundan başqa, hökumət iri investisiya layihələrini geri atıb nisbətən yüngül xərclərlə başa gələn layihələrə üstünlük verməlidir. Yəni əhalinin, yaxud da istehsalçıların tələbinə uyğun olaraq, marketinq strukturu çevik şəkildə dəyişilməlidir. Həmçinin bəzi məhsulların qiyməti aşağı salınmalı, xaricdən ölkəyə gətirilən bir sıra məhsulların həcmi azaldılmalıdır.

- Benzinin və digər enerjidaşıyıcılarının qiymətinin aşağı salınması mümkündürmü?

- Əlbəttə mümkündür. Çünki benzini ucuz qiymətə xaricə satırıqsa, deməli, bu, daxildə də mümkündür. Həm də indiki böhran şəraitində benzini daxili bazarda ucuz qiymətə satmaq daha vacibdir. Biz büdcəmizi doldurmaq xatirinə nefti xammal şəklində ucuz qiymətə xaricə satırıq. Belə çıxır ki, biz vergi inzibatçılığını da artırmalıyıq. Ancaq hökumət başa düşür ki, vergi inzibatçılığını artırmaqla ölkədə iqtisadi mühit daha da pisləşər. Bu prinsipi neft məhsullarının satışı sahəsində də gözləmək olar. Yəni nefti xammal şəklində ucuz qiymətə satmaqda, onu neft emalı zavodlarında yanacaq, avtomobil və təyyarə benzini, sürtgü yağları şəklində emal edib bazara çıxarmaq daha çox faydalı olar. Bu, həm də benzinin daxili bazarda qiymətinin bir neçə dəfə aşağı salınmasına şərait yarada bilər. Benzinin qiymətinin ucuzlaşdırılması təkcə avtomobili olan əhali üçün yox, həm də kommunal sahədə, aqrar sektorda neft məhsullarından istifadə edən şəxslərin də xərclərini azaldar. Ona görə də hökumət böhran şəraitində qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, qiymət siyasətində müəyyən dəyişiklik etməlidir. Belə olsa, əhali digər zəruri tələbatlarını ödəmək üçün əlavə imkanlar qazanar.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1579

Oxşar yazılar