Qarabağdan nəşəyə - DEPUTAT YAZIR
09 oktyabr 2012 16:22 (UTC +04:00)

Qarabağdan nəşəyə - DEPUTAT YAZIR

Ölkədə ən ciddi problemləri təsnifləşdirməyə başlasaq, mübahisəli vəziyyət yaranacaq. Ekran qarşısında və ya internet mediada çoxumuza sual yönəltsələr ki, “əsas ümummilli problemimiz nədir?”, çək-çevir etmədən Qarabağ deyəcəyimizə şübhəm yox. Molla Nəsrəddinin kütlə qarşısında öz uzunqulağı ilə davranarkən qarşılaşdığı çətinlikləri unutmuş deyilik. Hamı hər şeyin eyni vaxtda, eyni mətn içində dilə gətirilməsini tələb edir. Cəmiyyəti əsl həqiqətdə mollanın uzunqulağın üstündə, yanında, yaxud uzunqulağın mollanın üstündə getməsi maraqlandırmır. Cəmiyyəti sadəcə sementləşmiş standartların dəyişib-dəyişməməsi maraqlandırır.

“Əsas problemimiz Qarabağdır!” deyən Azərbaycan cəmiyyəti əslində ən böyük səmimiyyətsizliyi burada nümayiş etdirir. ATƏT-in Minsk Qrupundan başqa, bir də ara-sıra atəşkəsi pozmağa əmr verən rus-erməni hərbi elitasından savayı kimsəmiz bu məsələnin içində yoxuq. Məsələ haqqında hamımız danışırıq, bəyanat veririk, duyğusal hədələr səsləndiririk, ancaq məsələnin içində yoxuq. İtirdiyi zamana qayıda bilməyən insan kimi itirdiyimiz məkana qayıtmaq istəyən kimsələrə oxşamırıq. Bu, pessimizm deyil, günümüz insanının yaşadıqlarına münasibətdən irəli gələn acı gerçəklərdir. Ona görə də hamımızın içində dolaşıb qaldığı məsələlərə öncəlik vermək, bəlkə içində olmadığımız mövzuları çeynəməkdən daha faydalı olardı. Məsələn, Azərbaycan gəncliyinin ciddi rəqəm sayı ilə göstərilə biləcək hissəsi narkotik aludəçiliyindən əziyyət çəkir. Təkcə gənclikmi? Məmurların, imkanlıların, yoxsulların içində narkotik istifadəçilərinin sayı günbəgün artmaqdadır. Xüsusi çevrələr rəsmi məqamlarda oturan şəxslərin övladlarını belə bu yola cəlb etmək üçün sistemli çalışmalara davam edirlər. Rəsmi statistikalar tamamilə aldadıcıdır və bu bəlanın ağır nəticələri yüzlərlə ailənin boşanma, dağılma səbəblərində, yüzlərcə vaxtsız ölümlərdə rahatca görünə bilər.

Vaxtilə ABŞ səfirliyi orta məktəblərimizdə narkotik vasitələrdən istifadə edənlərin sayı barədə rəqəm açıqlamışdı və bu, guya ki, bizim qürurumuza toxunmuşdu, ancaq səmimi deyə bilərəm ki, vəziyyət onların təsəvvür etdiklərindən də vahiməlidir. Demokratik ölkələrdə buna kriminal kimi deyil, xəstəlik kimi baxılır. Ona görə də bu xəstəliyə düçar olanlar özlərini gizlətməyə meyl göstərmirlər, yaradılmış müalicə imkanlarından yararlanmağa çalışırlar. Bizdə isə həbsxanalarda məhkumların böyük əksəriyyəti ya narkotik aludəsi, ya da satıcısıdır. Azadlıqda olanların isə sayı-hesabı yox. Cəzalar da 8 ildən yuxarıya doğru məhkəmələrdə comərdcəsinə paylanır. BMT, Avropa humanitar təşkilatları külli miqdarda pullar ayırır, sağlığımıza qənim kəsilmiş səhiyyə sistemimizə bunun üçün büdcədən vəsait də nəzərdə tutulur, ancaq ortada effektli müalicə şəbəkəsi yox. Müalicə-profilaktik müəssisələrin olmaması, xüsusi müalicə kurslarının həyata keçirilməməsi sonda bu xəstəliyin daşıyıcılarının şəbəkəsinin daha da genişlənməsinə gətirib çıxarır. Bölgələri əhatə edən narkodispanserlərdə isə sağalmaz xəstələr peşəkarlığı və maaşı aşağı olan həkim və tibb bacılarının ümidinə qalmış. Əslində Azərbaycanda tibb sahəsində titul tapmaq problem deyil, müasir bilgiləri mənimsəmiş mütəxəssis tapmaqsa müşkül işdir. Hamımız bilirik ki, kimsənin övladı, yaxınları bu bəladan sığortalanmayıb. Törədilən məişət xarakterli cinayətlərin çoxunda narkotikin və alkoqolun təsiri hədsiz böyük. Ona görə də daha yaxınımızda olan ümummilli problemlərin həllini arxa planda saxlamaq olmaz.

Çıxış yolu narkotik maddələrin istifadəçilərinə potensial xəstələr kimi baxılması və onların müalicəsi üçün dövlətin bütün sosial institutlarının səfərbər olmasıdır. Biz orta məktəblərdə din dərslərinin vacibliyini ona görə hər dəfə vurğulayırıq ki, bu dərslər həm də uşaqlara narkotikdən, alkoqoldan uzaq durmağı təlqin edir. Bu sahədə keyfiyyətli mütəxəssislər hazırlığına xüsusi diqqət ayrılmalıdır. Könüllü xidmət etmək istəyənlərə həvəsləndirmə tədbirləri artırılmalıdır. Bütün idman kompleksləri, o cümlədən sanki gözəllik müsabiqəsi üçün tikilmiş Olimpiya komplekslərinin qapısı pulsuz şəkildə insanlarımızın ixtiyarına verilməlidir. Valideynlər, yaxın qohumlar bu xəstəlikdən əziyyət çəkənlərlə münasibət yaratmaq üçün təlimatlandırılmalıdırlar. Bir sözlə, dövlət və cəmiyyət bu xəstəliyin müalicə və profilaktikasını zaman itirmədən HƏLL ETMƏLİDİR!

“Qarabağ uğrunda mübarizə”, “Hakimiyyət uğrunda mübarizə”, “Korrupsiyaya qarşı mübarizə”, “Narkomaniyaya qarşı mübarizə” pafosu altında nə aparırıqsa-aparaq, ancaq anlayaq ki, burada sadəcə on minlərlə açıq və ya gizli narkoman olan insanın müalicəyə ehtiyac var. Qanı zəhərlənmiş insanı “Yaşamaq uğrunda mübarizə”dən başqa bir şey düşündürməyəcək. O cümlədən QARABAĞ UĞRUNDA MÜBARİZƏ də...
# 1388

Oxşar yazılar