Xarici qrant şəbəkəsi yenidən aktivləşib
Hədəf ölkələrdə qərəzli informasiya ilə özünəməxsus təsir dairəsi formalaşdırmağa çalışan xarici qrant şəbəkəsi yenidən ölkəmizdə aktivləşməyə uğursuz cəhdlər edir.
Lent.az-ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, “Abzas Media”, “Meydan TV”, “Hamam Times TV” kimi internet media resurslarının Avropa ölkələrindəki nümayəndələri maliyyənin gizli üsullarla Azərbaycana keçirilməsi üçün “Abzas Media”nın redaktoru Minaxanım Əliyarlının keçmiş həyat yoldaşı, jurnalist Anar Abdulla ilə əlaqəyə keçib, sonuncu da öz növbəsində vəsaitlərin aidiyyəti üzrə çatdırılmasını təşkil edib.
Gizli planlar ifşa edildi...
“Meydan TV”nin rəhbəri, Almaniyada yaşayan ABŞ vətəndaşı Metyu Kasper, donorlardan əldə etdiyi vəsaiti Azərbaycana göndərmək üçün “Meydan TV”nin Almaniya ofisinin əməkdaşı Orxan Məmmədov vasitəsilə Anar Abdulla ilə əlaqə qurub.
“Abzas Media”da isə yeni maliyyə meneceri Sübhan Həsənli bu istiqamətdə Anar Abdulla ilə dırnaqarası “iş birliyi” təşkil edib. Əfqan Muxtarlının keçmiş həyat yoldaşı, “Abzas Media”nın Almaniyada yaşayan keçmiş baş redaktoru Leyla Mustafayeva və medianın həbsdə olan direktoru Ülvi Həsənli arasında qrant vəsaitlərinin bölüşdürülməsi üstündə yaranan maliyyə qalmaqalından sonra Sübhan Həsənli maliyyə meneceri vəzifəsinə gətirilib. Sübhan Həsənlinin etibarlı şəxs kimi maliyyə işlərinə rəhbər təyin edilməsində, həbsdə olan baş redaktor Sevinc Vaqifqızı ilə aralarındakı şəxsi münasibətlər böyük rol oynayıb. Eyni zamanda onun özünü QHT sektorunda aktiv biri kimi göstərməsi və Azərbaycana qarşı qərəzli kampaniyaları maliyyələşdirməkdə maraqlı olan “Internews”, “People in Need”, “National Endowment for Democracy” və digər təşkilatlarla sıx əməkdaşlığının mövcud olması nəzərə alınıb.
Məmməd Əzizov isə xaricdə yaşayan Emil Novruzov, İslam Şıxəlizadə və Turxan Kərimovu ətrafında toplayaraq, gizli saxlamağa çalışdığı həmin heyətlə “Hamam Times TV” media resursunu Avropadan idarə etməyə başlayıb. Ölkə gündəmi haqqında qərəzli materiallar paylaşacağına dair öhdəlik götürərək onlara maliyyə ayırmaqda qrant təşkilatların marağını oyadıb.
Bundan əlavə, Məmməd Əzizov dostu Anar Abdullanı donorlara “Hamam Times”ın Azərbaycanda fəaliyyət göstərən nümayəndəsi kimi təqdim edib. Anar Abdullaya həvalə edilmiş işin öhdəsindən necə gəldiyini yoxlamaq üçün test olaraq Avropadan Azərbaycana 31 min manat ekvivalentində xarici valyuta gizli yolla göndərilib, Anar Abdulla da öz növbəsində vəsaitin lazım olan ünvanlara çatdırılmasını təmin edib.
Pullar Azərbaycana hansı yollarla gətirilir?
Donorların ayırdığı maliyyənin ölkəyə qanunsuz çatdırılması iki üsulla aparılıb.
Birinci üsul - Avropadan Azərbaycana səfər edən sərnişinlə diqqət cəlb etməmək üçün kiçik məbləğlərdə nağd şəkildə göndərməklə həyata keçirilib. Bu halda Avropadan ölkəyə səfər edən və gətirdiyi vəsaitin təyinatından məlumatsız şəxslərə üstünlük verilib.
Belə ki, “Abzas Media”nın maliyyə meneceri Sübhan Həsənli donorların ayırdığı vəsaitin bir hissəsini xaricdə yaşayan İsmi Şahzadəyə təqdim etdikdən sonra, sonuncu da öz növbəsində tanışı – 23 iyun 2025-ci il tarixdə saat 04:00-da Gürcüstanın Tbilisi Beynəlxalq Aeroportundan C-28238 nömrəli reyslə Azərbaycana gəlmiş və şərti adı Gülnarə Məmmədova olan sərnişin vasitəsilə ölkəyə çatdırılmasını təmin edib. Anar Abdulla 24 iyun 2025-ci il tarixdə həmin qadınla Yasamal rayonu, Qutqaşınlı küçəsində görüşərək ondan pulu götürdükdən sonra iz buraxmamaq məqsədilə xarici valyutanı rəsmi məntəqələrdə deyil, əvvəllər bankda işləmiş, hazırda isə qanunsuz valyuta mübadiləsi ilə məşğul olan Bəxtiyar Məmmədov vasitəsilə dəyişib.
İkinci üsul – Avropadakı bank hesabından yerli bank kartlarına hissə-hissə köçürmə yolu ilə həyata keçirilib. Anar Abdulla qrant vəsaitlərinin köçürülməsi zamanı maliyyə nəzarəti tədbirlərindən yayınmaq məqsədilə media və ictimai sektora aidiyyəti olmayan dostları – Süleyman Cəfərov, Rza Quliyev, İsmayıl Qarayev, Fuad Məmmədov, xalası oğlu İlqar Mürsəlov və qonşusu Baycan Vahidliyə məxsus bank kartı məlumatlarını Avropadan qanunsuz maliyyələşməni həyata keçirən şəxslərə göndərib. “Meydan TV”nin Berlin ofisinin əməkdaşı Orxan Məmmədov isə ödənişləri gizliliyi təmin etmək məqsədilə sevgilisi, ispan əsilli Rebeka Kanselanın bank hesabından göndərib. Qeyd olunan üsulla “Hamam Times TV”nin ölkədəki müxbiri kimi fəaliyyət göstərən Fərqanə Noğruzovaya da ödənişlər Anar Abdulla vasitəsilə çatdırılıb.
Xarici təşkilatlardan vəsait əldə edən Sübhan Həsənli “Revolut” bankının Vilnüs şəhərində yerləşən filialında açılmış hesabdan Anar Abdullanın təqdim etdiyi hesablara göndərişlər edib. Anar Abdulla 17 iyun 2025-ci il tarixdə “Abzas Media”nın jurnalisti Sahilə Aslanova ilə görüşüb, 8165 manat vəsaiti ona təqdim edib. Bir neçə gün sonra isə Anar Abdulla yenə eyni qaydada 2000 avronu manata dəyişərək Sahilə Aslanovaya çatdırıb.
Vəkillərin pulu da gizli gətirilirmiş…
Vəsaitləri qəbul edən Sahilə Aslanova media resursunun digər əməkdaşı Minaxanım Əliyarlıya çatacaq ödənişi vermək üçün Səbail rayonu, Nizami küçəsində yerləşən “Kofilaros” adlı kafedə görüşüb. Daha sonra Sahilə Aslanova “Abzas Media”nın digər əməkdaşı Şəmistən Həziyev üçün nəzərdə tutulmuş vəsaiti ona təqdim etmək üçün Səbail rayonu, İslam Səfərli küçəsində görüşüb. Maraqlı məqamlardan biri də odur ki, “Abzas Media”nın vəkil ödənişləri üçün mərkəzi ofisi Amsterdamda yerləşən “Free Press Unlimited” beynəlxalq media təşkilatı tərəfindən maliyyə ayrılsa da, vəsait vəkillərə çatdırılmadan yoxa çıxıb. Buna görə də cəmiyyətə özlərini həbs edilmiş media işçilərinin təmənnasız müdafiəçiləri kimi təqdim edən bir neçə vəkil, donorlar tərəfindən vəd olunmuş vəsaitləri Anar Abdulladan tələb edib. Vəkillər ödəniş edilməyəcəyi halda növbəti məhkəmə instansiyalarında iştirakdan imtina edəcəklərini bildirdikdən sonra Sübhan Həsənli qısa müddət ərzində maliyyənin Anar Abdullaya göndərilməsini təmin edib. Anar Abdulla da öz növbəsində 1 iyul 2025-ci il tarixdə vəkil Günay İsmayılova ilə yaşadığı ünvana yaxın ərazidə, vəkil Zibeydə Sadıqova ilə isə Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən ofisində görüşərək vəsaiti onlara təqdim edib.
Eyni zamanda, Anar Abdulla həbsdə olan Ramin Cəbrayılzadə, Aytac Əhmədova və Şəmşad Ağayevi istintaqla əməkdaşlıqdan çəkindirmək üçün donorların göndərdiyi maliyyəni onların yaxın qohumlarına çatdırıb. Xarici xüsusi xidmət orqanlarının kölgəsi olan bəzi donor təşkilatlar ölkədə təsir dairələrini genişləndirmək üçün nə qədər qanunsuz yollara baş vursalar da, onların bütün cəhdləri sonda uğursuzluqla nəticələnir.
Göstərilənlərlə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.