Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə  gətirib çıxarır
24 iyul 2025 04:23 (UTC +04:00)

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

Smartfonu 13 yaşına çatmamış əldə edən uşaqlar böyüdükdə daha çox narahatlıq, yadlaşma hissi keçirir və intihar barədə düşünürlər. BBC-nin məlumatına görə, bu qənaətə 163 ölkə və ərazidən 100 mindən çox yeniyetmənin iştirak etdiyi qlobal tədqiqatın müəllifləri gəliblər.

Lent.az-ın verdiyi xəbərə görə, “Journal of Human Development and Capabilities” jurnalında dərc olunan tədqiqatın müəllifləri xəbərdarlıq edirlər ki, uşaqların çox erkən yaşlarında smartfondan istifadə etmələri onların zəif formalaşmış psixikasında ciddi pozuntulara gətirib çıxara bilər.

Üstəlik, təhlil edilən məlumatlar (bütün iştirakçılar 18–24 yaş arasında olublar) birbaşa asılılığı ortaya qoyur. Uşaq telefona nə qədər tez sahib olursa, gənc yaşda psixi sağlamlıq problemləri yaşamaq riski də bir o qədər artır.

“Ən ağır nəticələr smartfonu 13 yaşdan əvvəl əldə edənlərdə müşahidə olunur. Bu xüsusilə qızlara aiddir. Onlarda narahatlıq səviyyəsi yüksəlir, özlərini reallıqdan qopmuş kimi hiss edirlər və bəzən intihar düşüncələri də olur”, - deyə tədqiqatın aparıcı müəllifi, ABŞ-ın “Sapien Labs” analitik mərkəzindən professor Tara Tyaqaraca söyləyir.

Gənclərin psixi sağlamlıq vəziyyəti MHQ (Mind Health Quotient – Zehni Sağlamlıq İndeksi) indeksi ilə qiymətləndirilib. Bu indeks emosional, idrak və sosial funksiyaların səviyyəsini nəzərə alır.

Smartfonu 13 yaşında əldə edənlərdə MHQ göstəricisi orta hesabla 30 bal olub. Cəmi 5–6 yaşında telefondan istifadə etməyə başlayanlarda isə bu göstərici sıfıra qədər enib.

Bu fərqlər xüsusilə qadınlarda nəzərəçarpacaq dərəcədədir: 5–6 yaşından smartfondan istifadə etməyə başlayan qızların təxminən yarısında (48 faiz) ifadəli intihar düşüncələri müşahidə olunub. Halbuki 13 yaşında telefon alanlar arasında bu göstərici təxminən iki dəfə aşağıdır, yəni, hər dörd qızdan birində (28faiz).

Oğlanlar arasında da bu fərq aydındır: erkən telefon alanlarda 31 faiz, 13 yaşdan sonra alanlarda isə 20 faiz.

Uşağın psixi sağlamlığını nə pozur?

Tədqiqat müəlliflərinin sözlərinə görə, əsas səbəb uşağın cihazın özünə deyil, onun vasitəsilə sosial şəbəkələrə, xüsusən də süni intellekt alqoritmləri ilə işləyən platformalara çıxışıdır.

Uşağın internetlə çox erkən tanışlığı gənclərin psixi problemlərinin təxminən 40 faizinin səbəbidir. Bura kibertəzyiq, yuxu pozuntuları və ailə əlaqələrinin zəifləməsi daxildir.

İngilisdilli ölkələrdə vəziyyət daha kritikdir: ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada uşaqlar ortalama 11 yaşında smartfona sahib olurlar. Bu ölkələrdə sosial şəbəkələrin təsiri daha güclüdür və xüsusən də qızlarda psixi pozuntuların 70faiz-ə qədərini izah edir.

Tədqiqat bir sıra tədbirlər təklif edir:

• Məktəb proqramlarında rəqəmsal gigiyena üzrə mütləq təhsil;

• Rəqəmsal platformalarda istifadəçi yaşının ciddi yoxlanılması;

• 13 yaşa qədər uşaqların sosial şəbəkələrə çıxışının qəti qadağan olunması;

• İnternetsiz və sosial şəbəkəsiz “uşaq telefonları” bazarının inkişafı.

“Texnologiyalar qanunvericilikdən sürətlə inkişaf edir. Təklif edirik ki, daha böyük ayıqlıq göstərərək qabaqlayıcı tədbirlər görək”, - deyə professor Tyaqaraca qeyd edib.

Bəzi ölkələr uşaqların erkən yaşlarında smartfondan həddən çox istifadə etmələrinin qarşısını almaq üçün qanunvericilik çərçivəsində həll yolları axtarır.

Fransada ibtidai və orta məktəblərdə smartfonlara qadağa qoyulub.

Çin populyar rəqəmsal platformalara uşaqlar və yeniyetmələrin ekran qarşısında keçirdiyi vaxtı məhdudlaşdırmağı tapşırıb.

ABŞ-ın bir neçə ştatında yaş yoxlamasının məcburi olması və şirkətlərin dərc etdiyi paylaşımlara görə məsuliyyət daşıması ilə bağlı qanun layihələri müzakirə edilir.

Lakin tədqiqatçılar xəbərdarlıq edirlər ki, tək valideynlərin atdığı fərdi addımlar bu qlobal problemi həll edə bilməz. Sistemli yanaşma olmadıqca, gələcək nəsil emosional baxımdan zəif və sosial baxımdan dezoriyentasiya olunmuş şəkildə formalaşa bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar