Hitlerin “yeyə” bilmədiyi Bakı – ARAŞDIRMA
20 avqust 2012 15:05 (UTC +04:00)

Hitlerin “yeyə” bilmədiyi Bakı – ARAŞDIRMA

Böyük Vətən Müharibəsi mövzusunda çəkilmiş məşhur filmlərin birində Hitler də daxil olmaqla düzənlənmiş xudmani bir məclisdə tort kəsilir. Təxminən SSRİ-nin xəritəsinə bənzəyən tortun "Bakı" yazılan hissəsi kəsilir, neftin simvolu kimi üstünə qara şokolad mayesi süzülür və fürerə təqdim edilir...


«Bakı»lı tortun ad günündə fürerə təqdim olunmasının Sovet rejissorunun fantaziyası olduğu heç kimdə şübhə doğurmur. Əlbəttə, bu məşhur kadrlar rejissor əməyinin məhsuludur və Azərbaycan paytaxtının faşist Almaniyası üçün daşıdığı önəmin yüksək səviyyədə ekran həllidir. Ancaq kadrların məzmununda böyük həqiqət payı da var...


"Zəngəzur - mis, Bakı isə neft fontanıdır...»

Almaniyanın SSRİ-ni işğal eləmək üçün tərtib olunan «Barbarossa» planında Azərbaycan və Bakının işğalına xüsusi yer verilirdi. Həmin planın təsdiqi ilə əlaqədar Berqhofda yığılmış müşavirədə Hitler açıq şəkildə bildirmişdi ki, Azərbaycanın neft mədənlərini, Bakı rayonunu ələ keçirmək Almaniya üçün həyati əhəmiyyətə malikdir. O, fikirlərini belə ifadə eləmişdi: «Bakının tarixi missiyası böyük Almaniyanın yanacaq çəni rolunu oynamasındadır».
Ordu generalı Tülenev yazırdı: «Yanacaq məsələsi həmişə alman ordusunun zəif nöqtələrindən biriydi. Almanlar Bakı neftini ələ keçirsəydilər, döyüş qabiliyyətləri xeyli artacaq, bu da müharibənin gedişinə həlledici təsir göstərəcəkdi. Hitler bir zərbəylə Qroznı və Bakı neft mədənlərini ələ keçirməyə çalışırdı».



Bunlarla belə, almanların Bakıyla bağlı planların tarixi bundan da əvvələ gedib çıxırdı. Çünki Sovet-Alman danışıqlarının gizli protokollarının məzmunu açıldıqca iki dövlət arasında soyuqlaşmanın səbəbləri barədə yeni faktlar ortaya çıxır. Hitlerin işğalçılıq planları öz yerində, ancaq Almaniya-Sovet İttifaqı münasibətlərinin gərginləşməsində Bakı amili də rol oynayıb.
Belə ki, faşist Almaniyasının Bakıyla bağlı xüsusi niyyətləri vardı və bu niyyətlər qətiyyən Bakının neftiylə yekunlaşmırdı. Dövləti daima genişlənən orqanizmə bənzədən Adolf Hitler üçün Bakı həm də dünya ağalığına gedən yolda önəmli vasitələrdən biriydi. Hələ birinci Dünya Müharibəsi illərində alman kəşfiyyatının casusları Şərq ölkələrinin dövlət aparatına, ordusuna, iqtisadiyyatına soxulmuşdular. 1915-ci il iyunun 8-də alman professorlarının tərtib elədiyi memorandumda Qafqaza, Yaxın Şərq ölkələrinə, Hindistana yürüş tövsiyə edilirdi. Alman rəhbərlərinin Şərq ölkələrinə təcavüzkar siyasətinin ifadəsi olan həmin memorandumu Reyxstaqın deputatları, generallar, sənayeçilər, tacirlər, bankirlər, mülkədarlar imzalamışdılar.


Qafqazın hərbi-strateji əhəmiyyətini düzgün qiymətləndirmək üçün onun İran və Türkiyə ilə qonşu olması faktını da nəzərə almaq lazımdır. Qafqaz yollarının mühüm iqtisadi, hərbi və strateji əhəmiyyəti vardı. Burada hərbi əməliyyatlar üçün dənizlər də əlverişli şərait yaradırdı. Xəzər su yolu Qafqazı Orta Asiya, Həştərxan, İran ilə birləşdirirdi. Əslində, Bakıya və Azərbaycana sahib olmaq almanların çoxdankı arzusu idi. Onlar Bakını tutmaqla Mesopotomiyaya və Ərəbistana gedən ən təhlükəsiz yolları həmişəlik əllərində saxlamaq istəyirdilər.


Almaniyanın təbliğat naziri Göbbels çıxışlarının birində deyirdi: «Biz müharibəyə neft, dəmir, kömür üçün başlamışıq. Qafqazı nəzərdə tutulan vaxtda tutsaq, Bakı neftinə sahib olsaq, müharibəni udacağıq».

Almaniyanın Xarici İşlər naziri Ribbentrop isə yazırdı: «Sovet İttifaqının Qafqazdakı ən zəngin neft vilayəti bizim olacaq. Biz neftsiz və benzinsiz döyüşə bilməyəcəyik».


Alman Baş Qərargahının Qafqaza hücum edən 1-ci tank ordusunun komandanı general Kleys üçün çap etdirdiyi «Qafqazın soraq kitabçası»nda isə yazılırdı: «Gürcüstan – marqans, Kabarda – molibden, Osetiya-sink, Zəngəzur - mis, Qroznı - benzin, Bakı isə neft fontanıdır».


Həqiqətən, 1940-cı ildə Bakı 22 milyon 231 min tondan artıq neft istehsal eləmişdi ki, bu da ölkədə çıxarılan neftin 70 faizi demək idi.
Faşist komandanlığı Qafqazı işğal eləmək üçün «Edelveys» planı işləyib hazırlamışdı. Bu plan Hitlerin 1942-ci il 23 iyul tarixli 45 nömrəli direktivində «Braun şveyq» əməliyyatının davamı kimi şərh edilmişdi. Bu plana görə Alman komandanlığı Qafqazı işğal eləmək üçün general feldmarşal Listin komandan olduğu «A» qrupu ordusunu ayırmışdı. Ordu Don çayının arxasına geri çəkilən Sovet Ordusunu Rostovun cənub və cənub-şərq rayonunda mühasirəyə alıb məhv etdikdən sonra üç istiqamətdə hərəkət etməliydi.


General-polkovnik Roffun 17-ci ordusu qərbdə Novorossiysk-Tuapse istiqamətində hərəkət etməli və qərbdən Zaqafqaziyaya soxulmalıydı. General-polkovnik Kleystin 1-c tank ordusu şərqdə Qroznı-Mahaç-Qala-Bakı istiqamətində irəliləməli və Bakını tutmalıydı. Bakını işğal etdikdən sonra İrana və Hindistana doğru hücuma keçilməliydi.
1942-ci ildə faşistlərin Qafqazın işğalı uğrunda cəhdləri daha ardıcıl və qətiyyətli şəkil almağa başladı. Hücumun birinci dövründə alman komandanlığı xeyli miqdarda canlı qüvvə və texnika itirməyinə baxmayaraq, nəyin bahasına olursa-olsun Bakını tutmaq planından əl çəkmirdi. Hitler Berlindən 1-ci tank ordusu qərargahına teleqram göndərib Bakının işğalını sürətləndirməyi tələb edirdi. Rozenberqin fürer üçün tərtib etdiyi hesabatların birindən oxuyuruq: «Almaniya yanacağa olan ehtiyacını yalnız Qafqaz nefti hesabına ödəyə bilər. Müharibənin neft sənayesinə vura biləcəyi ziyanı da nəzərə almaq lazımdır. Ancaq İmperiya iqtisadiyyat nazirinin fikrincə, bu dağıntıları qısa müddətə aradan qaldırmaq olar».


Hitlerçilərin planına görə Xarkov sənaye rayonuna sahib olandan sonra Qafqaza hücuma keçilməli idi. Faşist generalları Seysler, Tippelskirx, Blyümentrit, Vefstfal göstərirdilər ki, Hitlerin əsas məqsədi Ukrayna taxılına, Donestk sənaye rayonuna və Bakı neftinə sahib olmaqdır. Bununla yanaşı faşistlərin Qafqaza soxulmalarında mühüm siyasi və strateji məqsəd də güdülürdü. Jukov özünün «Xatirələr və düşüncələr» kitabında yazırdı ki, faşist ordusu Qafqaz dağlarından Zaqafqaziyaya keçməli, oradan İrana çıxmalı, İran-İraq sərhədlərini tutmalıydı. Faşist komandanlığı başa düşürdü ki, Qafqazı ələ keçirəndən, Bakı neftinə sahiblənəndən sonra başqa cəbhələrdə qələbə qazanmaq asan olacaq. Hitler Yaponiyanın səfiri Osima ilə söhbətində demişdi: «Mənim məqsədim odur ki, daha mərkəzi hissədə hücumu dayandırım. Havalar istiləşən kimi bizim çox vacib olan Qafqaz istiqamətində zərbə endirəcəyəm».


Hitlerin "Berlin-Bakı-Pekin" dəmiryolu ideyası



Reyxin sənədləri arasında 1941-ci ildə Almaniyanın Yollar və Nəqliyyat Nazirliyi tərəfindən Hitlerə təqdim olunan mühüm bir sənəd var. Bu sənəd Berlin-Bakı-Pekin dəmiryolunun çəkilməsi barədədir. «Geniş məsafəli dəmiryolu» planı adıyla təqdim olunan bu sənədlə tanış olan Hitler deyir: «Ölkələr üzərində hökm eləmək üçün yalnız hücum və işğal bəs deyil. Bunun üçün nəqliyyat təminatı da olmalıdır. Biz hər gün Şərqdən minlərlə ton taxıl, neft daşımalıyq. Bunun üçün təqdim olunan sənədin həyata keçirilməsinin böyük əhəmiyyəti var». Bundan sonra İmperiyanın Dəmiryolları İdarəsində Yuxarı Sileziyanı Ukraynadan keçərək Bakıyla birləşdirəcək dəmir yolunun layihələndirilməsinə başlanır. Bu, Berlin-Breslau-Kiyev-Poltava-Bakı marşrutu olmalıydı. Bu «İpək yolu»nun layihəsi ilə qarşıya fantastik məqsədlər qoyulmuşdu. Layihəyə görə hər bir qatar 1720 nəfər sərnişin apara bilərdi. İkimərtəbəli vaqonlarda dəbdəbəli restoranlar, musiqi salonları, kinoteatr, qış və yay hovuzları nəzərdə tutulmuşdu. Yüksək rəhbərlik və iş adamları üçünsə nəşriyyatı, radiostansiyası və lüks şəraiti olan xüsusi vaqonlar layihələndirilmişdi.



Bu gün TRASEKA adlanan həmin layihənin ikinci mərhələsində isə magistralın Bakıdan Vladivostoka, oradan isə Tokioya uzadılması planı vardı. Göründüyü kimi faşist Almaniyası dünya ağalığına gedən yolda Bakıyla bağlı vaz keçilməz planlara malik idi. Və Bakının işğalını reallaşdırmadan Hitlerin nəzərdə tutduğu Böyük Almaniya da bir xəyal olaraq qalırdı. Buna görə də, İkinci Dünya Müharibəsində Almaniya Bakının işğalına, Sovet İttifaqı isə müdafiəsinə böyük əhəmiyyət verirdi.
Ümumiyyətlə, Hitler qərargahı elan eləmişdi ki, almanlar 1942-ci ilin sentyabrın 25-də Bakıda olacaqlar. Bu baxımdan, Azərbaycanı işğal eləmək üçün ayrıca plan tərtib edilmişdi. Bakının mükəmməl və hərtərəfli xəritəsi hazırlanmış, hansı gün alman ordusunun şəhərdə olacağı dəqiq göstərilmişdi. Alman komandanlığı işğaldan sonra Bakı meydanlarında qoşunların paradını keçirməyi planlaşdırmışdı. «Qafqaz: Rostovdan Kalmıkadək» məlumat kitabçasında Abşerona tərəf uzanan qara oxlar ən qısa yolları göstərirdi. Bu kitabçada Bakı şəhərinin planı çəkilmiş, mədənlər, neftayırma və maşınqayırma zavodları müxtəlif rəngli işarələrlə qeyd olunmuşdu. Planda həmçinin «Qafqaz alman-neft auksioner cəmiyyəti» idarəsinin binası 1, dəniz kazarması 2, hərbi məktəb isə 5 nömrəylə işarələnmişdi. Hitler Almaniyası Bakının işğalını sona çatdırdıqdan sonra neft mədənlərinin fasiləsiz işləməsini təmin eləmək üçün əvvəlcədən «Oldenburq» adlanan qərargah yaratmışdı. Gerinqin «Yaşıl qovluq» adlı direktivləri arasında Bakı neftinin idarə olunması barəsində xeyli material vardı. Burada göstərilirdi ki, Qafqaz nefti almanların «Kontinental oyl», «Ost oyl» və «Karpaten oyl» şirkətlərinin nəzarətinə keçməlidir.


Can kimi qorunan Bakı...

1941-ci ilin sonlarından 1942-ci ildən başlayaraq müharibədə Bakı həm də mühüm hərbi liman şəhəri yolunu oynamağa başlayır. Şimali Qafqaz işğal olunduğundan ölkənin mərkəzi ilə əlaqə kəsilmişdi. Bu əlaqə yalnız Azərbaycandan – Bakıdan dəniz vasitəsilə saxlanlırdı. Hitlerçilər bütün yolları nəzarətdə saxladıqlarından, dənizə çıxan yük gəmilərinə, neft daşıyan tankerlərə hücum etdiklərindən yanacağın daşınması son dərəcə çətinləşmişdi. Bu vəziyyətdə Bakı mühəndisləri dünyada ilk dəfə nefin iri çənlərdə gəmilərin yedəyində daşınması üsulunu tətbiq etdilər.
Yəqin ki, çoxları "Bizim Cəbiş müəllim" bədii filmində həmin səhnəni görüblər.
İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən SSRİ-nin neft naziri Nikolay Baybakov demişdi: «Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü».


Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. O dövrdə ölkədə istehsal edilən neftin 70-75, benzinin 85-90%-i Azərbaycanın payına düşürdü. 1941-1945-ci illərdə Azərbaycan ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Baybakov da təsdiq edir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı, Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.


Sovet-Almaniya müharibəsi cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmiş Sovet İttifaqı marşalları Jukov və Rokossovski müharibə illərində dəfələrlə rəsmi çıxışlarında bildirmişdilər ki, Azərbaycan neftçiləri motorlar müharibəsində faşist ordusu üzərində qələbədə cəbhəni yanacaqla fasiləsiz təmin etməklə həlledici xidmətlər göstəriblər.
Marşal K.K.Rokossovski həmin fikri belə şərh etmişdi: «Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı var».



Marşal Qreçko isə yazırdı: «Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi».
Avropanın 60-a qədər dövlətinin hərbi texnikası 1941-ci ilə qədər bazalarda hərəkətsiz dayandığı halda müharibə başlanandan sonra bütün cəbhələrdə 20 minə qədər təyyarə və o qədər tank, avtomaşını, motoskleti döyüşlərdə böyük həcmdə yağ və benzin işlədirdi. Elə buna görə də hamı başa düşürdü ki, kim Bakı neftinə sahib olsa o da qalib gələcək.


Bütün bunlara görə Sovet Komandanlığı Bakının müdafiəsinə xüsusi fikir verirdi. Düşmənin Bakıya yaxınlaşmasının qarşısını almaq üçün şəhərin kənarında dairəvi şəkildə səngərlər qazılmış, müdafiə xətləri uzaqvuran toplar və tanklarla möhkəmləndirilmişdi. Bakının bilavasitə müdafiəsi 10-cu atıcı briqadaya, hərbi piyada, topçu məktəbinə və Bakı dairəsi Hava Hücumundan Müdafiə Qoşunlarına tapşırılmışdı.



Bakı partladılmalıymış...

Ancaq nə qədər müdafiə olunsa belə, həmin illərdə Bakı sakinləri də şəhər üzərində uçan alman təyyarələri görürdülər. Faşist təyyarəsi ilk dəfə aprelin 16-da Bakı səmasına soxulmağa cəhd göstərmiş, ancaq Sovet qırıcılarının təzyiqi ilə geri qayıtmağa məcbur olmuşdu. Sonrakı aylarda da dəfələrlə bu kimi hallar olmuş, bir neçə dəfə faşist təyyarələri Bakı səmasında vurularaq yerə salınmışdı. 1943-cü ildə isə hərbi kəşfiyyatçılar Bakı və Əli-Bayramlı şəhərlərində aktiv işlər aparan iki kəşfiyyat qrupu ifşa etmişdilər. Tutulan alman kəşfiyyatçılarında Bakının, neft mədənlərinin və aerodromların planları vardı. Sovet komandanlığı isə Bakının ələ keçəcəyi halda nələr olacağını bildiyindən hələ 1942-ci ilin avqustundan başlayaraq 764 neft quyusunu minalamış, 81 qazma qurğusunu isə heyəti ilə birgə Türkmənistana köçürmüşdü. Almanların Azərbaycan paytaxtını işğal təhlükəsi artdığı halda bu quyular partladılacaqdı. Bu məsələlərə Stalinin əmriylə birbaşa neft və qaz naziri Baybakov müvəkkil edilmişdi. Təbii ki, Bakı mədənlərinin partladılması Abşeron üçün böyük faciələrə səbəb ola bilərdi. Yenə də sevimli "Cəbiş müəllim" filmi yadınızdadırmı? Neftçi qonşusunun "dünən mədənləri minaladılar" fikrinə Cəbiş müəllimin "sən bilirsən ki, mədənləri partlatsalar, şəhərdən əsər-əlamət qalmayacaq?" reaksiyasını deyirəm. Həqiqətən, mütəxəssislərin də fikrincə, mədənlər partladılacağı təqdirdə partlama mənbələrindən 3-5 kilometr radiusda bütün canlı orqanizmlər məhv olacaqdı. Əgər o dövrün yanğınsöndürmə və fövqəladə hallarda tətbiq olunan texnikanın səviyyəsini nəzərə alsaq, yaxın iki sutka ərzində Abşeron yarımadası ciddi ekoloji fəlakət qarşısında qalacaqdı.


Almaniya Silahlı Qüvvələri Ali Baş Komandanlığı Qərargahının sənədlərində də işğal təhlükəsi ilə üzləşəcəyi halda rusların Bakıdakı neft mədənlərini partladacaqları ehtimalına əvvəldən toxunulmuşdu. 1941-ci il may ayının 4-nə olan məxfi sənəddən oxuyuruq: «Ruslar şübhəsiz ki, neft mədənlərini məhv etmək planlarına malikdirlər. Onlar 1812-ci ildə Moskvada olduğu kimi hər şeyi özləri məhv eləyə bilərlər. Əgər ruslar belə qərar qəbul eləsələr, onların qarşısını çətin ki, hərbi yolla ala bilək. Ona görə də, əvvəlcədən cəbhədə ilkin qələbələrdən sonra siyasi yollarla Qafqazda müstəqil dövlətin yaranmasına nail olmaq barədə düşünmək lazımdır. Ruslardan fərqli olaraq bu dövlət öz ərazisindəki neft yataqlarını yararlı halda saxlamaq barədə düşünə bilər».



Göründüyü kimi müharibənin başlanmasına hələ bir ay qalmış Almaniyada müstəqil Azərbaycan dövlətinin yaranmasının mümkünlüyü barədə düşünənlər vardı. Bu mənada sənədin digər fəslində yazılır: «Əgər almanların gəlişinə qədər müstəqil Qafqaz dövləti ərazisindəki neft yataqlarını və müəssisələri istifadəyə yararlı halda saxlamaq istəyərsə, o zaman neft rayonlarına ingilislər tərəfindən zərbələr endiriləcəyi imkanı ilə hesablaşmaq lazımdır».

İkinci Dünya Müharibəsinin gedişi dövründə Azərbaycan paytaxtı təkcə Sovet İttifaqının və Almaniyanın deyil, bu müharibədə marağı olan bütün dövlətlərin maraq dairəsindəydi. Məsələn, İngiltərə hökuməti və Avropanın hərbi dairələri, Amerika Birləşmiş Ştatları rəhbərliyi dəqiq bilirdilər ki, Hitler Sovetlər İttifaqının Urala qədər ərazilərini və Bakı neftini də zəbt edərsə, onun dünya ağalığı ilə mübarizə aparmaq mümkün olmayacaq.
Bu baxımdan, almanlar hələ 1941-ci ilin may ayında nəzərdə tutulan Qafqaz döyüşləri zamanı Sovet İttifaqına ingilislərdən, yaxud amerikalılardan yardım imkanlarını da ölçüb-biçirdilər. Həqiqətən, 1942-ci ilin yayında Volqa və Qafqaz uğrunda qızğın döyüşlər zamanı Amerika və İngiltərə hökumətləri «Qafqazın müdafiəsi» haqqında plan hazırladılar. Onlar Moskvaya Qafqazı müdafiə eləyən Qızıl Ordunun bütün hissələrinin Stalinqrad ətrafına cəmləşdirməyi və Qafqazın müdafiəsini İngiltərəylə Amerika ordularına həvalə etməyi təklif edirdilər. Ancaq ingilislərin və amerikalıların Qafqaza, ələlxüsus Bakı neftinə sahib olmaq planlarını özündə cəmləşdirən «Vilvet» əməliyyatı Sovetlər tərəfindən qətiyyətlə rədd edildi. Elə yalnız bu tarixi faktın özü bəs eləyir ki, Azərbaycan paytaxtının bəşəriyyətin faşizm bəlasından qurtulmasındakı yerinin və rolunun əhəmiyyəti dərk edilsin.


Hitlerin yeyə bilmədiyi "Bakı"

Rejissor fantaziyasının məhsulu olsa da, yaxın ətrafı Hitlerin ad günündə ona tortun üstündə Bakının adı yazılmış hissəsini kəsib verirlər. Bakının hələ yalnız adı bu şirniyyat payını daha şirin eləməliydi. Tarix fürerə bu şirin tikəni çox gördü və "Bakı"lı tort yeyilsə də, faşist bəlası Bakıya yetişə bilmədi. Və bu gün İkinci Dünya Müharibəsinin tarixini az-çox bilən hər kəsə məlumdur ki, bu bəlanın kökünün kəsilməsində adı tortun üstünə yazılmış Bakının böyük və inkaredilməz xidməti var.


İlham Tumas
ilham-tumas@mail.ru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6643

Oxşar yazılar