Müsəlləh, yoxsa alternativ əsgər? - ARAŞDIRMA
06 fevral 2009 11:10 (UTC +04:00)

Müsəlləh, yoxsa alternativ əsgər? - ARAŞDIRMA

“Alternativ hərbi xidmət haqqında” qanunun qəbul edilməsi barədə söhbətlər yenidən gündəmə gəldi. Bu günlərdə Milli Məclisdə epizodik də olsa, Avropa Şurasının bu məsələdəki israrı müzakirə olundu.

Bir neçə ildir müzakirə olunsa da, hələlik qanunun qəbul edilməməsinin əsas səbəbi kimi Azərbaycanın faktiki müharibə vəziyyətində olması göstərilir. Amma o da var ki, ölkəmiz alternativ hərbi xidmət tətbiq etmək barədə Avropa Şurası qarşısında öhdəlik götürüb, bu barədə siyasi qərar var və buna nə vaxtsa əməl olunacaq. Bir çox rəsmi şəxslər, hətta müxalifətdə olan qüvvələr bu qanunun qəbulunun Azərbaycanın müdafiə qüdrətini zəiflədə biləcəyini düşünürlər.

Əslində, dünya təcrübəsində alternativ xidmət tamam başqa məqsədlə tətbiq edilir və cəmiyyətin inkişafının mühüm bir mərhələsi sayılır. Belə ki, dini inancına və bu kimi əsas səbəblərə görə hərbi xidməti qəbul edə bilməyən insanların həm hüquqlarına hörmət əlaməti olaraq, həm də qanunlara əməl etməsinə nail olmaq üçün alternativ xidmət hələlik dünyanın qəbul etdiyi ən optimal yol sayılır.

Azərbaycanda isə cəmiyyət arasında bu məsələyə ehtiyatlı yanaşma mövcuddur. Məsələn, çoxları düşünür ki, bu qanun qəbul edildikdən sonra hərbi xidmətdən boyun qaçırmaq istəyənlərin hamısı bundan yararlanacaq. Əslində hüquq müdafiəçiləri və digər QHT nümayəndələri cəmiyyətə bu məsələ ilə bağlı düzgün məlumat çatdırmaqda xeyli köməklik edə bilərlər. Lakin bu mövzuda hələ də rəsmi şəxslərlə müstəqil ekspertlər bir araya gələ bilmirlər. Ümumiyyətlə, bu qanun bizə nə qədər lazımdır, qanun qəbul edilməsinin faydası, ya fəsadı çox olacaq kimi suallar hələ də açıq qalır.

Alternativ xidmət kimlər üçündür?

Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Zahir Oruc deyir ki, Avropa Konvensiyasına qoşulduqdan sonra bu qanun artıq 2002-ci ildən Konstitusiyada da öz yerini alıb. Və millət vəkili bu qanunun mahiyyətinin çox sadə olduğunu açıqlayır. O, deyir ki, insan hüquq və azadlıqlarının qorunması naminə dövlət vətəndaşa təklif edir ki, hərbi mükəlləfiyyətini bu cür alternativ xidmət vasitəsilə də həyata keçirə bilsin: “Əvvəlcədən vurğulamaq istəyirəm ki, bunu heç bir halda alternativ hərbi xidmətlə qarışdırmaq doğru deyil. Bu, peşəkar ordunun formalaşması da deyil. Dini əqidəsi, həyat sistemi fəal hərbi əməliyyatlarda, döyüş təlimlərində iştirak etməyə imkan verməyən vətəndaşa dövlət alternativ xidmət təklif edir. Bu insanlar sanitar, digər əmək işlərini yerinə yetirirlər. Bunun üçün də arxa cəbhədə xüsusi yerlər ayrılır. Bu, yalnız insan hüquq və azadlığına hörmət naminə edilir”.

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin rəhbəri Ələkbər Məmmədov da hesab edir ki, bu qanunun qəbulu dövlətin humanist addımı kimi qiymətləndirilməlidir: “Bir çox insanların dini baxışları və dünya görüşü ona bir çox zorakılıqları qadağan edir. Bu səbəbdən də bu insanlar çox vaxt hərbi xidmətdən boyun qaçırırlar. Hazırkı qanunvericiliyə görə isə hərbi xidmətdən boyun qaçırmaq məsuliyyət yaradır və bu əməl cəzalandırılır. Bu isə həmin insanın hüquq və azadlığının pozulmasıdır. Bu baxımdan da “Alternativ hərbi xidmət haqqında” qanunun qəbul edilməsi zərurəti ortaya çıxdı. Hazırda Azərbaycanda öz dini baxışlarına görə hərbi xidmətə getmək istəməyən bir çox insanlar var”.

Qanunun qəbulunu əngəlləyən nədir?

Millət vəkili Zahid Orucun dediyinə görə, bəzi məsələlər var ki, qanunun qəbulunu əngəlləyir. O, xatırladır ki, hələ 2002-ci ildə bu mövzu ilə bağlı Heydər Əliyevə müraciət edəndə onun maraqlı açıqlaması olmuşdu: “Ulu öndərimiz də o vaxt vurğulamışdı ki, bu qanun hazırkı şəraitdə ordu quruculuğuna maneçilik törədə bilər”.

Millət vəkili onu da vurğulayır ki, Avropa Şurasının 47 ölkəsinin heç də hamısı bu qanunu qəbul etməyib. Hətta bu qanunu qəbul edənlərin bir çoxunun məsələyə çox səthi şəkildə yanaşdıqları bildirilir. Z.Orucun sözlərinə görə, dövlət bu məsələdə ehtiyatlı olmaqda haqlıdır: “Amma bu məsələnin bir formada tənzimlənməsinin vacibliyini düşünürəm. Hesab edirəm ki, elə bir forma tapılacaq ki, bu qanunu qəbul etmək mümkün olsun. Bu, Qarabağ danışıqlarının hansı səviyyədə nəticə verəcəyindən də asılıdır. Müharibə qurtarmamış bu qanun qəbul edilsə belə, onun icrasını bir az dumanlı təsəvvür edirəm”.

Ələkbər Məmmədov da o fikirdədir ki, hazırkı şəraitdə “Alternativ hərbi xidmət haqqında” qanununun qəbulu hərc-mərcliyə gətirib çıxara bilər. Problem ondadır ki, hətta Azərbaycanda hərbyönlü QHT-lər belə bu mövzuda yekdil fikir söyləyə bilmirlər. Hərənin bununla bağlı fərqli fikri var. Onları narahat edən başqa məsələ isə rüşvətxor məmurlarla bağlıdır. Hərbi ekspert təəssüflə qeyd edir ki, bizim ordu sahəsində hələ də cibini doldurmağı güdən məmurlarımız var və onlar bu niyyətlərini həyata keçirmək üçün qanundan vasitə kimi istifadə edə biləcəklər. Bundan başqa, qanunun gənclər arasında vətənpərvərlik ruhuna da mənfi təsir edəcəyindən əndişələnənlər var. Bu baxımdan, ekspert qanunun qəbulunun və tətbiqinin uzadılmasını normal hesab edir. Ancaq eyni zamanda qeyd edir ki, qanunun qəbul edilməsi vacibdir, çünki bu artıq Konstitusiyada da öz əksini tapıb.

Qanun layihəsi müzakirəyə hazırdırmı?

Qanunun hazırlanması istiqamətində iş gedir. Milli Məclisdə komissiya səviyyəsində iş aparılır. İşçi qrupu layihə üzərində işləyirlər. Zahid Orucun dediyinə görə, sənəd, demək olar ki, hazırdır. Onu da deyək ki, qanun layihəsinin ictimai müzakirələri hələ də keçirilməyib. Z.Oruc da razılaşır ki, bu qanun cəmiyyətin mənafeyinə toxunduğundan onun geniş ictimai müzakirələrə ehtiyacı var.

Hərbi ekspert bildirir ki, qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılmazdan əvvəl yerli şəraiti yaxşı bilən mütəxəssislərin, hərbi ekspertlərin rəyləri alınmalıdır.

Hazırda Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün addımlar atılır. Amma qəti söz söyləmək çətindir, hərb yolu istisna deyil. Elə ona görə də hələlik alternativ xidmətlə bağlı qanunun qəbulu bir nömrəli məsələyə çevrilə bilmir.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1641
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar