Şou-biznesin qohumları - ARAŞDIRMA
03 dekabr 2009 20:25 (UTC +04:00)

Şou-biznesin qohumları - ARAŞDIRMA

“Heç vaxt icazə vermərəm ki, övladım mənim peşəmi davam etdirsin!”


Belə kəskin və emosional fikirləri ən çox kim səsləndirir, düşünmək üçün çox da ağıllı olmaq lazım deyil. Belə cümlələrin müəllifi adətən müğənnilər, aktrisa və aktyorlar, incəsənət nümayəndələri olur. Düzdür, bu kəskin qərara başqa peşə nümayəndələrini də aid etmək olar, amma belə hallarda nisbilik anlayışını unutsaq, daha yaxşıdır...


Görəsən, evdən qaçan, valideynlərini istəklərinə qarşı çıxan, kumirlərindən təsirlənən sənət sahiblərini sonda belə düşünməyə nə vadar edir? Bu da sirr deyil, bir neçə saat televizor qarşısında oturmaq, toy və ya şou-proqramlarda iştirak etmək və yaxud da mötəbər bir iş adamının məziyyətlərindən bəhs edən dedi-qodunu dinləmək kifayətdir.


Amma buna baxmayaraq, şou-biznesə tək yox, cüt və toplu halda gələnlər, fəaliyyət göstərənlər də az deyil. Lent.az-ın kiçik araşdırması şou-biznesin qohumlarına aiddir.
Araşdırmada xalq artisti Brilliant Dadaşovanın adını birinci qeyd etmək təbii ki, yerinə düşər. Onun anası Azərbaycanın məşhur qarmon ifaçısı, 1966-cı ildə avtomobil qəzasında həlak olmuş Qızxanım Dadaşova dövrünün tanınan sənətçilərindən olub. Bu siyahını əmisi Məlik Dadaşov, əmisioğlu –xalq artisti Rafael Dadaşov, bacıları Lalə, Sədaqət, İradə Dadaşovalar, eləcə də İradə Dadaşovanın oğlu Cəmil, Rafael Dadaşov və Sədaqət Dadaşovanın evliliyindən olan qızları Səidə Dadaşovanın adı ilə xeyli genişləndirmək olar.


Xalq artisti Nazpəri Dostəliyevanın dövrünün populyar müğənnisi olan Zeynəb Dostəliyeva ilə bacı olması da hamıya məlumdur. Kiçik bacının son onillikdə sənət aləminə hit mahnılarla addım atması və “Nə olar Allahım” mahnısı ilə tanınması bu gün xalq artisti adına sahib olması ilə nəticələnib. İki bacının arasında bir vaxtlar baş verən münaqişə də Dostəliyevaların tarixçəsində öz yerini tutur. Yeri gəlmişkən, böyük bacı bu günlərdə radio verilişində canlı yayıma bağlanaraq, bu münaqişələrdə marağı olan şəxslərin onu qızışdırdığını deyib və nəticə olaraq şərh verib: “Səhvsiz insan olmur...”



“Mafioz” xalq artistləri arasında Mələkxanım Əyyubovanın da adını çəkmək olar. Ramal və Vüsal İsrafilovlar müğənninin qardaşı oğulları, xalq ulduzu Mirkamil bacısı oğludur. Bu qohumluq hətta Samir Piriyevə qədər gedib çatır. Deyilənlərə görə, müğənni gənclərə münasibətdə bir qədər soyuq davranır. Görünür, əsl sənətlə zirvəyə yüksələn xalq artisti ifaçının öz zəhməti bahasına ucalmasının tərəfdarıdır.


Xalq artisti Yaşar Nurinin bacısı oğlu Rüfət Axundov dayısı kimi aktyor olmasa da müğənnilikdən çox aktyorluğu daha yaxşı bacarır. Buna onun ifası və oynadığı səhnəciklər sübutdur.



SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarova və qardaşı qızı aktrisa Mehriban Xanlarova mövzuya aidiyyəti olan şəxslərdir. Mehriban Xanlarova müsahibələrinin birində etiraf etmişdi ki, Zeynəb xanım qohum kimi adının çox hallanmasının tərəfdarı deyil.


Ruhəngiz Allahverdiyevanın qardaşı qızı Sevinc Allahverdiyeva da müğənnidir. Hətta vaxtilə belə söhbət gəzirdi ki, peşəkar müğənni uzun müddət onun səhnəyə çıxmasını əngəlləyib. Şayiələrə görə, qardaşqızı “Toylar kraliçası”nda zənciləri qırıb və verilişdə iştirak edib. Ruhəngiz Allahverdiyevanın “Toylar kraliçasında iştirak etməməsi növbəti şayiələrə qol açıb. Bu dəfə də onun qardaşı qızına görə layihədə iştirak etmədiyi danışılmağa başlayıb.


Fədayə Laçın və İlahə Fəda sənət aləminin doğmalarıdır. İki bacıdan böyüyü İlahə musiqidən uzaqlaşıb, özünü daha çox biznesə həsr edib.


Manaf Ağayev və qardaşı oğlu Natiq Ağayev də araşdırmaya daxildir. Hər iki ifaçının janrı eynidir.


Elşad və Rəvan Qarayev ifa və sənət baxımında bir-birinə bənzəyən ata-baladır.


İlhamə Quliyeva ilə Əli Mirəliyevin qohum olduğunu bilənlər də var, bilməyənlər də. Əli Mirəliyevin həyat yoldaşı ilə İlhamə Quliyeva bibi-dayıuşağıdırlar.

Firuzə İbadova və hazırda həbsxanada olan aktrisa Rəhilə İbadova bacıdırlar. Deyirlər, Firuzə İbadova bacısının həbsxanada olmasından mənəvi əzab çəkir, bir ara hətta səhnədən uzaqlaşmaq istəyib.


Gülyanaq və Gülyaz Məmmədovaların bir-birindən istedadlı bacısı olsa da qalan üç bacı sənət meydanına yaxın getməyib. Düşünüblər, “eybi yoxdur, qoy, səhnədə elə iki bacımız parıldasın...”

Əfsanəvi Rəşid Behbudov qızı Rəşidə Behbudova adı, sənəti ilə bütünlükdə atasını xatırladır.

Vaqif Mustafazadənin qızları Əzizə və Lalə Mustafazadələrin də sənətdə adı ataları ilə birlikdə hallanır.


Sara Qədimova ömrünün son günlərinə qədər sənət fəaliyyəti göstərsə də, oğlu Akif İslamzadə səsi tellərində problem yaranandan sonra ifaçılıqdan uzaqlaşdı.


Mərhum müğənni Səxavət Məmmədovun yolunu qardaşı Firuz Səxavət davam etdirir.


Mərhum Rübabə Muradovanın bacısı Mahrux Muradova da dünyasını dəyişən sənətçilərdəndir. Ölümündən əvvəl Mahrux Kürdəmirdə avtovağzalın yaxınlığındakı bir kiçik məkanda hər gün canlı mahnı oxuyurdu. Sənətçi özünə və bacısına verilən qiymətdən narazı idi.


Sənət aləmində adı qoşa çəkilən daha bir neçə sənətçi var. Dünya şöhrətli ata-bala Alim və Fərqanə Qasımovlar araşdırmada çəkisi olan sənət nümayəndələridir.


Musa Musayev və Təranə Qumral həm həyat yoldaşlarıdır, həm də duet ortağı...


Aybəniz və Şahnaz Haşımova bacılarının bir-birlərilə mehribançılığı mətbuatın diqqət mərkəzindədir.


Niyamədin Musayevin qardaşı oğlu Cabbar Musayev solo fəaliyyət göstərsə də, əvvəlki illərdə olduğu kimi hazırda Niyaməddin Musayevin adı ilə xatırlanmır. İndi müğənni daha çox Könül Kərimova ilə birlikdə görünür və adları qoşa çəkilir.

Bacılarını sənət aləminə yaxın buraxmayan sənətçilərə Röya və Elnarəni misal çəkmək olar. Hər iki sənətçinin bacıları özlərindən bir az sonra fəaliyyətə başlamasına baxmayaraq, ifaçılar bacılarını sənət aləminin çirkli mühitində görməkdənsə, xoşbəxt ailə üzvü kimi görmək istədiklərini dəfələrlə etiraf ediblər. Röyanın bacısı Rüsalə Nailə Mirməmmədlinin “Kapriz” qrupunun üzvü idi, Elnarənin kiçik bacısı Elina isə telemüsabiqələrdən birində iştirak etmişdi. Hazırda Röyanın bacısı ailəlidir, bir oğlu var.



Lalə Yusifqızı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3998
avatar

Oxşar yazılar