ABŞ prezidenti Donald Tramp Vladimir Putinin hərəkətlərini kəskin şəkildə pisləyib, Rusiya liderini “tamamilə ağlını itirmiş” adlandırıb və onu ukraynalılara qarşı mənasız zorakılıqda ittiham edib.
Lent.az bildirir ki, mesaj Truth Social platformasında yayılıb
Tramp postunda Putinlə keçmişdə “çox yaxşı münasibəti” olduğunu xatırladıb, lakin o vaxtdan bəri dəyişdiyini vurğulayıb. Prezident Ukrayna şəhərlərinə vəhşicəsinə hücumlara işarə edərək, Rusiyanın təcavüzünün miqyasından narahat olduğunu bildirib.
"Raketlər və pilotsuz təyyarələr səbəbsiz yerə Ukraynanın şəhərlərini atəşə tutur. Mən həmişə demişəm ki, o (Putin – red.) təkcə bir hissəsini deyil, bütün Ukraynanı istəyir və sən demə bu, doğrudur, amma bunu etsə, bu, Rusiyanın süqutuna səbəb olacaq!"
Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin ictimai məkanda verdiyi açıqlamalardan narazılığını ifadə edərək, onun davranışına da münasibət bildirib.
"Onun ağzından çıxan hər şey problem yaradır, xoşuma gəlmir və istəyərdim ki, dayansın. Bu, mən prezident olsaydım heç vaxt başlamazdı. Bu, Trampın deyil, Zelenski, Putin və Bayden arasında müharibədir. Mən yalnız səriştəsizlik və nifrət nəticəsində başlayan böyük, iyrənc yanğınları söndürməyə çalışıram".
Bu bəyanatlar Rusiyanın Ukrayna ərazisinə kütləvi hücumu fonunda verilib. Mayın 25-nə keçən gecə Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ordusu 367 raket və hücum pilotsuz uçuş aparatını işə salıb. Ölkənin 13 regionu vurulub, 80-dən çox yaşayış binası dağılıb. Ən azı 12 nəfər ölüb, 60-dan çox insan yaralanıb. Rusiyanın hücumu nəticəsində bir ailənin üç uşağı da öldürülüb.