Suriyada 61 illik Baas rejimi sona çatıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Dəməşqi tərk edən Bəşər Əsədin taleyi məlum deyil.
1963-cü ildə Suriyada hakimiyyətə gələn Baas Partiyasının 61 illik hakimiyyəti, 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatlarının zorakılıqla yatırılması ilə yadda qaldı.
Daha sonra ölkədə vətəndaş müharibəsi başladı və bu Əsədin sonunu gətirdi.
Bəşər Əsəd 2000-ci ildə atasının ölümündən sonra Baas rejiminin başçısı olub.
Rejim əleyhdarı qrupların paytaxt Dəməşqə girməsi ilə Əsəd və Baas hakimiyyəti sona çatıb.
Noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra Əsəd Hələb, İdlib və Həmadan başlayaraq bir çox bölgədə nəzarəti itirib.
Daha sonra müxalif silahlıların Dəməşqə daxil olması ilə Əsəd hakimiyyəti sona çatıb.
Bu arada beynəlxalq mətbuatda Bəşər Əsədin ölkəni tərk etməsi ilə bağlı müxtəlif iddialar səsləndirilərkən, onun Rusiya və ya bəzi Yaxın Şərq ölkələrinə getmiş ola biləcəyi ilə bağlı təsdiqlənməmiş məlumatlar paylaşılıb.
Qeyd edək ki, Ərəb Sosialist Baas Partiyası 1963-cü ildə Suriyada hakimiyyətə gəlib. Bəşər Əsədin atası Hafiz Əsəd 1971-ci ildə Suriya prezidenti olub.
Xalq Bəşər Əsədin harada olduğu hələlik məlum olmayan paytaxtdakı sarayına basqın edib.
Suriyanı tərk etməyə hazırlaşan Bəşər Əsədin təyyarəsinin qəzaya uğraması və ya vurulması nəticəsində öldüyü barədə də məlumatlar var.
Rusiya Xarici İşlər Nazirliyi isə son bəyanatında Bəşər Əsəd hakimiyyətinin sona çatdığını və onun paytaxt Dəməşqi tərk etdiyini rəsmi təsdiqləyib.