Xəbər verildiyi kimi, Latviya Respublikasının Seymi bu il yanvar ayının 16-da Miqrasiya haqqında qanun və Dövlət sərhədi haqqında qanuna dəyişiklikləri nəzərdə tutan təklifləri müvafiq komissiyaya təqdim edib və bu dəyişikliklər qəbul edilib.
Miqrasiya haqqında qanuna dəyişiklik Müstəqil Dövlətlər Birliyindən, o cümlədən Azərbaycan Respublikasından olan vətəndaşların üzərinə Latviyaya daxil olarkən ölkəyə giriş vizasından əlavə bir sıra digər tələblər qoyur.
Bu barədə Lent.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev qeyd edib ki, dövlət sərhədi haqqında qanuna dəyişiklik isə, Latviyanın sərhəd bölgələrinə getmək niyyətində olan MDB dövlətlərindən olan və 15 yaşdan yuxarı vətəndaşların Latviya Dövlət Sərhəd Mühafizəsindən əlavə icazə almalarını nəzərdə tutur:
"Latviyanın təhlükəsizliklə bağlı qayğılarına anlayışla yanaşırıq, bununla belə bütün səyahət edənləri ümumi şübhə altına almaq və əsaslı dəlil olmadan onların hərəkət azadlığını məhdudlaşdırmaq yaxud ölkəyə buraxmamaq, və ya “qara siyahı” ya daxil etmək narahatlıq yaradır. Azərbaycanın digər MDB dövlətləri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı üçüncü dövlətlərə, o cümlədən Latviyaya qarşı, onun milli təhlükəsizliyinə qarşı yönəlməyib".
Rizvan Nəbiyev həmçinin bildirib ki, Azərbaycan və Latviya strateji tərəfdaşlardır:
"2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə əsasında iki ölkə arasında çox fəal siyasi dialoq var. Ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Azərbaycan və Latviya beynəlxalq çağırışlara münasibətdə oxşar mövqedən çıxış edirlər, aralarında hər hansı anlaşılmaz məsələ yoxdur.
Latviya və Azərbaycanın tərəf olduqları insan hüquqları haqqında çoxsaylı konvensiyalar, o cümlədən 1948-ci il BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannamə insanların hərəkət azadlığını ehtiva edir. Avropa İnsan Hüquqları Konvensiyasının 4cü Protokolu isə hərkəsin seçdiyi ölkə daxilindı hərəkət azadlığını nəzərdə tutur. Bu müddəalara riayət olunması ikitərəfli dostluq münasibətlərinin də ruhuna uyğundur".