“Yeni Müsavat”: İctimai Palataya və Müsavata qarşı separatçılıq?
11 dekabr 2012 00:32 (UTC +04:00)

“Yeni Müsavat”: İctimai Palataya və Müsavata qarşı separatçılıq?

Müsavat.com saytı maraqlı məlumat yayıb. Adının çəkilməsini istəməyən tanınmış siyasətçilərdən biri müxbirimizə bildirib ki, 7 dekabrda müxalifət düşərgəsini qarışdıra biləcək hadisə baş verib. Belə ki, 7 siyasi partiyanın və Ziyalılar Forumunun təmsilçiləri “Asiman” restoranında bir araya gəlib. Maraqlısı budur ki, toplantıda Müsavatın təmsilçisi iştirak etməyib.

Mənbə bildirir ki, bunun səbəbi bu toplantının əslində Müsavata və hazırda fəaliyyətdə olan İctimai Palataya (İP) qarşı olmasıdır: “Son vaxtlar İP-ə daxil olan bəzi partiyaların təmsilçiləri mətbuatda belə kampaniya aparır ki, İP-dən kənarda daha effektli bir qurum yaratmağın zamanı gəlib. Bu təbliğatla paralel olaraq bir sıra partiyalarla separat danışıqlar da gedirdi. Bu görüş o danışıqların nəticəsində ortaya çıxıb. Şərti olaraq “Səkkizlər” adlı bir formatda toplanan partiyalar Ziyalılar Forumunun təmsilçisini də aralarına qatmağa nail olub. Bununla da İP-siz və Müsavatsız yeni birlik yaratmaq istiqamətində addım atılıb”.

İP Koordinasiya Şurasının dönəm sədri Rauf Arifoğlu müxbirimizə deyib ki, belə görüşün olması faktı ona məlum deyil. Müxbirimiz o görüşdə iştirak edən partiyaların və onların təmsilçilərinin kimliyini müəyyən edə bilib. Bunlar aşağıdakılardır: ADP - Sərdar Cəlaloğlu, AXCP - Əli Kərimli, Ümid Partiyası - İqbal Ağazadə, ALP - Əvəz Temirxan, VİP - Əli Əliyev, AMİP - Yusif Bağırzadə, KXCP - Mirmahud Mirəlioğlu, Ziyalılar Forumu - Rafiq Əliyev.

Mənbə bildirib ki, professor R.Əliyev görüşə qonaqlıq adı ilə dəvət olunub. Nə baş verdiyini biləndən sonra oranı tərk edib. Lakin o da məlum olub ki, bu görüş barədə Müsavat və İP KŞ məlumatlandırılmayıb. İlkin məlumata görə, görüşdə müxalifətin yeni birlik modelini yaratmaq, seçkilər, vahid namizəd məsələləri müzakirə edilib.

Professor Rafiq Əliyev dekabrın 7-də bir qrup partiya lideri ilə ziyafətdə iştirak etdiyini “Yeni Müsavat”a təsdiqlədi: “Məni dəvət elədilər ki, gəlin yemək yeyək. Mən də dəvəti qəbul elədim. Getdim, birlikdə yemək yedik. Yarım saat iştirak etdim. Məni siyasətçilərdən biri dəvət eləmişdi. Mən orada olanda hər hansı birlik yaratmaqla bağlı müzakirə aparılmadı. Bu məsələdə qeyri-adi bir şey yoxdur”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə İP-dən kənarda hər hansı birlik formatının yaradılması barədə AXCP-nin heç kimlə müzakirə aparmadığını söylədi: “Belə rəsmi müzakirənin getdiyi görüş olmayıb. Bu cür müzakirələr yalnız İP Koordinasiya Şurasında razılaşdırılmış qaydada keçirilə bilər. İP-dən kənarda nəsə birliyin yaradılması ilə bağlı hər hansı təmas olmayıb. Hər hansı şəxsi təmaslar ola bilər. Amma bu, rəsmi görüş deyil. Hər hansı birliyin yaranması məqsədi güdən görüş olmayıb. Nə AXCP-nin belə müzakirələrdə iştirak barədə qərarı var, nə də İP-in”.

“Biz “Qarabağ bloku”nun təşəbbüsü ilə keçirilən görüşü İsa bəylə müzakirə etmişdik. O da görüşə dəvət olunmuşdu. Lakin hansısa səbəbdən qatılmadı. Belə görüş bundan əvvəl də olub. Orada İsa bəy də iştirak edib. Bu görüş barədə də İsa bəy məlumatlı olub. Mövqeyim hər kəsə bəllidir. Mən İP-i müxalifətin ən uğurlu birlik formatı sayıram. İP-dən kənarda olan demokratik qüvvələrlə də əməkdaşlıq yollarının tapılmasının, daha geniş əməkdaşlığın tərəfdarıyam. Bu əməkdaşlıqda Müsavatın kənarda qalmasının əleyhinəyəm. Çünki biz geniş birlik istəyiriksə, Müsavatın iştirakı olmadan bu birlik tam hesab oluna bilməz. Ona görə də “Qarabağ bloku”nun təşəbbüsü ilə keçirilən görüşün bu sayaq təqdim edilməsi, təhrif olunması doğru deyil və təəssüf doğurur” - bunu “Azadlıq”a Əli Kərimli deyib.

S.Cəlaloğlu isə “Asiman” restoranında bu tərkibdə görüşün olduğunu təsdiqlədi: “Bəli, görüşmüşük. Yemək-içmək olub. Rəsmi heç bir siyasi müzakirə aparılmayıb”.

Görüşün təşkilatçısının kim olduğuna gəlincə isə S.Cəlaloğlunun sözündən belə məlum oldu ki, “Qarabağ” bloku təşəbbüskarlıq edib: “Bəzi yoldaşları mən dəvət etmişdim, bəzilərini İqbal Ağazadə. “Qarabağ” blokunda fikirləşdik ki, oturaq bir yeyək-içək”.

ADP sədri onu da dedi ki, Müsavat başqanı İsa Qəmbər də görüşə dəvətli olub: “İsa Qəmbərə şəxsən mən zəng edib dəvət elədim. Dedim filan vaxt gəl “Asiman” restoranına, bir görüşək. “Yox” cavabını aldım”.

Müsavat başqanı İ.Qəmbər isə “Yeni Müsavat”a bildirdi ki, konkret bir məkana konkret bir zamanda dəvət edilməyib: “Sərdar Cəlaloğlu mənə zəng edib demişdi ki, prezidentliyə vahid namizəd və praymeriz mövzusunda partiya rəhbərlərinin görüşünü keçirmək istəyir. Mən də demişəm ki, indiki mərhələdə vahid namizəd mövzusunu müzakirə eləməyi məqsədəuyğun saymıram”.

Göründüyü kimi, iştirakçılarla təşkilatçıların açıqlamalarında ciddi uyğunsuzluq var.

musavat.com
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1550

Oxşar yazılar