Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid, Milli Qəhrəman Füzuli Rüstəmova həsr olunub.
Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci il Tərtər rayonunda anadan olub. Ata və anasını erkən itirdiyindən Xocalıda babası Kərim kişinin himayəsində böyüyüb.
O, 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıdır. Bundan ötrü ona 4 ay həbs cəzası verilir. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aeroportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü olur və əməliyyatı uğurla başa vurur. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olur. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası alır, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, o, artıq qan itkisindən vəfat edir. Tərtər rayonunun Hüsənli kəndində dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Yağış
Evdən çıxanda narın-narın yağan yağış qəfildən gücləndi. Təbiətdəki bu ani çevrilişlə havanın soyuması, üz-gözünü buruşdurması bir oldu. Soyuq əynimdəki qalın gödəkçəni, onun altından geyindiyim yun jaketi heçə sayaraq qısa vaxtda bütün bədənimə nüfuz etdi. “Koroğlu” metrostansiyasına çatanda Qızılquma gedən marşrut təzəcə uzaqlaşmışdı. Növbəti marşrutun gəlişini gözləmək lazım gələcəkdi. Bir yerdə dayanmadan hərəkət edərək, bayaqkı titrəmənin başlanmasına mane olmağa çalışırdım. Dispetçer yaxınlıqdakı şəxsi avtomobilinə əyləşib rahatlıqla ətrafı seyr edir, bəlkə hələ içəridə hansısa radionun səhər verilişlərində keçirilən atüstü viktorinalara da qulaq asırdı.
Axırı növbəti marşrut da gəlib çıxdı. Marşruta qalxıb birinci cərgədə əyləşdim. Çatacağım yerə hələ bir saatdan çox vardı. Sürücünün xəbərdarlığından beş dəqiqə sonra marşrutdan düşdüm. Xocalı məktəbinə çatıb Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Füqurə Rüstəmovanı tapanda xeyli toxtamışdım. İlk dəfə idi ki, Xocalıdan olan insanla, Xocalı adamı ilə qarşılaşırdım. 1992-ci ildən bu yana qəzetlərin, jurnalların səhifələrində döşəli qalan xocalıların qana bulanmış, buz bağlamış cəsədləri yaddaşıma ömürlük zədə vurmuşdu. Xocalı məmləkətimizin Çernobılı idi.
Bacı nisgili
Füqurə xanımla söhbətə başlayan zaman onunla keçmişə o illərə qayıtmağa cəhd edirik. Dünyada yeganə varlığı olan qardaşını itirən bu qadın sonralar yaşadığı ən ağır günlərdə, vətənsizlikdə, atasızlıqda, anasızlıqda heç vaxt qardaşını unutmur. Söhbətə başlayan zaman da hiss edirəm ki, o, həyəcanlanır, söhbətə hardan, necə başlayacağını kəsdirə bilmir. O, əllərini qardaşından qalan son şəklə toxunduraraq onlara sığal çəkərək söhbətə başlayır:
- Biz ailədə iki uşaq olmuşuq. Tərtərdə doğulmuşuq. Qardaşım 1965-ci ildən idi. Onun altı yaşı olanda anamı Tərtərin dördyolunda Xankəndidən gələn erməni avtomobilli vurur, anam elə həmin gün rəhmətə gedir. Atam o vaxt Rusiyada işləyirdi. Anam dünyasını dəyişəndən sonra o, bizi Xocalıda yaşayan ana babamgilə tapşırıb yenidən ora qayıtdı. Ancaq tale elə gətirdi ki, biz atamızı da itiririk. O, şaxtalı havada donmuş gölün üstüylə gedən qoca qarının gölə düşən nəvəsini xilas edəndə öz həyatını itirmişdi. Bizi, demək olar ki, o vaxtı 16 yaşı olan subay xalam böyüdüb. O, bizə görə heç vaxt ailə qurmadı, öz həyatını bizə həsr etdi. Qardaşım Xocalıdakı orta məktəbi bitirəndən sonra hərbi xidmətini Rusiyada başa vurub. Hərbi xidmətdə olanda o, çox nümunəvi hərbçi olub, xeyli tərifnamələr alıb. Xidmətini başa vurandan sonra 1988-ci ildə hadisələr qızışana qədər rayondakı südçülük kolxozunda işləməyə başladı. Yaxşı işçi olduğuna görə o vaxtı onu Rusiyaya on beş günlük istirahətə göndərmişdilər.
- Bəs cəbhəyə gedişi necə olur?
- Babam özü ikinci dünya müharibəsinin iştirakçısı olmuşdu. O, bizim hər ikimizə silah atmağı öyrətmişdi. Qardaşım hələ səkkizinci sinifdə oxuyanda bir neçə dəfə babamın ov tüfəngi ilə ova getmişdi. Ovda olanda erməni meşəbəyi onu görüb demişdi ki, Kərim kişinin bir nəvəsi var, ona Əsgəranda xüsusi qala tikilməlidir.
Hücum
1988-ci ildə hadisələr kəskinləşəndə ermənilər Xocalı əhalisinə qarşı təxribat xarakterli yürüşlər edir, insanlar arasında qorxu yaradırlar. Füzuligilin evi isə Əsgərandan Xocalıya girəndə birinci idi. Elə həmin ilin sentyabr ayında onların kəndində toy olur. Ermənilər toya hücum elədilər. O zaman toyda olan Füzuli və dostları ermənilərlə silahsız döyüşə başlayırlar. Çünki həmin ərəfədə kənd əhalisindən heç kimdə silah qalmamışdı, hamısı əllərindən alınmışdı. Ermənilərə qarşı ən güclü vuruşan Füzuli olduğundan ermənilər onu təkləyib ayağından yaralayırlar. Həmin gün onu Ağdam xəstəxanasına aparırlar. O, isə gecəni xəstəxanada qalmayıb evə qayıdır ki, birdən ermənilər yenə hücum edər. Füqurə xanım yenidən məşum günlərə qayıdır:
- 89-cu ilin may ayında Əsgəranla Xocalının arasında yerləşən “Vosemşestoy” deyilən ərazidəki ət dükanını ermənilər posta çevirdilər. Qardaşım və digər cavanlar ora gedib həmin postu dağıtdılar. Onda onu tutub aparmışdılar, o qədər döymüşdülər, hər tərəfi gömgöy olmuşdu. Onu məğlub edə bilmirdilər. Deyirdi, erməni kimdir biz onlardan qorxaq? Ona dörd ay həbs cəzası kəsib Şuşa həbsxanasına göndərdilər.
Vətən sevgisi
Gənclik illərindən vətənə olan sevgisi, ermənilərə qarşı barışmazlığı sonradan onu Milli Qəhrəmana çevirir. Müsahibim dərdli, yaralı şəhid bacısı danışır, danışdıqca da sanki uzun illər əvvəl 26 yaşında həyatdan getmiş qardaşına layla çalırdı:
- Mənə elə gəlir ki, qardaşım anamın erkən itkisindən və bu itkiyə bir erməninin səbəb olmasından çox sarsılmışdı. Yəqin, ermənilərə qarşı kinin qaynağı bu idi. Harada erməni vardısa, Füzuli ordaydı. Onun adı ancaq sənədlərdə Füzuli kimi yazılıb. Həyatda hamı onu Zamin deyə çağırırdı. Qardaşım anadan olanda babam onun adını Füzuli qoysa da, nənəm onu Zamin adlandırıb ki, həmişə Allahın zaminində olsun. Ermənilərə qarşı çox amansız idi. Hadisələr başlamazdan əvvəl, ermənilərlə münasibətimiz yaxşı olanda da Füzulinin onları görən gözü yox idi. Təsəvvür edin, elektrik naqilində nasazlıq olanda babam montyor çağırırdı. Montyor erməni idisə, gələndən gedənə qədər babam onun yanında dayanırdı. Qorxurdu ki, qardaşım ona bir xətər yetirər.
- Yəqin elə buna görə müharibə başlananda Xocalıda yaradılan özünümüdafiə batalyonuna kəşfiyyatçı götürülür...
- Bəli. 1991-ci ilin noyabr ayında Milli qəhrəman Tofiq Hüseynov özünümüdafiə batalyonu yaratdı. Tofiq Hüseynov bizim hərbi müəllimimiz olmuşdu. O, batalyona komandir, qardaşım isə kəşfiyyatçı təyin olundu. Bundan sonra bütün həyatını vətənin müdafiəsinə həsr etdi. Bizim kəndin sağ-salamat çıxmasında Füzulinin rolu çox böyük olub. O, iki dəfə geri qayıdıb, yaşlıları, yaralıları, azyaşlı uşaqları döyüş dostları ilə birgə kənddən çıxarır. Üçüncü dəfə getmək istəyəndə dostları qoymur. Deyirlər, daha bəsdir, heç kim qalmayıb, hamı sağ-salamatdır. Ermənilər səni vura bilər. Qardaşım razılaşmır, deyir, qız-gəlini girov apararlar. Siz gedin, mən də gələcəm. O, üçüncü dəfə kəndə qayıdanda onu çiynindən yaralayırlar. Dostları bunu eşidən kimi irəliləyirlər ki, Füzulini döyüş bölgəsindən çıxarsınlar. Əgər ermənilər onu tutsalar, tikə-tikə doğrayacaqdılar.
Son arzu
Ancaq Füzuli elə həmin yaradan dünyasını dəyişir. Yaralanandan sonra onda daxili qanaxma başlayır. Füzuli ölüm anında bərk susayır, amma su tapılmır. Deyir, onda mənə qar verin. Xəstəxanada gözü qapıda qalır. Xalasını gözləyir. Onun bacısı ilə qohumları kənddən bir çıxsalar da, xalası Səkinə isə qonşuları ilə birgə çıxmışdı. Ona görə də Füzuli xalasını itirmişdi, ondan nigaran idi. Ölümünə saniyələr qalanda Füzuli öləziyən baxışları ilə palatadakı həkimlərdən siqaret istəyir. Ancaq yanılı siqaret onun titrək barmaqları arasından sürüşür. Füzulinin siqaretdən bir neçə qüllab almağa belə taqəti olmur.
Füqurə xanım deyir ki, qardaşından son dəfə ayrılacağını heç vaxt ağlına gətirməyib. Əgər o, bunu bilsəydi, ona doyunca sarılar, yanından ayrılmasına mane olardı:
- Ondan son dəfə ayrılanda şəhid olacağı ağlıma gəlməzdi. Əgər bilsəydim, sarılıb boynuna getməyə qoymazdım. Bir dəfə onun çox xoşbəxt olduğunu xatırlayıram. Bərdəyə, sevdiyi qızgilə getmişdik. Qayıdanda çox xoşbəxt idi. Novruz bayramından sonra toy edəcəkdik. Onun o qədər sirlərini bilirəm ki, bir gün səhərdən axşama kimi danışsam, yenə də qurtarmaz. Tikdiyi evdə bircə gecə yaşamadı. Səhərlər palçıq qatıb ustaya verir, özü isə posta yollanırdı. Əgər elə tez öləcəkdisə, tanrı niyə onu o qədər əziyyətə salırdı?
Əlbəttə, indi mənim üçün Milli qəhrəmanın bacısı olmaq şərəfli olduğu qədər də məsuliyyətli işdir. Torpaqlarımız işğaldan azad olunandan sonra Füzuli və onun kimi oğullarımızın öz canlarından boş yerə keçmədiklərinə bir daha əmin oldum. Vətənpərvərlik hər insanda olmur. Qandan, gendən gəlməlidir. İndi tez-tez yuxuda görürəm ki, qardaşımın qəbrini Şuşaya köçürmüşük. Torpaqlarımızın işğaldan azad olunması kimi bir gün bu yuxum da çin olacaq.