İştirak edirlər:
Qonaq - Asim Mollazadə
Qarşılayan - Günel Mövlud
Lent.az-ın “Səhər yeməyi” layihəsinin ikinci qonağı millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadədir. Bu söhbət səhər yeməyi vaxtı danışdıqlarımızdan yadımda qalanlardı. Təbii ki, yenə bircə dənə də olsun, qeyd yoxdur. Səbəb sadədir – diktafon, söhbətin qeyd olunması insanlarda istər-istəməz bir gərginlik yaradır. Mənsə qonaqlarımla söhbəti bu gərginlikdən qurtarmaq üçün ümidi yaddaşıma bağlayıram. Amma Asim müəllimlə söhbətdə belə fədakarlıq eləməyə ehtiyac yoxmuş, çünki söhbətimiz elə keçdi ki, diktafon quraşdırmağın heç bir təsiri olmazdı...
Axşam evimə qonaq gələn şair dostum çiçək, şərab və şeir gətirmişdi. Sonra da bunların hamısını, bir də ürəyindəki zəhəri qoyub, çıxıb getmişdi. Və mən “Səhər yeməyi”nə axşamdan aldığım əsəb zədəsi ilə getmişdim. “Travelers-kafe”də ötən dəfə bizə qulluq edən ofisiantın üzümə gülümsəməsi vəziyyəti bir az yumşaltdı. Maneken boy-buxunlu gənc etiraf elədi ki, keçən dəfə bizə qulluq etməklə yanaşı, həm də söhbətimizə qulaq kəsilirmiş. Və xalq şairi ilə söhbətimdən çox məmnun qalıbmış. Qonağım bir az geciksəydi, mən yəqin ki, hələ uzun müddət artıq oxucuma çevrilmiş oğlanla çənə vuracaqdım, amma Asim bəy riyaziyyatçılara, siyasətçilərə və almanlara məxsus dəqiqliklə, dediyi vaxtda gəlib çıxdı. Menyuya diqqətlə baxdı, yeməyi həvəslə seçdi. Gözlədiyimin əksinə olaraq (mən həmişə elə fikirləşirəm ki, siyasətçilər və belə ciddi işlə məşğul olan adamlar üçün mənim kimi qeyri-ciddi və avara təbiətli jurnalistlərin layihələrində iştirak eləmək xoşagələn bir şey deyil), dəvətimi tez və məmnuniyyətlə qəbul eləmişdi.
Söhbətimiz elə yemək seçimindən başlamış, sonra Asim bəyin uşaqlığına keçmişdi.
- Bakıda, ziyalı ailəsində doğulmuşam, amma məni almanlar böyüdüb. Valideynlərim məni hər gün bir alman ailəsinin evinə aparıb qoyurdular. Həmin ailə məndən başqa da bir neçə uşağı tərbiyə eləyirdi. Dəqiq, intizamlı olmağı onlardan öyrənmişəm. Ailəmiz siyasi tarixi olan bir nəsildi. Əksəriyyəti müsavatçılar, yalnız bir nəfəri isə kommunist olub. Müsavatçılar vaxtlı-vaxtında öldülər, amma kommunist yaşadı və sovet hakimiyyətinin vaxtında “xalq düşməni” elan olundu...
- Solçuluğuma salıb, bu qeydi mütləq eləməliyəm ki, biz – proletar balaları sovetlərin ancaq xoş üzünü görmüşük.
- Siz proletar yox, kəndli ailəsində böyümüsünüz. Razıyam, siz ancaq xoş üzünü görə bilərdiniz. Çünki solçular kəndlilərin əvəzinə hər şeyi bölüşdürdükləri kimi, onları bütün məsuliyyətlərdən də azad edirdilər. Kəndlinin əvəzinə hər şey düşünülürdü, onun əvəzinə bütün qərarlar verilirdi.
- Adama bundan artıq nə lazımdır? Bəşəri məsələlərlə məşğul olmağa savadın yoxdusa, bundan yaxşı nə ola bilər?
- Məsələ də elə bundadır. Bilirsiniz ki, mən daim gənclərlə ünsiyyətdə oluram. İndiki gəncliyin də əsas problemi təhsil, savad məsələsidir. Onlara həmişə deyirəm ki, “atanın gül balaları”nın gələcəyi onsuz da məlumdur. Bəs, sən – sadə ailədən çıxmış, özündən başqa güvənəsi bir yeri olmayan gənc, neyləyəcəksən? Sənin çıxış yolun ancaq təhsil almaqda, dil öyrənməkdə, öz üzərində işləməkdədir. Sizin romantikasına qapıldığınız solçular Çe Gevaranı Kubadan özləri uzaqlaşdırmışdılar. Sonra onun əfsanəsini yaratdılar ki, gənclik romantikaya qapılıb, küçələrə axışsın. Onu sonradan fikir, söz sahibi edəcək təhsildən uzaqlaşsın...
Etiraf eləyim ki, səhər-səhər, yuxusuz, ac və əsəbi vaxtı bu, həddən artıq ciddi söhbət oldu. Həəə, Günel Mövlud, ağlın şair, yazıçı tayfasına getməsin. Buyur, indi söz çatdır...
Özünü artıq layihənin iştirakçısı hesab edən gülərüz ofisiant yeməklərimizi gətirmişdi. Mən “Çe Gevara” məsələsindən sonra onsuz da “tox” idim. İndi də Asim bəyin iştah məsələsində mənə ürəkdən yoldaşlıq eləməyinə sevinməklə məşğul idim. Ötən dəfə süfrədəkilərin hamısını özümə yedizdirən xalq şairi ilə səhər yeməyindən sonra ciddi-ciddi qastrit kəskinləşməsi diaqnozu ilə xəstəxanalıq olmuşdum. Çox şükür, indi məni bu təhlükə gözləmirdi.
- Asim müəllim, tez-tez xarici ölkələrə səfər eləyən bir şəxs kimi, həmin ölkələrin gəncliyini müşahidə edəndə, sonra bizim gənclərlə müqayisə eləyəndə ən çox nədən məyus olursunuz?
- Mən Polşada olanda bu ölkənin gəncliyinə heyran oldum. Ölkədə olduqca ciddi, məsuliyyət tələb edən sahələrdə çalışanların əksəriyyəti gənclərdi. Bəlkə də elə buna görə idi ki, bütün dünya maliyyə böhranından əziyyət çəkəndə, Polşanın iqtisadiyyatı, əksinə, çiçəkləndi... Bizim gənclərdə isə məni məyus eləyən onların savadlarının dayazlığı, saxtalığı, olmadıqları kimi görünmələri olur. Deyək ki, bir qrup gənc “Rüşvətə yox!” aksiyası keçirir. Amma bilirsən ki, elə həmin aksiyanı keçirən gənclər, tələbələr özləri də rüşvətsiz təhsilə hələ hazır deyillər.
- Bəs, ədəbi gəncliklə bağlı nə düşünürsünüz?
- Açığı, yenə də dünya ilə müqayisə edəndə, bizdəki primitivizm məni məyus eləyir. Barəsində danışdığım məlumatsızlıq, dar dünyagörüşü, zəif təhsil problemi burada da var və görürəm ki, özlərini məşhur köşə yazarları sayanlar belə ancaq ordan-burdan eşitdiklərini, dayaz biliklərini xərcləyirlər. Ciddi ədəbi nümunələrlə deyil, epatajla şöhrət qazanmağa çalışırlar. Hazırda Azərbaycan ədəbiyyatında məmnun qaldığım təkcə Kamal Abdullanın yaradıcılığıdır ki, o da gənc deyil.
Söhbətin ardı Asim bəyin Şərqi Avropa ölkələrində gənclərlə bağlı islahatlar, proqramlar, dünyanın müxtəlif ölkələrində gənclərlə bağlı siyasət kimi elə ciddi məsələlərə həsr olunmuş monoloqu ilə davam elədi ki, bu monoloqu yadında saxlayıb, oxuculara çatdırmaq mənim kimi sadə, ölümlü jurnalistin işi deyildi. Mən bu qədər bəşəri problemlərlə məşğul olan, savadlı və ciddi adamın vaxtını alıb, işindən ayırdığıma görə hətta utanırdım da... Ara-sıra bir-iki kəlmə ilə söhbətin ayağını dartıb, yerə düşürməyə çalışsam da, qonağım nəfəsini bir də Almaniyada dərdi:
- Almaniyaya səfərlərimiz olanda, küçədən keçəndə səfər yoldaşlarımla mərc gəlirəm: küçə boyu hansısa evin ya şirkətin pəncərsindəki hər ləkəyə görə on dollar verirəm. Səfər yoldaşlarım deyirlər ki, bu dəqiqə səni soyacağıq. Amma bir dənə də olsun ləkə tapmaq mümkün deyil. Çünki səhər saat 5-də oyanıb, 6-da işə başlayan hər bir alman, saat 3-də evinə qayıdır və evinin, həyətinin təmizliyi, səliqəsi ilə məşğul olur. Onun fikrincə, tənbəllik - Allaha itaətsizlikdi. Səliqəsizlik, pintilik, qeyri-dəqiqlik alman üçün həm də ayıbdır. Misal üçün, Bakıda şortiklə çox az kişi gəzə bilər – çünki ayıbdır. Alman üçün də qeyri-dəqiqlik və səliqəsizlik ayıb hesab olunur. Siz Almaniyada olmusunuz?
- Olmuşam.
- Xoşunuza gəlib?
- Yox.
- Niyə?
- Bir yazıçı üçün Almaniya həddindən artıq təmiz və səliqəlidir. Üstəlik də darıxdırıcı. Axşam saat doqquzda hamı yatır. Hətta gündüzlər də küçələrdə adam görmək mümkün deyil. Belə ölkədə Kant olmaqdan asan heç nə yoxdur. Orada rusların evlərindən ibarət küçələri görəndə heyrət eləyirdim ki, onlar bu ölkədə necə yaşayır? Elə xaotik, çox içən xalq... Yeri gəlmişkən, siz uzun illər Rusiyada yaşamısınız. Amma deyəsən, sizə içməyi öyrədə bilməyiblər.
- Öyrənmişdim. Rusiyada içməyənlər ya çox ciddi xəstə olur, ya da casus hesab olunur. Odur ki, mənim içməkdən başqa yolum yox idi. (Gülür) Elə içkinin ucbatından Rusiyadan qayıtdım...
- Doğrudan?
- Bəli, amma bir də romantika məsələsi vardı. Azərbaycanda 20 yanvar hadisəsi baş verəndən sonra oradakı Azərbaycanlı ziyalılar xarici ölkələrə üz tuturdular. Mənsə düşündüm ki, indi ölkəmə daha çox lazımam.
- İndi təəssüflənirsiniz?
- Yox. Təəssüfləndiyim başqa şeylər var: ölkədəki vəziyyət, yerində olmayan adamlar. Xalq Cəbhəsi hakimiyyətdə olanda mənə hansısa vəzifəni təklif eləyəndə deyirdim ki, axı mən bunu bacarmaram. Sonra görürdüm ki, o vəzifəyə elə adam gəlib ki, heyrət eləməkdən başqa əlac qalmır. Ümumiyyətlə, bizim xalqda sovet dövründən qalma bir məsuliyyət çatışmazlığı var. Kimi dindirsən, istənilən vəzifədə oturmağa hazırdı. Çünki gözünü açıb, vəzifənin ancaq rüşvət almaqdan ibarət olduğunu görüb. Vəzifədə uğur – daha çox rüşvət almaqla ölçülür. Cəbhə hakimiyyətdən gedəndən sonra bəzən mənə deyirdilər: “Asim bəy, nə oldu e, axı biz nə vaxt hakimiyyətə gələcəyik?”. Deyirdim: “Tutaq ki, gəldik hakimiyyətə, sən hansı vəzifədə işləyə bilərsən?”. Deyir: “Lyuboy vəzifədə”. Deyirəm: “Tutaq ki, hansısa rayonun icra başçısı oldun. Nə iş görəcəksən?”. Deyir: “Nə lazımdı, onu”. Deyirəm: “Misal üçün, nə lazımdı? Sən rayonun inkişaf perspektivlərini necə görürsən, hansı kadr dəyişikliklərini eləmək fikrindəsən və s.” Deyir: “Onda belə çıxır ki, siz bizim hakimiyyətə gəlməyimizi istəmirsiniz də...” Mən də deyirəm: “Elədir, mən sənin kimilərinin hakimiyyətə gəlməyini doğrudan da istəmirəm”.
Söhbətin kələfini yenə itirməli oldum, çünki belə taleyüklü məsələlərdə həmsöhbət olmaq üçün ya siyasətçi, ya da Həmid Herisçi olmalısan, mən yazıq isə bunlardan heç biri deyiləm. Masamıza qulluq eləyən, artıq oxucum olduğunu iddia edən ofisiant isə bu dəfə deyəsən, məmnun deyildi. Səbəbi o qədər də qaranlıq deyil; siyasət yükü ağır basan söhbəti həzm eləmək mənə asan deyildisə, indi təsəvvür edin, o nələr çəkirdi...
Bizsə hələ çox şeylərdən danaşacaqdıq. Ölkədəki hicab dalğasından, dünyanın geosiyasi mənzərəsindən, ölkədəki təhsilin səviyyəsindən və s.
Düz saat yarımını səhər yeməyimizə sərf edən millət vəkili sonda hətta söhbətdən məmnun qaldığını da bildirdi ki, bu da yalnız nəzakət nümayişi ola bilərdi; söhbətdə demək olar ki, iştirak etməmişdim.
Yaxşı ki, bu vəziyyətin Asim müəllim demişkən, məsuliyyətini boynumdan atmağa kömək eləyən bir bəhanəm olur. Qonaqlarıma zəng eləyəndə, mütləq vurğulayıram: mən Sizi müsahibəyə yox, səhər yeməyinə dəvət edirəm...)))
Asim Mollazadə: “Nəslimizdə hamı müsavatçı olub, bircə kommunist...” - SÖHBƏT
6523