Mədə-bağırsaq xəstəliklərinin çoxalmasının SƏBƏBLƏRİ
28 dekabr 2021 14:08 (UTC +04:00)

Mədə-bağırsaq xəstəliklərinin çoxalmasının SƏBƏBLƏRİ

"Mədə və həzm sistemi xəstəliklərinə ilin bütün fəsillərində sıx rast gəlinir. Havalar soyuduqca isə bu şikayətlərin artdığını müşahidə edirik. İlk növbədə hava soyuduqca mədənin turşu ifrazi artır. Soyuq hava insan üçün stres faktorlardan biridir".

Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov deyib.

O bildirib ki, digər səbəb isə qışda insanların turşu tutmalarından çox istifadə etməsidir: 

"Duzlu qidaların qəbulu mədəyə qıcıqlandırıcı təsir göstərir və bunlarda öz növbəsində reaktiv qastritlərə səbəb olur. Mədə xəstəliyindən əziyyət çəkən xronik qastrit xəstələrinə duzlu turşulardan uzaq durmağı tövsiyə edirik. Konservləşdirilmiş, duzlu və marinə olunmuş qidalar eyni zamanda öd daşı və öd xəstəliyi olan insanlar üçün də ciddi tətikləyici səbəblər sırasındadır. Bu qidaların qəbulu həmin insanlar üçün ağrıların artmasına və xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər. Eyni zamanda qış fəslində axşam saatlarında yeyilən daha çox xəmir yeməklərini istifadəsinin artması və fiziki aktivliyin azalması da bu problemlərin tez-tez rast gəlinməsinə gətirib çıxarır".

Həkim, həmçinin, vurğulayıb ki, qarşıdan yeni il bayramı gəlir. Bayramla əlaqəli insanların qidalanma tərzi hər zaman qarışır. Qidaların qarışdırılması, artıq miqdarda qəbulu və alkoqolun istifadəsi bayramdan sonra hər il mədə-bağırsaq şikayəti ilə müraciət edən xəstələrin sayının artmasına səbəb olur:

 “Kəskin mədə ağrıları, mədə xorası, eroziyalar, öd daşı tutmaları, mədəaltı vəzi iltihabları, alkoqola bağlı mədə zədələnmələri, qaraciyərin zədələnmələri şikayətlərinə daha çox rast gəlirik. Bu səbəbdən vətəndaşları bayram süfrələrində qida qəbuluna diqqət etmələrini tövsiyə edirəm”.

O, mədə xəstəliklərindən də danışıb və bildirib ki, mədə insanın əsas həzm aparatıdır: 

"Qida ilə orqanizmimizə bir çox mikroblar daxil olur. Məhz mədənin turşuluğu, əridici gücü sayəsində zərərverici mikroblar məhv edilir. Mədə xəstəliklərinin səbəbləri dedikdə ilk növbədə həyat tərzini vurğulamaq lazımdır. Ət məhsullarının istifadəsi ölkəmizdə daha çoxdur. Aparılmış elmi tədqiqatlar göstərir ki, meyvə-tərəvəzlə qidalanan insanlarda mədə-bağırsaq xərçənginin riski ət məhsulları ilə qidalanan insanlara nisbətdə dəfələrlə az olur. Bir digər faktor istə acqarına alkoqol, tütün, energetik içikilərin qəbulu, yuxu rejiminin pozulması insanlarda mədənin əsas xəstəliklərinə səbəb olur. Əsasəndə reflüks şikayətinin artmasına səbəb olur. Bir digər əsas məsələ də nəzarətsiz dərman qəbuludur. Belə ki, xəstələr həkim nəzarəti olmadan bir çox dərmanları miqdarından çox istifadə edirlər. Məsələn bunlara ən çox ağrikəsiciləri misal göstərmək olar. Orqanizmdə olan ağrını müvəqqəti saxlamaq üçün hətta həftələrlə qəbul edilən bu dərmanlar çox ağır nəticələr gətirib çıxarda bilir. Təcrübəmizdə ağrıkəsicilərin yüksək dozada və uzun müddətli qəbulu mədə-bağırsaq qanamalarına səbəb olan pasientlərimiz olub. Bu səbədən bir daha oxuyucularımıza həkim tövsiyəsi olmadan dərman qəbulundən çəkinmələrini tövsiyə edirəm.
Qastrit, xoralar və reflü kimi xəstəliklər ən çox görülən həzm problemlərindəndir. Bu problemlərin yaranmasına həzm sistemini qoruyan maneə qatının bütövlüyünün pozulması səbəb olur. Mədə qatının korlanmasında allergenlər səbəbindən turşu ifrazının artması, konservləşdirilmiş məhsulların və çirkli suların istehlakı, mədədə olan helikobakter pilori mikrobu böyük rol oynayır”.

Günümüzdə mədə xərçənglərinin rast gəlinmə tezliyini necə dəyərləndirirsiniz?
Bu suala isə ekspert belə cavab verib:

”Mədə xərçəngi çox ciddi sosial və iqtisadi zərərə səbəb olan bir xəstəlikdir və dünyada çox ciddi artım tendensiyası olan problemdir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (IARC) proqnozlarına görə, 2020-ci ildən başlayaraq 2040-ci ilə qədər mədə xərçənginə statistikasında çox ciddi artım tendensiyası gözlənilir. Eyni zamanda, bu hesabatda bildirilir ki, məhz kişilərdə qadınlara nisbətən mədə xərçənginin rast gəlmə halında çox ciddi şəkildə fərq olacaq. Buna görə də ÜST mədə xərçənginin erkən araşdırması, qarşısını alınması və profilaktikası məqsədilə hər bir ölkədə buna dair strategiyanın olmasını tövsiyə edir.
Burada əsas məqamlardan biri mədə xəstəliklərinin, xüsusilə də mədə xərçənginin erkən diaqnostikasıdır, çünki bu xəstəlik gec mərhələlərdə aşkar edildiyi zaman xəstənin 5 ilə qədər yaşama ehtimalı 30 faizdən aşağıdır. Yəni, bu çox ciddi letallığı olan bir xəstəlikdir, ona görə də dünyada erkən mərhələdə aşkarlandığı təqdirdə mədə xərçəngi tam müalicə oluna bilər.
Vətəndaşlarımızı məlumatlandırmalıyıq ki, əgər mədə-bağırsaq şikayətləri varsa və bu proses bir aya yaxın davam edirsə, o təqdirdə mütəxəssis həkimə müraciət etmək mütləqdir. Çünki həkim məsləhəti və tövsiyəsi olunmadan dərman qəbulu ilə mədə xəstəlikləri üçün bir zəmin hazırlayırsınız”.

Həkimin sözlərinə görə, Mədə-bağırsaq xəstəliklərinin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, onlar qarşısı alınan xəstəliklərdir, yəni profilaktikası ən işlək olan xəstəliklər sırasında məhz mədə-bağırsaq xəstəliklərdir: 

"Mədə-bağırsaq traktının ən ciddi xəstəliyi olan mədə-bağırsaq xərçənginin erkən endoskopik müayinələr (erkən dövrdə aşkarlamaq) əsasında qarşısını almaq mümkündür. Yəni, bir növ endoskopiya və müasir qastroenterologiya insanların həyatının xilas olunması üçün əvəzsiz rola malikdir.

Yekunda onu demək istərdim ki, normal yuxu, sağlam qidalanma və erkən müayinələr sayəsində insanların ömrünü uzatmaq olar və xəstələnmə hallarının qarşısını ciddi şəkildə almaq mümkündür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4929
avatar

Aytəkin Cəlali

Oxşar yazılar