Cəmi 10 dəqiqəlik sadə məşq emosional gərginliyi azaltmağa, nəbzi stabilləşdirməyə və stressin ürək-damar sisteminə zərərli təsirini minimuma endirməyə kömək edə bilər. Bu texnikanı evdə də, ofisdə də asanlıqla etmək mümkündür.
Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Stressin təhlükəsi
Psyxoemosional stress insult və işemik ürək xəstəliyinin müstəqil risk amili hesab olunur, hətta insanda yüksək təzyiq və ya xolesterin olmasa belə. Səbəblər həm kəskin emosiyalar (qəzəb partlayışı, qəfil qorxu), həm də iş, maliyyə problemləri və ya depressiya ilə bağlı uzunmüddətli gərginlik ola bilər.
Kardioloq Syuzen Çenq məsləhət görür ki, əgər hardasa vaxtından tez çatmısınızsa, həmin dəqiqələri sakitliyinizi bərpa etməyə sərf edin: maşında oturun, telefondakı bildirişləri söndürün və bir qədər sakitlikdə qalın.
“Sadəcə özünüz üçün bir az zaman və məkan ayırmaq vacibdir”, – deyə həkim vurğulayıb.
Niyə bu işləyir
Uzunmüddətli stress orqanizmdə iltihabı artırır, bu da damarları daraldan aterosklerotik lövhələrin yaranmasını sürətləndirir və ürəyə normal qan axınını çətinləşdirir. Nəticədə infarkt riski artır. Bundan əlavə, stress bədən reaksiyası çox vaxt təzyiqin qalxması ilə müşayiət olunur.
Stressi azaltmaq üçün nəfəs məşqləri
Yavaş və dərin nəfəs alın, qarını bir qədər önə çıxararaq diafraqmanı işə salın, nəfəsi 2–3 saniyə saxlayın. Tamamilə və sakit şəkildə nəfəs verin, maksimum rahatlayın. 5–10 dəfə təkrar edin, nəfəs ritminə diqqət edin.
Fiziki aktivliyin rolu
Aerobik məşqlər ürəyin işini, maddələr mübadiləsini və psixoemosional vəziyyəti yaxşılaşdırır. Onlar həm bədəni tonusda saxlayır, həm də rahatladır, depressiya ilə mübarizədə kömək edir, stress hormonları, adrenalin və kortizolun səviyyəsini azaldır. Bununla yanaşı, əhvalı yaxşılaşdıran endorfinlərin ifrazı artır.
Hətta sürətli 20 dəqiqəlik gəzinti beyni “yenidən yükləməyə” və narahatlığı azaltmağa qadirdir.