Psixoloq Əfsanə Rüstəmova
24 dekabr 2020 13:52 (UTC +04:00)

Psixoloq Əfsanə Rüstəmova

İntihar və ondan xilas olmağın yolları - Psixoloq danışır

"Məişət qayğıları məni sıxır", "Maddi problemlərimiz çoxdu", "Nə qədər çabalasam da, həyatım yoluna düşmür", "Özümü xoşbəxt hiss etmirəm", "Elə bil, kimsə yollarımı bağlayıb", "Nəyə əl uzadıram, alınmır", "Onsuz da əvvəldən bəxtim gətirməyib", "Allah məni yadından çıxarıb", "Başqa çarəm yoxdur"...

Bədbinliyin izahını istənilən qədər artırmaq olar. Bizi ruhsal yorğunluğa aparan hər yolu təsvir edən mütləq bir qəlibləşmiş fikir vardır. Amma bu yol bizi heç də yaxşı yerə aparmır.

Bəli, intihar, onu yaradan səbəblər və intihardan sonra olacaqlar barədə danışacağıq bu gün. Həmsöhbətimiz psixoloq Əfsanə Rüstəmova deyir: “Sizə bir qəhrəmanımın hekayəsi ilə izah etmək istəyirəm intiharı və ondan yayınmaq səbəbini”.

Elə isə dinləyək.

"Canım sallanmaq istəyirdi tez-tez.. Gecənin 5-ində... Həyətimizdəki... Gövdəsi çox da qalın olmayan Çinardan... Ayağım yerdən kəsilsin istəyirdim.. Sonra Yusifin (oğlumun)  sayıqlamasını eşidib, onun yanına gedib sakitləşdirməyə çalışdım. Həmişəki kimi yanına uzanmadım. İşim yarımçıq qalmışdı axı, qayıdacaqdım. Ta ki, pəncərəndən evə süzülən gün işığını görənə qədər.  Artıq gec idi...

Və bu qarmaşa içində.. günorta... Heç bir səbəb olmadan Yusifin mişarla Çinarın kökünü kəsmək istədiyini görüb:

- Nə edirsən?

- Sevmirəm bu ağacı! (Qəribə bir nifrətlə...)

- ... Kəsmə, qaqaş... Ana sallanmaq istəyir hələ bu ağacdan..

- Tək?!

...

Sonra yelləncək düzəltməyə çabaladıq 3 yaşlı Yusifə sallanmaq üçün... Beləliklə, onunla birlikdə mən də vaz geçdim tək sallanmaq fikrindən və 3 metr yüksəklikdən və günortanın 3-ündə 3 yaşlı oğlumla sallanırıq ürəyimiz dünyanın dərdlərindən daralanda. Həm də tək yox, birlikdə. Və mən anladım ki, tək başına çabalayanda heç nə alındırmaq olmur. Balaca qəhrəmanım mənə daha gözəl yol göstərdi".

Həyatımızı uşaqlarımızın gələcək travmalarının fəsadlarını nəzərə alaraq şəkilləndirmək lazımdır. Bəli, ola bilər ki, həyatımızda nə isə yolunda getməsin. Bu mümkündür, həyat davam etdikcə də bu belə olacaq. Ancaq yaşamaq qayəmiz problemlərin həllinə fokuslananda həyat daha yaşanılacaq yerə çevrilir. İndi hətta həsəd apardığımız hər kəsin həyatında da sizin probleminiz və ya onun daha çoxu vardır. Sadəcə, həmin insanlar mübarizə aparmağı seçir. Çözüm axtarır.

Siz də çarəsizlik hiss edəndə öncə özünüz çözüm axtarın, tapmağa çalışın. Amma gördünüz gücünüz tükənir, mütləq kimdənsə psixoloji dəstək almağa çalışın. Əmin olun, dərdi danışdıqca, yolunu elə məhz özünüz tapacaqsınız. Güvənə biləcəyiniz insanları həyatınızda daha əlçatan yerlərə qoyun. Söhbət etmək  çarə deyil bəlkə. Amma bir başlanğıcdır. Həm də gözəl bir başlanğıc...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2640
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar