Dünyanın 59 ölkəsində 2020-ci ilin martından indiyədək yeni növ koronavirus (COVID-19) infeksiyasından 600-dən çox jurnalist vəfat edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Cenevrədə yerləşən “Press Emblem Campaign” təşkilatı məlumat yayıb.
“Dünyada ötən ilin mart ayının əvvəlindən bəri COVID-19-dan 602 jurnalist ölüb. Bu ölümlərin yarısından çoxu – 303-ü Latın Amerikasında qeydə alınıb. Asiyada 145, Avropada 94, Şimali Amerikada 32, Afrikada isə 28 jurnalist koronavirusdan vəfat edib. Peşələri ilə əlaqədar jurnalistlər virusa qarşı xüsusilə həssasdırlar. Sərbəst çalışan jurnalistlər, fotoqraflar evdən işləyə bilmirlər”, - deyə bildirilib.
Qeyd olunub ki, ölüm sayına görə Peru (93 ölüm) birinci yerdədir. İkinci yerdə Braziliya (55 ölüm) gəlir. Hindistanda 53, Meksikada 45, Ekvadorda 42, Banqladeşdə 41, İtaliyada 37, ABŞ-da 31, Pakistanda 22, Türkiyədə 17, Böyük Britaniyada 13, Panamada 11, Boliviyada 9 jurnalist koronavirusdan ölüb. Əfqanıstan, Dominikan Respublikası, Nigeriya və Rusiyada bu rəqəm 8-dir.
Təşkilatdan onu da bildiriblər ki, həqiqi ölüm sayı bundan daha çox ola bilər, çünki bəzi ölkələrdə jurnalistlərin ölümü ilə bağlı ayrıca statistik məlumatlar verilmir.