Boynunuzun  ölçüsü   sağlamlıq risklərinə XƏBƏRDARLIQDIR
13 oktyabr 2025 14:41 (UTC +04:00)

Boynunuzun ölçüsü sağlamlıq risklərinə XƏBƏRDARLIQDIR

0

Alimlər xəbərdarlıq edirlər: sağlamlıq vəziyyətini qiymətləndirərkən yalnız çəkiyə deyil, boynun dairəsinə də diqqət yetirmək lazımdır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, çox böyük boyun ölçüsü diabet, yuxuda tənəffüs dayanması (apnoe) və ya ürək-damar xəstəlikləri riskindən xəbər verə bilər.

Niyə boyun ölçüsünə diqqət etmək lazımdır?

Əksər insanlar boyun dairəsini heç vaxt ölçməyiblər halbuki bu, səhvdir. Mütəxəssislərin fikrincə, bu sadə göstərici orqanizmin ümumi sağlamlıq vəziyyəti haqqında çox dəyərli məlumat verir. Yeni tədqiqatlar göstərib ki, boynun ölçüsü bəzən bədən kütləsi indeksi (BKİ) və ya bel-bud nisbətindən daha dəqiq şəkildə bədənin risklərini göstərə bilir.

Niyə BKİ həmişə dəqiq deyil

Adətən BKİ insanın çəki və boy nisbətinə əsasən hesablanır və fiziki vəziyyəti qiymətləndirmək üçün istifadə olunur. Lakin bu göstərici əzələ kütləsini və yağın bədəndə paylanmasını nəzərə almır. Məsələn, idmançılar çox vaxt “artıq çəkiyə malik” kimi qiymətləndirilə bilər, baxmayaraq ki, onların sağlamlıq vəziyyəti əladır.

Boyun ölçüsü və sağlamlıq riski arasındakı əlaqə

Kinqston Universitetindən Əhməd Əlbedivi və Nadine Vəhida bildirirlər ki, boynun dairəsi bədənin yuxarı hissəsindəki yağ miqdarını əks etdirir. Bu isə birbaşa olaraq ürək-damar sisteminin riskləri ilə əlaqəlidir. Alimlər qeyd ediblər ki, boynu qalın olan insanlarda bir neçə ciddi xəstəliyin inkişaf ehtimalı artır.

Harvard İctimai Sağlamlıq Məktəbinin tədqiqatı sübut edib ki, boynun ölçüsü BKİ-dən asılı olmayan genetik əsaslara malikdir. Bundan əlavə, Çilidə 2019-cu ildə 4600 nəfərin iştirakı ilə aparılan araşdırma göstərib ki, boynun dairəsi belin ölçüsünə alternativ klinik göstərici kimi istifadə oluna bilər.

Hansı xəstəliklər risk altındadır

Boynun böyük ölçüsü aşağıdakı xəstəliklərlə əlaqələndirilir:

hipertoniya (yüksək təzyiq);

işemik ürək xəstəliyi;

ürəkdə ritm pozğunluğu (fibrilasiya);

2-ci tip şəkərli diabet;

obstruktiv yuxu apnoesi (yuxuda nəfəsin dayanması).

Bəzi ilkin məlumatlara görə, bu göstərici həmçinin polikistoz yumurtalıq sindromu ilə də əlaqəli ola bilər, baxmayaraq ki, bu istiqamətdə daha çox araşdırma tələb olunur.

Riskli ölçülər və tövsiyələr

Framingham Heart Study (Framingham Ürək Araşdırması) nəticələrinə əsasən, təhlükəli hesab edilən göstəricilər bunlardır:

kişilərdə - 43 santimetrdən çox,

qadınlarda - 35,5 santimetrdən çox.

Tədqiqat göstərib ki, hətta boy, çəki, BKİ və bel ölçüsü nəzərə alındıqdan sonra belə, boynun dairəsi ilə ürək ritm pozğunluğu (fibrilasiya) arasındakı əlaqə qalır xüsusilə artıq çəkili insanlarda.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar