Başınızı yuyanda  etdiyiniz  4 SƏHV
05 mart 2025 15:47 (UTC +04:00)

Başınızı yuyanda etdiyiniz 4 SƏHV

Saçlarınızın sağlam və parlaq qalması üçün başınızı düzgün yumaq vacibdir. Londonlu bərbəri Ceyson Kolyer saç yuyarkən yol verilən ən böyük səhvləri açıqlayıb. O, yağlı, qırılan və ya həddindən artıq quru saçlardan xilas olmaq üçün bu səhvlərdən çəkinməyi məsləhət görür.

Lent.az xarici mediaya istinadla başınızı yuyarkən edilən səhvləri təqdim edir:

Səhv 1 - Şampunu iki dəfə tətbiq etmək

Kolyerin sözlərinə görə, bəzi hallarda ilk yuma baş dərisini təmizləmək, ikinci yuma isə nəmləndirmək üçün ola bilər. Lakin əgər saçlarınızı hər gün və ya hər iki gündən bir yuyursunuzsa, bunu etmək saçları qurudub daha kövrək hala sala bilər. Həddindən artıq yuma saçın təbii yağ balansını pozur.

Səhv 2 - Şampunu və ya kondisioneri yaxşı yaxalamamaq

Məşhur bərbərə görə, kondisioneri düzgün yaxalamamaq ən çox rast gəlinən səhvlərdən biridir. Xüsusilə boyun və ense nahiyəsində düzgün yaxalanmadıqda, saçlar tez yağlanır və ağır görünür. Bundan əlavə, əgər şampun da tam yuyulmasa, saç ucları zamanla quruyub qırılmağa başlayacaq və baş dərisində kəpək əmələ gələ bilər. Bu problemlərin qarşısını almaq üçün saçınızı isti, lakin qaynar olmayan su ilə tam yaxaladığınızdan əmin olun.

Səhv 3 - Yanlış kondisioner seçimi

Ceyson Kolyer məsləhət görür ki, saçlarınızı yuduqdan sonra, hələ yaş ikən, bir tutamını aşağı çəkin. Əgər saçınız rezin kimi elastikdirsə və tez əvvəlki formasına qayıdırsa, bu o deməkdir ki, saçınız sağlamdır və yalnız yüngül nəmləndirməyə ehtiyac duyur.

Əgər saçınız çəkildikdən sonra formasına qayıtmırsa, bu, saçın proteinə ehtiyacı olduğunu göstərir. Belə halda, protein tərkibli serum və maskalardan istifadə etmək tövsiyə olunur. Lakin proteini həddindən artıq istifadə etmək olmaz, çünki bu, saçları ağırlaşdırıb qırılmalara səbəb ola bilər.

Səhv 4 - Həddindən artıq sərt yuma

Yağlı saçları olan insanlar saç dərisini daha sərt masaj etməyə meyillidirlər. Lakin bu, saç tökülməsini artırır və dərinin daha çox yağ ifraz etməsinə səbəb ola bilər. Şampunu əllərinizlə yumşaq şəkildə saç diblərinə və uzunluğuna paylayın. Çox isti su istifadə etməyin, çünki bu, saç dərisini qurudub daha çox yağlanmaya səbəb ola bilər.

İlıq su saç sağlamlığı üçün ən uyğun seçimdir. Saçlarınızı düzgün şəkildə yumaq, onların uzun müddət sağlam və parlaq qalmasına kömək edir. Əsasən şampunu həddindən artıq istifadə etməmək, yaxşı yaxalamaq, saç tipinizə uyğun kondisioner seçmək və saç dərisini çox sərt ovuşdurmamaq vacibdir.

Bu məsləhətləri tətbiq etməklə saç sağlamlığınızı qoruya bilərsiniz. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162

Oxşar yazılar