Ərdoğandan İlham Əliyevə təbrik  MƏKTUBU
24 dekabr 2021 15:56 (UTC +04:00)

Ərdoğandan İlham Əliyevə təbrik MƏKTUBU

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Lent.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli Prezident, Əziz Qardaşım.

Zati-alinizi 60 yaşınızın tamam olması münasibətilə öz adımdan və millətim adından səmimi qəlbdən təbrik edir, Sizə dəyərli ailə üzvlərinizlə birlikdə cansağlığı, xoşbəxt və uzun ömür arzulayıram.

Qətiyyətli rəhbərliyiniz altında Can Azərbaycanın hər il yeni uğurlara imza atmasına şahid olmaqdan, qlobal miqyasda qazandığı nüfuzu və nail olduğu rifahı görməkdən böyük sevinc hissi keçirirəm. Qarabağın əvvəlcə işğaldan azad edilməsində, indi isə yenidən qurulması və bərpasında göstərdiyiniz əzm və qətiyyət Türkiyə tərəfindən böyük təqdirlə qarşılanır.

Sarsılmaz qardaşlıq bağları əsasında yaratdığımız, yüksək səviyyəli səfərlərlə inkişaf etdirdiyimiz əməkdaşlığımız sayəsində bölgəmizin mənzərəsini və gələcəyini müəyyənləşdirən bir çox ortaq layihələr reallaşdırmışıq və reallaşdırmaqda davam edəcəyik.

Ümummilli lider Heydər Əliyevdən bizlərə miras olan “bir millət, iki dövlət” prinsipinə söykənən, müttəfiqlik mərtəbəsinə yüksəltməyi qərarlaşdırdığımız əzmkarlığımızı hər bir sahədə daha da inkişaf etdirmək iradəmiz sarsılmazdır. Əzəli və əbədi qardaşlığımızın şərti olan qarşılıqlı dəstək və həmrəyliyimiz regionumuzda sülh, sabitlik və rifahın da təminatıdır.

Hörmətli Prezident, fürsətdən istifadə edərək Zati-alinizin doğum gününü bir daha təbrik edir, qardaş Azərbaycan xalqının xoş günləri və səadəti üçün ən səmimi diləklərimi çatdırıram".

# 1887
avatar

Oxşar yazılar