Şəkər tozu alanda bu qaydalara DİQQƏT EDİN
09 mart 2021 19:04 (UTC +04:00)

Şəkər tozu alanda bu qaydalara DİQQƏT EDİN

Gündəlik istifadə etdiyimiz əsas qida maddələrindən biri də şəkər tozudurŞəkər sinir sistemini gücləndirən, görmə, eşitmə qabiliyyətini və diqqəti artıran, eləcə də asanlıqla həzm olunan yüksək kalorili (375 kkal / 100 q) bir yeyinti məhsuludur. Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95 faizdən çox mənimsənilir. Sağlam insanın gündəlik qida rasionunda şəkərin miqdarı 60-80 qramdan çox olmamalıdır.

Bəs şəkər tozu alarkən nələrə diqqət etməliyik?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, şəkərin istehsalı üçün əsas xammal kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur. Dünya üzrə istehsal olunan şəkərin 45 %-i şəkər çuğundurundan, 55 %-i isə şəkər qamışından alınır. Yəni dünya üzrə 94-97 milyon ton şəkər istehsalının (xam şəkərə hesablandıqda) 56-60 milyon tonu şəkər qamışının, 36-38 milyon tonu isə şəkər çuğundurunun payına düşür.

Şəkər qаmışının gövdəsi şəkər istеhsаl еtmək üçün əsаs хаmmаl sayılır. Bu bitkinin tərkibindəki şəkərin miqdаrı şəkər çuğundurunа nisbətən аzdır. Şəkər çuğundurundan istеhsаl еdilən şəkər tozu əhаlinin bu məhsula оlаn tələbаtının ödənilməsində dаhа mühüm əhəmiyyətə malikdir. Bu xammal bir  çox texnoloji mərhələdən keçdikdən sonra şəkər halına düşür. Qeyd edək ki, 100 kq şəkər çuğundurunun еmаlındаn 12-15 kq şəkər alınır.

İstehlakçıların məhsulun keyfiyyətinin qiymətləndirilməsi üçün ilk növbədə  bir sıra amillərə diqqət yetirmələri tövsiyə olunur.

Şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görünüşünə, rənginə, dadına, iyinə və kənar qatışıqların olub-olmamasına görə müəyyən edilir. Belə ki, şəkər tozu quru, dənəvər olmaqla ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 mm olmalıdır. Rəngi ağ, sarımtıl, parıltılı olmalıdır. Dadı təmiz şirin olmaqla, kənar dad və iy verməməlidir. Keyfiyyətli şəkər tozu suda tam həll olmalı və çöküntü verməməlidir. Şəkər tozunda nəmin kütlə hissəsi 0.14 %-dən daha çox olmamalıdır. Quru maddə baxımından saxarozanın kütlə hissəsi isə 99,75 %-dən az olmamalıdır. Şəkər tozunda reduksiyaedici  maddələrin kütlə payı 0.05 %-dən daha çox təşkil etməməlidir.

Ümumiyyətlə, məhsulun toz şəkər və quru dənəvər formaları olur. Toz şəkər saxaroza kristallarından ibarətdir. Ölçüləri vahid, nizamlı formalı və parıldayan olmalıdır. Quru dənəvər şəkərin və onun sulu məhlulunun qoxusu yoxdur və suda tam həll olunur. Əgər suda həll etdikdən sonra suyun rəngi dəyişirsə, çöküntü yaranırsa, bu şəkər rafinasiya olunmamış, yəni saflaşdırılmamış (keyfiyyətsiz) məhsul sayılır.

Şəkər tozu nəmliyə məruz qalmamalı, düzgün temperaturda saxlanmalıdır.

Məhsulun keyfiyyətinin aşağı düşməsinə mal qonşuluğu prinsipinin pozulması da ciddi təsir edir. Mal qonşuluğu prinsipinin başlıca şərti qida məhsullarının fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə alıb, onları münasib şəraitdə saxlamaqdır. Belə ki, şəkər məhsulunu yaxşı havalandırılan, quru otaqlarda saxlamaq məqsədəuyğundur. Rəflərdə kimyəvi maddələr və digər qeyri-ərzaq məhsulları ilə birlikdə saxlanılmamalıdır.

Həmçinin kəskin qoxulu məhsullardan ayrı saxlanılması tövsiyə olunur.

Qida rasionumuzun əsasını təşkil edən məhsullardan olsa da, şəkərin normadan artıq qəbulu sağlamlığımız üçün təhlükəlidir. Təsadüfi deyil ki, şəkər tozunu “ağ ölüm” də adlandırırlar. Bir çox xəstəliklərin meydana gəlməsinə, xüsusilə də artıq çəki və diabetin yaranmasına səbəb olur. Eyni zamanda xroniki xəstəliklərə yol açır. Şəkərdən həddən artıq istifadə immun sistemini zəiflədir, nəticədə orqanizm xəstəliklərə qarşı mübarizədə müqavimətini itirir. Mütəxəssislər orqanizmin şəkərə olan tələbatını təbii qidalardan almağı tövsiyə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4134
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar