"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22 aprel 2024 13:40 (UTC +04:00)

"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...

Çoxdan eşitmişdim ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Leyli və Məcnun”  yeni quruluşda təqdim olunur. Vaxt tapıb gedə bilməmişdim. Dünən nəhayət ki, böyük Üzeyir musiqisinin sehrli aləminə daldım, 74 dəqiqə ərzində öz dünyamın qayğılarından qopub  xəyalən Ərəbistan çöllərinə getdim, gah Leyliyə yandım, gah Məcnuna, gah min ümid və zəhmətlə oğul böyüdüb onun gözlər önündə çarəsiz bir aşiqə, məcnuna dönüşünü izləyən ata-anaya... 

Bu ağrını öz canında hiss edib üzülməmək əldə deyil. Tamaşa boyu hiss edirdim ki, saçlarım başımda biz-biz durur, sanki səhnədə inildəyən öz balammış kimi ürəyim parça- parça olur. Öz-özümə pıçıldayıram: "Tarın sınsın, tar çalan, Leylini Məcnuna verə bilmədin..."

Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşada  yeni rejissor yorumu heyran edir. Rejissoru təbrik etmək olar. Bu dəfə Leyli Məcnunla yanaşı səhnədə onların ruhları da canlı obraz kimi təqdim olunur və yer alır. Onu da deyim ki, Leyli və Məcnunun cisimlərindən ( özlərindən) çox ruhlarının oyunu insanı valeh edir. Ruhlar daha çılğın, daha emosional, daha olqun, daha kamildir. Ruhların sevgisi ölümlü Leyli Məcnunun sevgisindən 10 qat, 100 qat daha çox hiss olunur, daha çox  inandırır. Balerinlər o qədər zərif plastika ilə bu sevgini, atəşi təqdim edirlər ki, deməklə yetməz, görmək lazımdır.

Səhnədə başdan sona qədər Füzuli obrazını görürük, o əslində həm də Məcnunun özüdür, öz taleyini qələmə alır, cəhənnəm əzabları içində qovrulur, hönkürür, inləyir. O, gah Leylinin atasına çevrilir, gah müəlliminə, gah dostuna. Amma daha çox Məcnundur o. Tamaşanın sonunda deyildiyi kimi onda Məcnundan füzun aşiqlik istedadı var, aşiqi sadiq odur, Məcnunun yalnız adı var. Füzuli obrazını gənc aktyor Səmədzadə Xasıyev böyük ustalıqla oynayıb.

Bu tamaşada hər zaman unutduğumuz bir personaja da diqqət çəkmək istərdim. İbn Səlama. Leyli- Məcnun elə bir əsərdir ki, onu hər yaşda bir fərqli görüb, fərqli düşünürsən. Və mən ömrümün artıq kamillik deyiləcək yaşına anladım ki, bu əsərdə qurbanlardan ən böyüyü, ən sadiqi, ən humanist aşiq əslində İbn Səlamdır. Öz dövrü üçün Leyli kimi adı eşqlə “qaralanmış”, alnı damğalı bir qızı evinə gəlin gətirib, onu Məcnunu sevdiyini bilə-bilə cəmiyyətin qınaqlarından qoruyur, sevir və toxunmağa belə cəsarət etmir, əslində onu da bu sevgi vərəmlədib öldürür. Di gəl,  nə halına yanan var, nə adını qurban olaraq çəkən.

Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış edirlər.

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırır. Onun tərəf-müqabili – Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimovadır. 
 Tamaşada Leylinin anası rolunu oynayan Gülnarə Abdullayevanın  sərt çıxışını nə qədər bəyənsəm də, Məcnunun anasının sönük oyunu bir o qədər məyus edir. Oğlu gözünün önündə şam kimi əriyən bir ata-ananın iztirablarını məncə  bu aktyorlar yetərli qədər təqdim edə bilmədilər. Bunun əvəzinə Füzuli hamımızı yandırmağı, ürəyimizin sarı tellərinə toxunmağı bacardı.

Kimin Məcnundan çox məcnun olduğunu görmək üçün bu tamaşaya baxmağa dəyər. Gedin. Həm Üzeyir musiqisinin sehrinə düşüb onu canlı- canlı dinləyin, həm də köhnə dastana yeni nəzərlərlə baxın. Mənəvi zövq və zənginlik qazanın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5229
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar