Musa Musayev
27 mart 2023 16:34 (UTC +04:00)

Musa Musayev

Musa Musayevin “porta-morta”sı - REPLİKA

Keçmişdə bizim kənddə heç kimin dini biliklərindən şübhə etmədiyi Məşədi Abdulla kişi varmış. Məhərrəm ayında kənd camaatı yığışarmış bunların evinə, kişi də köhnə cildli bir kitabı alıb əlinə ərəb dilində nəsə oxuyarmış. Yığışanlar da hönkür-hönkür ağlaşarmış. Bir gün bu kişinin şərqşünaslıq fakultəsini bitirmiş oğlu dədəsinin o ”ağlamalı” qara kitabını əlinə alıb baxır ki, kitab Bəhlul Danəndənin ərəb dilində yazılmış lətifələr kitabıdır. Kənddə ərəb dili bilən yox. Kəndin mollası da “Məşədi” statusuna güvənib, bildi-bilmədi oxuyurmuş. Camaat beləcə illərlə mərsiyə, “Quran” surələri əvəzinə anekdot dinləyib göz yaşı töküb.

Sözə çox uzaqdan başladım, bilirəm. Musa Musayevin oxuduğu bir ispan mahnısı yadıma həmin əhvalatı saldı. İspanların çox məşhur “Amor mio” mahnısı var. Bu mahnı 30 ildən çoxdur dünyada sevilir, bir çox ölkələrdə mahnının plagiatları yayılıb, onu hətta başqa dillərə tərcümə edib oxuyanlar da var. Məsələn Türkiyədə “Amor mio” Tarkan və Kibariyənin ifasında “Asla vazkeçəməm” olaraq oxunub və sevilib.

Musa Musayevin repertuarında bu mahnı uzun illərdir var. Elə uzun illərdir Musa Musayev bu mahnıdakı sözləri özü bildiyi kimi oxuyur. Məşədi Abdulla kimi porta-morta daha nə bilim nə deyə-deyə.

Bəlkə elə uydurduğu ispansayağı sözlər söyüşdür, təhqirdir, bilmirik. Hərçənd indi ispan dili bilənlər də az deyil, elə o bilənlər deyirlər ki, Musa Musayevin oxuduqlarının ispan diliylə heç bir əlaqəsi yoxdur. Eyni şəkildə bizim Azərbaycan mahnısını şikəst edib oxusaydılar, biz razı qalardıq? 

Musa Musayevin gitarada ifaçılığına, səsinə, ifa tərzinə sözüm yoxdur, amma uzun illərdir oxuyub, pullar qazandığı bir mahnını ən azından daha yaxşı öyrənə, səhv bilirdisə, yenidən yazdıra bilərdi. Bu şəkildə ifa tamaşaçıya və öz sənətinə hörmətsizlikdən başqa bir şey deyil.

# 11103
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar