Kinoteatrlarımızın proyektor dərdi- "Nizami" Kino Mərkəzindən Orxan Mərdana cavab
13 mart 2024 17:09 (UTC +04:00)

Kinoteatrlarımızın proyektor dərdi- "Nizami" Kino Mərkəzindən Orxan Mərdana cavab

Kinorejissor Orxan Mərdan Lent.az-a verdiyi müsahibəsində maraqlı bir məqama toxunub.

O bildirib ki, Nizami Kino Mərkəzi Azərbaycan filminin kino məbədidir, milyonlar ayrılıb, təmir olunub, hər şey var, amma film üçün vacib olan ən birinci, ən lazımlı aparat, proyektor yoxdur. 

“Bu biabırçılıqdır. Təsəvvür edin, xaricdən hansısa bir filmi götürüb gətirirəm Azərbaycana ki, ən böyük kinoteatrımızda, Nizami Kino Mərkəzində nümayiş etdirim. Kimə desən proyektor yoxdur, gülməkdən ölər. Kreslo qırıq ola bilər, ayaq altına salınan xalılar köhnələ bilər, amma kinoteatrda proyektor yoxdur söhbəti olmaz. Rayonlarda çoxlu mədəniyyət mərkəzləri açıblar. Müasirdir, hər şey var. Amma qapısını bağlayıblar və onların da içində proyektor yoxdur. Kinoteatr olmağın təməli proyektordur”- o bildirib.

Sözügedən proyektorlar xüsusi yeni qurğulardır, onlarda təqdim edilən filmləri kopyalamaq, oğurlamaq olmur, onlar kodlaşdırılmış faylı göstərirlər. Xarici filmləri ölkəyə gətirəndə kinoteatr qarşısında qoyulan əsas şərt məhz bu proyektorun olmasıdır.

Məsələni araşdırmaq üçün Nizami Kino Mərkəzinə zəng vurduq. Mərkəzin direktor müavini Arzu Əhədova  Lent.az-a bildirdi ki, mərkəzin 4 zalı var və hər zalın da öz proyektoru var:

“Orxan Mərdanın nəzərdə tutduğu proyektorların 50 min avrodan çox qiyməti var. “Yoxdur” demək düzgün olmazdı. Bizdə o qurğu var. Amma  nasazdır. Bu barədə Mədəniyyət Nazirliyinə məlumat vermişik. Digər proyektorun isə 1500 saat işləmə müddəti var. O müddət bitib. Onun üçün Rusiyadan lampa sifariş vermişik. Ona görə Orxan Mərdan özü kirayə aparat gətirib filminin nümayişini keçirdi. Bizim Orxan bəylə münasibətlərimiz normaldır, hazırda onun filmi mərkəzimizdə nümayiş etdirilir. Bilirik ki, Orxan bəy ümumi işin xeyrinə fikir bildirib. Zaman içərisində texniki qurğularda nasazlıq yaranması halları təbiidir. Yəni iş gedirsə, bu da olacaq. Problemin aradan qaldırılması üçün işlər görülür ”.

Dövlət kino sahəsinin inkişafı üçün yetərli qədər qayğı, dəstək göstərir. Orxan Mərdan həm də rayonlarımızda kinoteatrların işləməməsindən giley- güzar edib. Bütün rayonlarda kino mərkəzləri yaradılıb, lazımi avadanlıqlarla təmin olunub. Amma  demək olar ki, hamısının qapısı bağlıdır. Avadanlıq köhnəlməsin, nasazlamasın deyə, dəyib toxunmurlar. Bu ona bənzəyir ki, ayaqqabın var, amma köhnəlməsin deyə ayaqyalın gəzirsən. Məşhur filmimizdə deyildiyi kimi, bu kinodur, burda nə edərlər? Baxarlar. Baxmaq üçün avadanlıq tələblərə cavab vermirsə, deməli işə məsuliyyətsiz yanaşma var. Orxan Mərdan uzun illərdir bu işin içində olan adamdır, peşəkardır, nəyisə deyirsə, yəqin boş yerə demir. Kinoteatrın nəyi olmasa da, proyektoru mütləq olmalıdır. O ki, qaldı bu qurğuların hansı keyfiyyətdə olmasına, texnoloji yeniliklərin həyatımıza bu dərəcə sürətlə girdiyi bir dövrdə onlar da müasir tələblərə cavab verməlidirlər. 5 il öncə alınıb şkaflarda "qəttəzə" saxlanılan aparatlar artıq lazımsız inventara dönür.

# 3549
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar