Niyə uşaqlar oxumağı sevmir?  Hətta inkişaf etmiş ailələrin də buraxdığı SƏHV
09 iyul 2025 13:01 (UTC +04:00)

Niyə uşaqlar oxumağı sevmir? Hətta inkişaf etmiş ailələrin də buraxdığı SƏHV

Siz uşağınıza körpəlikdən kitab oxuyursunuz, onu kitablarla əhatə edirsiniz, kitabxanaya yazdırırsınız – amma o, “hərflər” sözünü eşidəndə üzünü turşudur.

Bəs problem nədir? Məlum olur ki, səbəb nə telefonlardadır, nə də tənbəllikdə. Məsələ ondadır ki, siz (bəli, məhz siz!) oxumağı, cəzaya çevirmisiniz.

Lent.az bununla bağlı əsas məqamları təqdim edir:

Absurd səslənir? İndi izah edək

Bir düşünün: uşaq nadinclik edəndə deyirsiniz: “Əgər sakitləşməsən – cizgi filmi əvəzinə kitab oxuyacaqsan!” Və ya: “Fəsli bitirməyincə bayıra çıxmaq yoxdur”. Uşağın beyni oxumağı neqativlə əlaqələndirir. Onun üçün bu, bir macəra deyil, döşəmə silmək kimi məcburi bir işdir. Hətta siz belə deməsəniz də, məktəb bu prosesi tamamlayır: “Oxu, nəql et, suallara cavab ver”.

Kitablar “məcburi proqramın” bir hissəsinə çevrilir, sevinc mənbəyi olmur. İkinci səhv – “doğru” kitabları təkid etməkdir. “Harri Potter boş şeydir, bizim dövrümüzdə əsl qəhrəmanlar var idi".

Amma uşağın sizin ideallarınıza marağı yoxdur. Əgər o, canavarlar haqqında komiksləri sevirsə,  alın ona. Qoy nə istəsə onu oxusun, hətta taxıl qabının üzərindəki yazıları. Əsas odur ki, oxuma prosesi azadlıqla assosiasiya olunsun, borcla yox.

Bəs bu vəziyyəti necə düzəltmək olar?

Elə rituallar yaradın ki, oxumaq zövqə çevrilsin, dərsə yox. Məsələn, axşam işığı söndürün, fənəri yandırın və bir-birinizə pıçıltı ilə “qorxulu nağıllar” oxuyun.

Və ya belə təklif edin: “Gəl, birinci fəsli mən oxuyum, əgər istəməsən – buraxarıq". Çox güman ki, uşaq davamını istəyəcək.

Daha bir üsul – kitabı “unutmaq”. Uşaqlar “olmaz” deyilən şeyləri sevir. Odur ki, masanın üstündə “təsadüfən” qoyulmuş maraqlı üzlü bir kitab maqnit təsiri göstərə bilər.

Və unutmayın: uşaq kitabları yalnız o zaman sevəcək ki, sizin də onları həvəslə oxuduğunuzu görsün. Yəni, “mecburiyyət” yox, həqiqi maraq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar