Amerikalı psixoloq Mark Trevers münasibətlərdə həqiqətən etibarlı və dəstəkçi tərəfdaşın üç əsas əlamətini sadalayıb.
Onun sözlərinə görə, etibarlı olmaq partnyorun ünsiyyət tərzində özünü göstərir. Belə münasibətdə tərəfdaşın beynində qorxuya, şübhəyə və inamsızlığa yer qalmır, əksinə təhlükəsizlik, sakitlik və əminlik hissi yaranır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloqun sözlərinə görə dəstək həm emosional, həm də rasional səviyyədə özünü göstərir və bu, insana hər şeyin yaxşı olacağına inanmağa kömək edir.
Etibarlı tərəfdaşın üç əsas əlaməti
1. O, xəbərləri sizin soruşmağınızı gözləmədən bölüşür
2022-ci ildə aparılmış araşdırmada 110 cütlük iki həftə müşahidə olunub. Nəticədə məlum olub ki, narahat tipli bağlanmaya malik insanlar özlərini təhlükəsiz hiss etmək üçün daim təsdiq axtarır. Qaçınan tipli insanlar isə bunu az tələb edirlər, baxmayaraq ki, ehtiyacları olur. Etibarlı tərəfdaş isə heç bir halda sizi qeyri-müəyyənlikdə qoymur. O, özü vacib xəbərləri bölüşür: gecikibsə, zəngə cavab verə bilməyibsə və ya çətin gün keçirirsə, bunu gizlətmir.
2. O, proqnozlaşdırılandır və diqqətlidir
Etibarlı insan ardıcıllığı ilə seçilir. Ən sürətli etimad orada formalaşır ki, sözlər əmələ uyğun gəlir. Münasibətlərdə gözlənilməzlik olmadıqda, tərəfdaşda sabitlik və güvən hissi yaranır. Tamamilə proqnozlaşdırılan münasibətlər mövcud olmasa da, şüurlu yanaşma və diqqətlilik münasibətlərin keyfiyyətini artırır. “İndi və buradakı anı” dərk edən insanlar ayrı-ayrı pis günlərə görə münasibətləri az dəyərsizləşdirirlər.
3. O, münaqişələr barədə açıq danışır
Etibarlı tərəfdaş problemi hiss edir, onu görməməzlikdən gəlmir və mövzunu yumşaq şəkildə qaldırır. O, münaqişədən qaçmır, “süpürgə altına gizlətmir”, əksinə açıq danışaraq çətinlikləri həll etməyə çalışır. 2025-ci ildəki araşdırma göstərib ki, münaqişələrin ən səmərəli həlli yolu açıq müzakirə, kompromis axtarışı və yaxınlığın dərinləşdirilməsidir. Problemlərdən qaçmaq isə ən səmərəsiz strategiya sayılıb.